Cəmiyyət

"Qubalı Miçurin" bağında 25 ton yapon alması yetişdirib - VİDEO - FOTO

10 Oktyabr 2018 21:18
1 Şərh     Baxış: 1 423

Bağında Yaponiyadan gətirilən alma sortları becərən qubalı bağban Ramiz Kərimov bu il təsərrüfatından 25 ton məhsul əldə edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bağı rayonun Birinci Nügədi kəndində olan sahibkar 12 ildir yapon alma sortları becərir.

Ömrünün 50 ilindən çoxunu bağçılıqla məşğul olan Ramiz Kərimovun bir hektara yaxın meyvə bağında 900-dək yeni sort alma ağacı var. Bu alma ağaclarının əksəriyyəti Yaponiyanın Yamanaşi bölgəsindən gətirilən "Fuci", "Sakuray" və "Ramzes" sortlarıdır. Təsərrüfatçı bu il yapon alma sortlarından bol məhsul əldə edib.

"Yapon alması dünyada ən bahalı almalardan sayılır. Azərbaycanda bu almaların qiyməti yerli məhsulun qiymətindən fərqlidir. Digər almaların kilosu bir manatdan aşağı olsa da mən yapon almasının kiloqramını 1,5-2 manata satıram. Müştəri sarıdan da korluq çəkmirəm. Bu almaları almaq istəyən çoxdur. Çox dadlı almadır. Ətirli və şirəlidir. Soyuducu anbara qoyulmadan da mart-aprel aylarınadək xarab olmadan qalır", - deyə təcrübəli bağban deyib.

2006-cı ildən yaponiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparan Ramiz Kərimov uzaq şərq ölkəsində becərilən məhsuldar alma sortlarının tinglərini əldə edib. Həmin tingləri bağında əkərək calaq vasitəsilə çoxaldan bağban yetişən məhsulun yerli almalardan xeyli fərqləndiyinin şahidi olub. Qubanın hava şəraitinə tamamilə uyğunlaşan alma həm dadına, həm də məhsuldarlığına görə yerli meyvələrdən fərqlənir. Bununla yanaşı, yapon alma sortları xəstəliklərə qarşı daha davamlıdır.

"Məndən gəlib bu alma sortunun tinglərini istəyirlər. Hamıya verirəm ki, qoy yayılsın. Dözümlü ağacdır. Alma bağına yalnız üzvi gübrələr verirəm. Dərmanlamanı da yapon mütəxəssislərin təklif etdiyi xüsusi üsulla həyata keçirirəm. Yapon alma sortları ilə yanaşı, oradan gətirilən şaftalı və tərəvəz sortlarını da yetişdirirəm",- deyə R.Kərimov bildirib.

Bağban meyvə bağları salarkən daim mütərəqqi üsullardan istifadə edir. Yaponiyalı mütəxəssislər də Ramiz Kərimovun qonağı olur və təsərrüfatçı ilə təcrübə mübadiləsi aparırlar.

Qocaman bağban calaq vasitəsilə yeni alma sortları da əldə etməyə çalışır. Məhz bu xüsusiyyətlərinə görə də həmyerliləri Ramiz Kərimovu "qubalı Miçurin" deyə çağırırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qubalı bağban bu il 25 ton yapon alması yetişdirib

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Ida · 10 Oktyabr 21:5600

    Xeyirli olsun.Yadima "Alma almaya benzer"filmindeki Mehdi (Fazil Salayev) ve yasli baba(Huseynaga Sadiqov) dusdu.Axi onlar da yeni alma novu-toxumsuz alma yetisdirmisdiler).

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.