Cəmiyyət

"Səma xəstəliyi"nə tutulan adam - Hobbi - FOTO

12 Oktyabr 2018 22:52
0 Şərh     Baxış: 719

Fuad Tağıyev: "Hər şey 50 saniyənin içində baş verir" 

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyir ki, paraşütdən tullanmaqla bağlı, insanlar iki kateqoriyaya ayrılırlar. Biri var "həyatımda bunu da etdim" demək üçün tullananlar, biri də var, dəlicəsinə bunu sevənlər. O,  bəlkə də ilk dəfə, birinci kateqoriyaya daxil olmaq üçün bunu edib, amma indi ikincilərdəndir, bu işi dəlicəsinə sevir. Müsahibimiz Fuad Tağıyevin peşəsi data analitika, hobbisi paraşütdən tullanmaqdır.

- Bu yaxınlarda bir xanım dostumuz məndən paraşütlə tullanıb-tullanmadığımı soruşdu, "yox" cavabı verdim, "sən heç yaşamayıbsan ki" dedi. Sizin yazınızda "bu idman növünə necə xəstələnmişiksə" deyə bir cümlə var idi. Necə bir idman növüdür, bu?

- Leonardo da Vinçinin belə bir sözü var: "Bir dəfə uçubsansa, sən həmişə uçacaqsan". Paraşütlə tullanış etdiyimiz yer "drop zona" adlanır, biz ora daxil olanda sağlamlıq cəhətdən yoxlayırlar. Və bu zaman həmişə sual verirlər ki, xəstələnibsən? Deyirsən ki, yox xəstələnməmişəm. Deyir ki, yox xəstələnibsən. Deyirsən ki, nə xəstəlik? Deyir ki, sən artıq səma xəstəliyinə tutulubsan. Bir dəfə tullandınsa, bunu mütləq təkrarlamaq istəyəcəksən.

Ümumiyyətlə, paraşütdən tullanmaqla bağlı, insanlar iki kateqoriyaya ayrılırlar. Biri var "həyatımda bunu da etdim" demək üçün tullananlar, biri də var dəlicəsinə bunu sevənlər. Birinci dəfə tandem tullanışı olur, tandem tullanışından sonra artıq bunu tək etmək istəyirsən. Tək tullanmaq istəyirsən ki, onun ləzzətini daha çox alasan. Tandem tullanışı tək olmur, təlimatçı səni özünə bağlayır, onunla tullanırsan.

- Bəs, bu idman növü ilə neçə ildir tanışsınız?

- Mən ekstremallığa həmişə meyilli olmuşam. Daha dəqiq desək, ağlıma nəsə gəlirsə və bununla məşğul olmaq istəyirəmsə, çalışıram sonraya saxlamayım. 3-4 il öncə Balakəndə paraşütlə tullanış yeri var idi. Qrup halında getmişdik, çox xoşuma gəlmişdi. Bu, hardasa 27-28 yaşıma təsadüf edib. Amma sonra Balakəndəki həmin yer fəaliyyətini dayandırdı, bunun üçün Rusiyaya gedirik.
 
- Sonra "28-ə qədər yaşamamışam" dediniz heç?

- Yox, deməmişəm, çünki onda da yaşamışam (gülür). Amma bunun yeri başqadır. Dediyim kimi, biz həmişə 3 dost birgə gedirik. Mənim məzuniyyətim tez bitir deyə, tullanışdan sonra qayıdıram, onlar Avropa turuna çıxırlar. Deyirlər ki, paraşütlə tullanandan sonra Avropa turu maraqsız gəlir. Adamlar deyirlər ki, uzanmışıq - dəniz, içki, əyləncə, istirahət üçün nə istəyirsən var, amma oturub paraşütdən tullanma videolarına baxırdıq. O istirahətin yerini heç nə vermir, tamamilə fərqli bir şeydir.

- 50-55 saniyə uçmaq şansı olur. Bu zaman kəsiyindən danışaq...

