Cəmiyyət

Azərbaycanda iş üçün yola çıxanların problemi: ezamiyyə pulu nə qədər olmalıdır?

11 May 2018 14:33
3 Şərh     Baxış: 9 452
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ezamiyyətə göndərilən işçiyə çalışdığı müəssisə tərəfindən hesablanan ezamiyyə xərcləri üzrə ödəniş bugünkü həyat səviyyəsi ilə nə dərəcədə uzlaşır?

Milli.Az vəkil Rövşən Əhmədovun yazısını təqdim edir

Ölkədə hər il insanların yaşayış səviyyəsi üzrə tələblər dəyişdikcə buna uyğun şəkldə illik inflyasiya dərəcəsi və s. kimi iqtisadi amillər nəzərə alınmaqla, hökumət tərəfindən qanunvericilikdə yaşayış minimumuna aid tələblərə yenidən baxılaraq, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu məbləğində hər il artıma doğru dəyişikliklər edilir.

Məsələn, 2015-ci il üçün yaşayış minimumu ölkə üzrə 131 manat olduğu halda, 2016-cı il üçün bu hal dəyişərək 136 manat, 2017-ci il üçün 155 manat və nəhayət, bu il üçün 173 manat olmaqla müəyyən edilmişdir.

İnsanların həyat səviyyəsindən asılı olaraq, həmçinin bir sıra iqtisadi-sosial amilləri, habelə son illərdə baş verən devalivasiya hallarına  baxmayaraq, "İşçilərin ezamiyyə qaydaları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən qəbul edilən 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərara, yalnız bir kərə - 2011-ci ildə dəyişiklik edilmişdir. Həmin dövrdən indiyədək, göstərilən Qərarın şamil edildiyi əmək-hüquq münasibətləri əsasında işləyən işçilərə münasibətdə, gündəlik ezamiyyə xərci norması ilə bağlı heç bir artım müşahidə olunmamış və bu hal diqqətdən kənarda qalmışdır.

Halbuki, göstərilən normativ hüquqi akta əsasən, işçinin 1 günlük ezamiyyə xərci üzrə müəyyən edilən norma, bugünkü reallıq ilə uzlaşmır.

Belə ki, işçilərin ezamiyyə qaydaları haqqında qeyd edilən nomativ sənədə edilmiş son dəyişikliyə (2011-ci il) əsasən, Azərbaycan Respublikası ərazisində ezamiyyə xərclərinin 1 günlük norması:

Bakı şəhərində 65,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 50,0 manat, Respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 45,0 manat müəyyən edilmişdir.

Həmin normativ sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 %-ni mehmanxana xərcləri, 20 %-ni yemək xərci  təşkil edir.";

Həmçinin, qeyd olunan normativ sənədə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin yalnız 50 faizi ödənilir.

Daha aydın olsun deyə aşağıdakı misalı nəzərinizə çatdırıram:

Məsələn, tutaq ki, hər-hansı bir işçi Astara rayonundan Xacmaz rayonuna ezam olunur. Bu zaman, ona münasibətdə ezamiyyə xərclərinin 1 günlük norması 45 manatdan hesablanacaq. Həmin 45 AZN-nin  20%-ni, yəni - 9 AZN-i yemək xərci, qalan - 36 AZN-ni qalmaq (mehmanxana) xərci təşkil edəcək.

Əgər işçi, 36 manata mehmanxana və ya qalmaq üçün münasib yer tapa bilməsə və küçədə gecələməli olsa və yaxud mehmanxana tapsa belə, orada qalmağına dair müvafiq təsdiqedici sənəd (qəbz) əldə edə bilməsə, o zaman iş yerindən işçiyə ezamiyyə xərcinin hazırkı halda 1 günlük normasının mehmanxana xərci üçün qanunla müəyyən olunan hissəsinin 50% həcmində (hazırkı halda 36 AZN-nin yalnız yarı hissəsi, yəni -18 AZN-i) ödəniləcək. Deməli, işçiyə ən pis halda 1 gün üçün Xaşmaz şəhərində ezamiyyə xərci olaraq Cəmi: 27 AZN ödəniləcək.

Digər bir misal:  Əgər işçi, Astara rayonundan ona məsafəcə daha yaxın olan Bakı şəhərinə ezam olunsa, işçinin ezamiyyə xərcinin 1 günlük normasının - yemək xərci hissəsi 13 AZN, qalmaq xərci hissəsi (əgər mehmanxanada qalma barədə müvafiq təsdiqedici sənəd əldə edə bilsə) 52 AZN, əks halda ona 26 AZN qalmaq xərci hesablanacaq - Yəni: işçiyə ən pis halda 1 gün üçün Bakı şəhərində ezamiyyə xərci ollaraq cəmi: 39 AZN ödəniləcək.

