Cəmiyyət

Yeni tikilən binalarda mənzil alan vətəndaşlar balkon sahəsinin cəmi 30%-nə görə ödəniş etməlidirlər

14 Avqust 2018 12:32
Baxış: 4 015
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son dövrlərdə Azərbaycanda aparılan uğurlu xarici və daxili siyasət nəticəsində əldə edilən nailiyyətlər, tikinti sahəsində özünü xüsusilə qabarıq şəkildə biruzə verməkdədir. Bu inkişaf hər bir ölkə vətəndaşının ürəyincə olmaqla yanaşı, ölkəmizə gələn xarici vətəndaşları da yaxşı mənada təəccübləndirərək, hər birimizdə qurur hissi yaradır. Tikinti və şəhərsalma sahəsində əldə edilən sürətli inkişafa daha da rəvac verən isə bu sahədə son dövrlərdə qanunvericilik sahəsində aparılan uğurlu islahatların səbəb olduğunu desək, yəqin ki, yanılmarıq.

Təkcə onu qeyd etmək lazımdır ki, 2012-ci ildə qəbul edilmiş yeni Şəhərsalma və Tikinti Məcəlləsi bu sahədə olan bir sıra bürokratik əngəlləri aradan qaldırıb, insanların qeyd edilən sahələrdəki ehtiyacının ödənilməsində nəzərəçarpacaq irəliləyişlər əldə edilib.

Geniş sferaları özündə ehtiva edən bu Məcəllənin bir məqamına xüsusi diqqət yetirilməsinə artıq bir zərurət yaranıb. Məcəllənin 59-cu maddəsinin 1-ci bəndində göstərilir ki, "Tikinti obyektinin sahәsinin vә hәcminin hesablanması qaydaları bu maddәnin tәlәblәri nәzәrә alınmaqla müvafiq icra hakimiyyәti orqanı tәrәfindәn müәyyәn edilir".

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə həmin Qaydaların hazırlanması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Komitə isə öz növbəsində Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli Qərarı ilə "Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları"nı təsdiq edərək, qüvvəyə mindirib. Bu Qaydalar Ədliyyə Nazirliyində qeydiyyatdan keçdiyi üçün hüquqi-normativ akt kimi ölkə ərazisində istənilən hüquqi və fiziki şəxslər üçün məcburi xarakter alıb. Qaydaların, binanın tərkib hissələrinin sahəsi barədə olan maddəsinin, mənzil əldə edən vətəndaşlar üçün xüsusi maraq kəsb etdiyini nəzərə alaraq, həmin maddənin qeyd olunan sənəddə olduğu kumi göstərilməsini məqsədəuyğun hesab edirik.

Maddə 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3, şüşəbənd və lociyalar - 0,5 azaltma əmsallarına vurulmaqla hesablanır.

Balkon və lojiya həmin sənəddə aşağıdakı kimi tövsif edilir:

Balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydança.

Lociya - Xarici məkana açıq, üç tərəfdən divarla bağlanmış (künc hissədə iki tərəfdən), dərinliyi otaqların təbii işıqlandırılması tələblərinə uyğun, döşəməsi otağın döşəməsinin davamı olan xarici divara bitişik sahə.

Balkon və lojiyaların bu tərifindən göründüyü kimi həmin hissələrin tikintisinə binanın digər yerləşgələri ilə nisbətdə daha az xərc çəkilir və onlar, həmçinin də mövsümi xarakterli olduğu üçün onlardan daha az istifadə edilir. Bu baxımdan da Qaydalarda həmin bina hissələrinə azaltma əmsallarının tətbiq edilməsi də daha məntiqli görünir.

Təəssüflər olsun ki, çoxmənzilli bina tikintisi ilə məşğul olan sahibkarlar qanunvericiliyin bu tələblərinə total şəkildə əməl etmirlər və nəticədə vətəndaşlar kütləvi şəkildə aldadılaraq, balkon və lociyaların sahəsini qeyd olunan azaltma əmsallarına vurulmaqla deyil, tam şəkildə ödəyirlər. 
Yaranmış bu vəziyyətdə yeni tikilmiş binada mənzil alan vətəndaşlar mənzillərini, daşınmaz əmlaka mülkiyyət hüquqlarının tanınması və qorunması sahəsində son zamanlar innovativ tədbirləri ilə gündəmdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldırdıqları zaman anlaşılmazlıqlarla rastlaşırlar. Belə ki, vətəndaşlar mənzillərini bu idarələrdə dövlət reyestrində qeydiyyata aldırdıqları zaman idarənin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, balkon və lojiyaların sahələrinə müvafiq olaraq 0,3 və 0,5 əmsalları tətbiq edilir və idarə tərəfindən onlara verilən mülkiyyət hüququnu təsdiq edən sənədlərlə (Texniki pasport və Çıxarışla) sahibkarlar tərəfindən mənzil mülkiyyətçilərinə verilən sənədlər arasında uyğunsuzluqlar yaranır. Bu uyğunsuzluqların mahiyyəti qanunvericiliyin tələblərinə uyğun şəkildə onlara izah edilsə də, bunun artıq gec olduğu məlum olur. Bu zaman, bir sıra hallarda vətəndaşlar məhkəmələr vasitəsilə hüquqlarının bərpasına nail olur, artıq ödənmiş vəsaitlərin taleyinə aydınlıq gətirə bilirlər.

Gələcəkdə belə halların yaranmaması üçün hesab edirik ki, müvafiq qurumlar tərəfindən vaxtında geniş marifləndirmə işləri aparılmalı, insanlara hüquqi yardımlar vaxtında göstərilməli, vətəndaşların kütləvi şəkildə aldadılmasının qarşısı qəti şəkildə alınmalıdır.

Bu zaman nəzərə almaq lazımdır ki, ölkədə çoxmənzilli bina inşa edən sahibkarların qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməsi tələb edilməli və  onların maarifləndirilməsinə daha çox önəm verilməlidir. 

Daşınmaz əmlak üzrə ekspert, 
Rəşid Heydərov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.