- Çox sürətlə yerə gəlirsən, çəkindən asılı olaraq sürəti saatda 180-220 km arası yığırsan. 200-lə gedən maşından başını çölə çıxartdığını təsəvvür et, o effekt nədirsə, göydə də onu yaşayırsan. 1 saniyəyə 50 metr düşürsən. Ümumiyyətlə, tullanış 4 kilometr yüksəklikdən edilir, təlim vaxtı 1600 metr hündürlüyə çatdıqda paraşütü açmalısan. Daha sonra bu hündürlük 1200 metr olur. Birinci tullanışda sürətin, zamanın nə olduğunu hiss etmirsən. Hər şey 50 saniyənin içində baş verir. Amma sonradan hər saniyənin zövqünü çıxarmağa başlayırsan. Biz adi işıqforda dayanırıq, 50 saniyə gedir və bu vaxtın necə keçdiyinin fərqinə varmırıq. Amma paraşütlə tullandığın 50 saniyə ömür boyu danışacağın bir ana çevrilir. Sən onda zamanın nə olduğunu, 50 saniyənin dəyərini anlayırsan. Hər növbəti tullanışda o saniyələr səndə başqa cür təəssürat yaradır. Beyin daha aktiv işləməyə başlayır. 50-55 saniyəlik zaman içində yerə düşəndən sonra  danışmağa o qədər mövzu olur ki.
 
- Sizdə tullanış sayı nə qədərdir?

- Hələ ki, 14 olub. Bu, təbii ki, azdır, 15-19 min tullanışı olanlar var. Qızlar gəlirlər, 700-800 tullanışları olur.
 
-  Tullanış ödənişli olur, məbləğ də az olmaz. Demək ki, o maliyyəni xərcləməyə dəyir...

- Məncə, dəyir. 9 ay işləyib yığdıqları pulu buna xərcləyənlər var. Biz Moskvada fransız müəllimlərlə tanış olduq, dedilər ki, 9 ay işləyib pul yığırıq, gəlib 3 ay ərzində o pulu tullanışa xərcləyirik. Biz birinci dəfə gedəndə azərbaycanlılara xas olaraq daha yaxşı otel tutmaq, lüks yerdə qalmaq istəyirdik. Getdik gördük ki, camaat tullanış etmək üçün çadırda qalır, ucuz yeməklər yeyir. Fikirləşirsən ki, bahalı otelə verdiyim pula iki dəfə tullanış edə bilərəm. Professional tullanış edəndə, qiymət daha münasib olur. Özünün paraşütün olur, təlim məqsədi ilə imtahan vermirsən, iki təlimatçını da özünlə aparmırsan.

- Son vəsaitinizi xərclədiyiniz olur?

- Elə son vəsaitimizi xərcləyib qayıdırıq.

- Yəqin ki, qorxu olmamış olmaz...

- Birinci dəfə tullananda, ola bilsin ki, göydə qorxu yaransın, amma yerə düşəndə qorxu hissini ləzzət əvəz edir. Necə də olmasa, bu, əyləncədir. Biz ora istirahət üçün gedirik. Birinci tullanışda bunu bir az başa düşmürsən, deyirsən ki, Ay Allah, mən nə etdim... Nəyə lazımdır, bütün bunlar? Amma sonra keçib gedir. Öz bloqumda bu haqda ətraflı yazmağa çalışmışam.
 
- Təhlükəli tərəfləri nə dərəcədədir?

- Çox adam soruşur ki, paraşütlə tullanmada ölüm riski nə dərəcədə böyükdür? Deməli, 19 700 tullanışı olan bir adam öldü, amma avtoqəzada. Biz, nədənsə, maşına minəndə ölməyi fikirləşmirik, paraşüt məsələsində isə düşünürük. Düzdür, ölüm halları var, lakin bu, daha çox yarışlarda olur. Yarışlar belədir ki, havada fərqli hərəkətlər göstərirlər, yerə enəndə gözəl görünməsi üçün hərəsi bir formada düşməyə çalışırlar. Yarışlarda iştirak edənlər göydə bir-birinə çox yaxın olurlar, sonra dağılışanda biri o birinin üstündə olur. Aşağıdakı yuxarıdakını görmür deyə, paraşütünü açır, yuxarıdakı da aşağıdakına fikir vermir deyə, onunla bir istiqamətdə uçur. Aşağıdakının paraşütü də yuxarıdakına dolanır deyə, yerə bir gəlirlər. Təhlükə belə hallarda daha çox olur. Axırıncı dəfə ayağın sınmasını, onurğanın zədələnməsini, diz qapaqlarının çevrilməsi hallarını da gördük. Bunlar professional idmançıların tullanışlarında baş verir. Əgər sən tək tullanırsansa, heç kimlə yarışmırsansa, bu tip hadisələrdən uzaqsan. 

