Cəmiyyət

Qaxın təbiət abidələri: Mamırlı şəlalə görənləri valeh edir - FOTOREPORTAJ - VİDEO

3 Sentyabr 2018 01:30
0 Şərh     Baxış: 5 177
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mamırlı şəlaləsini görmək üçün yay aylarında bura hər gün yüzlərlə turist gəlir

Respublikamızın dilbər guşələrindən olan Qax rayonu əsrarəngiz təbiəti ilə yanaşı, zəngin yeraltı və yerüstü sərvətləri, şəfaverici bulaqları, termal suları, füsunkar şəlalələri ilə də tanınır. Rayon ərazisində nadir gözəlliyi ilə seçilən, fərqli ölçüdə və hündürlükdə 10-dək şəlalə mövcuddur. Belə şəlalələrdən biri də Ləkit kəndində, sıx meşənin dərinliyində, Ləkit çayının yatağının sağ sahilində yerləşən Mamırlı şəlalədir. Qayalardan yüzillər boyu süzülərək axan su şəlalənin ərazisində yaşıl mamırın bitməsinə səbəb olub. Mamır qayaları elə örtüb ki, sanki üzərinə yaşıl xalı sərilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Mamırlı şəlalənin yerləşdiyi Ləkit kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Kəndin yaxınlığında yerləşən V əsrə aid Dairəvi məbəd və VI-VII əsrlərə aid Yeddi kilsə monastr kompleksi tarixilik baxımından xüsusi əhəmiyyət kəsb edir. Qafqaz Albaniyasının zəngin tarixi-mədəni irsini özündə əks etdirən bu abidələr milli yaddaşımızın tərkib hissəsidir.

Ləkit kəndi Qax rayonunun şimal-qərbində, Qax şəhərindən 16 kilometr aralıda, dağətəyi ərazidə yerləşir. Bəzi tədqiqatçılara görə, "Ləkit" coğrafi adı Qafqaz Albaniyasında yaşamış qədim lək tayfasının adından götürülüb.

Kəndin ərazisində yerləşən qədim tarixi abidələr, həmçinin bənzərsiz gözəlliyi ilə seçilən şəlalə son illər rayona gələn turistlərin də böyük marağına səbəb olub. Xüsusilə yay aylarında bu nadir şəlaləni görmək üçün hər gün bura yüzlərlə turist gəlir.

Kəndin yuxarı hissəsindən Mamırlı şəlaləyə getmək 15-20 dəqiqə vaxt aparır. Yolu azmamaq üçün kənddən olan bələdçilər turistlərə öz xidmətlərini təklif edirlər. Bunun üçün az miqdarda vəsait ödəmək lazım gəlir. Avtomobillə yalnız müəyyən məsafəyədək getmək mümkündür. Yolun qalan hissəsini isə dağ cığırı ilə piyada getmək lazım gələcək. Avtomobillərin saxlanması üçün yerli sakinlər tərəfindən dağın ətəyində müəyyən guşələr yaradılıb. Burada ailəvi istirahət etmək də mümkündür. Kənd sakinlərindən münasib qiymətə ekoloji cəhətdən təmiz bal, mürəbbə, doşab və digər məhsullar da almaq olar.

Ensiz dağ yolu ilə şəlaləyə qalxmaq insana xüsusi zövq verir. Sanki möcüzəli bir aləmə düşmüsən. Hər tərəf yaşıllıqdır. Dağ çayının üzərindəki körpünü xatırladan iri daşların, ağac kötüklərinin üzərindən keçərkən diqqətli olmaq lazımdır. Çünki istənilən an sürüşüb suya düşə bilərsən. Qorxmağa isə ehtiyac yoxdur, çünki su dayazdır, yalnız islanacaqsan.

Budur, artıq uzaqdan şəlalənin səsi gəlir. Yaxınlaşdıqca gözlərinin önündə cənnəti xatırladan aləm canlanır. Qarşına çıxan məlumat lövhəsində Mamırlı şəlalənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il tarixli 5 avqust qərarı ilə Qax Təbiət Abidəsi kimi qeydiyyata alındığı və dövlət tərəfindən mühafizə olunduğu qeyd edilib.

Şəlalənin eni 30, hündürlüyü isə 7-8 metrdir. Qayalardan süzülüb gələn suyun şırıltısı, ətrafa sıçrayan su damcıları insana xoş əhval-ruhiyyə bəxş edir. Bura gələn turistlər şəlalənin altında, qayalıqların üzərində şəkil çəkdirməyi çox xoşlayırlar.

Mikayıl İsmayılov ailəsi ilə birlikdə bura Bakı şəhərindən gəlib. Qax rayonunda ilk dəfə olduqlarını, rayonun təbiətinə heyran qaldıqlarını bildirən paytaxt sakini AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində deyib: "İlisu kəndində istirahət edərkən Ləkitdəki Mamırlı şəlalə barədə eşitdik. Çox təriflədilər, tərəddüd etmədən bura gəldik. Doğrudan da buralar çox tərifəlayiqdir, istirahətə, gəzməyə dəyər. Mən Azərbaycanın çox yerində olmuşam. Buranın təbiəti gözəl olduğu kimi, insanları da canayaxın, qonaqpərvər, istiqanlıdırlar. Bundan sonra hər il qısa müddətə olsa da, bu yerlərdə dincəlməyi düşünürəm".

Yerli turistlərlə yanaşı, rayona gələn xaricilər də Mamırlı şəlaləni görməyə böyük maraq göstərirlər. Kazma Moulzev Qax rayonuna ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən gəlib. Dubaylı turist AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycanın turistlər üçün çox cəlbedici ölkə olduğunu, Qaxın təbiət gözəlliklərinə heyran qaldığını bildirib.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Mahir Əfəndi ilə söhbət zamanı məlum oldu ki, rayonun istirahət mərkəzlərində dincələn yerli və xarici turistlər son dövrlər İlisu kəndindəki tarixi məkanlarla yanaşı, Ləkit kəndində yerləşən alban abidələrini və Mamırlı şəlaləni də ziyarət etməyi çox xoşlayırlar. Xüsusilə Qax-Zaqatala avtomobil yolu yenidən qurulduqdan sonra Ləkit kəndinə gələn turistlərin sayında xeyli artım müşahidə olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Qaxın təbiət abidələri: Mamırlı şəlaləsi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.