- Qeyd etdiniz ki, ekstremallığı sevirsiniz. Maraq dairənizdə paraşütlə tullanmadan başqa nə var?

- Paraşütlə tullanmaqdan, motosiklet sürməkdən zövq alıram. Ekstremallıq söhbətini bir az başa düşmürəm. İnsan nədən zövq alırsa, onunla məşğul olmalıdır. Məsələn, dulusçuluqla birinci dəfə məşğul olanda, bilməzdim ki, bu qədər zövqvericidir. Bilirsiniz, bizdə hamı bu kimi şeyləri filmlərdə görəndə etmək istəyir, amma istək müvəqqətidir, baxdın, keçdi. Ağlına gələn kimi axtar tap, sifariş et. Növbəti gün mütləq gedəcəksən. Anında qərar vermək lazımdır.

- Motosikletlə rayonları gəzirsiniz...

- Dünyada belədir ki, motosiklet sürənlər turlar edirlər. Mən də Azərbaycanın rayonlarını motosikletimlə gəzmək fikrinə düşmüşəm. Və gəzirəm də. Artıq bir çox rayonlarda olmuşam. Axırıncı dəfə iki həftə öncə Nabranda motofestivala getdim. Həmin ərəfədə də Xızı, Altıağac, Quba, Qusar, Xaçmaz və s. rayonlardan keçdim. O yolları maşınla həmişə keçmişik, amma motosikletlə gedəndə dağların gözəlliyini daha yaxşı duyur, özünü təbiətin bir hissəsi kimi hiss edirsən. Maşın elədir ki, saxlayan kimi təbiətə qovuşmursan, amma motosikleti saxlayan kimi ayağını yerə basırsan, göydə başının üzərindən uçan quşları görə bilirsən. Tam fərqli hisslərdir.
 
- Motosikletlə səyahətlə bağlı yazdığınız hissədə tək gəzməyi sevdiyinizi vurğulayıbsınız. Tək niyə?

- Rejimimiz elədir ki, səhər işə gedirik, ordan çıxıb dostlarla görüşürük, axşam da ailə ilə. Həmişə kimlərləsə söhbət edirsən. Ümumi götürəndə, bir il ərzində heç vaxt özümüzlə danışmağa vaxt ayırmırıq. Buna da zaman ayırmaq lazımdır. Maşınla gəzəndə mütləq kimisə özünə qoşursan, ya kimsə sənə qoşulur. Motosikletlə isə tək gedirsən, gözəl hissdir. Düşünürəm, hər insan özünə, özü ilə keçirəcək vaxt ayırmalıdır.

- Motosikletə nə vaxtdan maraq göstərirsiniz?

- 3 ilə keçib.

- Həm də təəssüratlarınızı bloqunuzda (www.tfuad.com) yazırsınız, maraqlı da alınır.

- Bir məqam gəldi ki, bloq açmaq fikrinə düşdüm. Düzü, texniki sahədə çalışdığım üçün, yazı-pozudan bir az uzaq adam olduğumu da deyə bilərəm. Bir çox bloqlara, yazılara da baxdım, sonra fikirləşdim ki, necə düşünürəmsə, elə də yazacağam. Motosiklet üçün telefon qabı aldım. Hərəkətdə olarkən motosikleti saxlamadan telefonun diktofonunu qoşub hisslərimi səsli olaraq qeyd edirəm, sonra da vaxt olan kimi onları yazı halına salıram.

Və, onu da deyim ki, bloqdakı yazıları əvvəl dost-tanışlara oxuyur, özümlə həmfikir adamlarla bölüşürəm. Onlar oxuyub fikirlərini deyirlər. Bəzən deyirlər ki, filan hissə darıxdırıcıdır, dəyişirəm. Təzədən işlədiyim yazılar da olur. Yazıları hamı oxusun deyə paylaşmıram, sadəcə, yazıram ki, bloqu açıb oxuyanda keçirdiyim hissləri yadıma salım. Kimlərsə də oxuyub faydalanırsa, nə xoş mənə.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.