Məsələyə bügünkq reallıqdan nəzər yetirsək, sual meydana çıxır ki, iş yerindən Bakı şəhərinə ezam olunan işçi gün ərzində göstərilən normaya uyğun olaraq 13 AZN-nə səhər, günorta və şam yeməyi ilə özünü nə dərəcədə təmin edə bilər?

Əlbəttə ki, bu, heç də real görünmür.

"İşçilərin ezamiyyə qaydaları haqqında" AR. NK-nin müvafiq qərarında digər diqqətçəkən məsələ  ezamiyyə dövründə hansı növ nəqliyyata görə xərcin ödənilməsi məsələsidir:

Qərarın mahiyyətindən bəlli olur ki, ezamiyyə dövründə işçi yalnız ictimai nəqliyyat növündən istifadə edə bilər.

Belə ki, qeyd olunan normativ sənədin 5-ci bəndinə əsasən, işçinin ezamiyyə dövründə istfadə etdiyi nəqliyyat növünə taksi xidmətlərindən istifadə daxil deyildir. Yəni, əgər işçi Ağstafa rayonundan Bakı şəhərinə ezam olunursa və gecə saat 24-də Bakıya çatırsa, bu zaman nə metro, nə də avtobus işləyirsə, deməli, işçinin mənzil başına piyada getməkdən başqa çarəsi qalmır. Əlbəttə, taksi ilə gedə bilər, amma bunu öz hesabına etməli olacaq.

Yolda olma müddətinin ezamiyyə dövrünə daxil edilməməsi məsələsi:

Qeyd olunan normativ sənəddə mövcud olan digər maraqlı məqam isə yolda olma müddətinin ezamiyyə dövrünə şamil edilməməsidir.

"İşçilərin Ezamiyyə Qaydaları barədə"AR.NK-nin 4-cü bəndinə əsasən, İşçilərin ezamiyyət müddəti təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu müddət hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.

Ezamiyyə Qaydalarına dair Əlavədə, Ezamiyə Vərəqinə dair müvafiq Formadan da bəlli olur  ki, yolda olma günü ezamiyyə müddətinə daxil edilmir.

Məsələn, işçi ölkənin hər-hansı bir ucqar bölgəsindən (Gədəbəy) 2017-ci ilin noyabr ayının 2-3-4 günlərində (3 gün) müddətində Bakı şəhərinə ezam olunmaq üçün noyabr ayının 1-i tarixdə yola düşməlidir. 3 gün müddətində (noyabr ayının 2-3-4) işlərini bitirdikdən sonra, nöbəti gün, yəni noyabr ayının 5-də geriyə yola düşməlidir. Noyabr ayının 6-də isə artıq işdə olmalıdır. Yəni işçinin 3 günlük  ezamiyyədə olması üçün onun noyabr ayının 1-i və 5-i tarixlərində (2 gün) yolda olması gərəkir.

Lakin yolda olduğu həmin müddə, işçinin ezamiyyədə olduğu müddət olaraq hesaba alınmır. Deməli, əgər işçinin yolda olduğu dövr ezamiyyə müddəti olaraq hesaba alınmırsa, o zaman işçinin yolda olduğu müddət işdə olduğu müddət kimi qeydə alınmalıdır. Halbuki, həmin müddətdə işçi faktiki olaraq işdə olmur və gününü yolda  keçirir.

Bəs yolda işçi hər hansı qəza və ya bədbəxt hadisə nəticəsində xəsarət almış olsa, o zaman işçiyə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" AR. Qanununun tələbləri şamil olunacaqmı? Çünki işçi fiziki olaraq iş yerində olmayıb, yolda olub və aldığı xəsarəti istehsalat prosesinin gedişatında (məs: mühəndis olaraq çalışdığı zavod, fabrikdə) deyil, yolda alıb. Bu prizmadan çıxış edərək işçiyə sığorta ödənişinin həyata keçirilməsinə baxışların və yanaşma tərzinin müxtəlif ola bilməsi istina deyil.

Nəticə olaraq, qeyd olunanları nəzərə alaraq, göstərilən normativ sənəddə gündəlik ezamiyyə xərci üzrə norma (xüsusən sahibkarlıq fəaliyyəti subyektlərinə əmək-hüquq münasibətləri ilə bağlı olan işçilərə münasibətdə) hazırkı həyat səviyyəsi ilə nisbətən uzlaşdırılmış olsa və ya ən azı, hər il ölkə üzrə yaşayış minimumunda müşahidə olunan artım dinamikasına uyğun proporsional qaydada dəyişiklik olmuş olsa, bu, çox müsbət hal olardı.

Belə ki, bu halın (gündəlik ezamiyyə xərci normalarının nisbətən artımı) baş verməsi, ölkədə sahibkarlığın günbəgün inkişafı və bundan irəli gələrək yeni-yeni iş yerlərinin açılması fonunda işə cəlb olunun işçiləri, ezamiyyə müddəti dövründə əlavə maddi sıxıntılardan qurtarmaqla yanaşı, onlara həmin dövrdə öz  işlərinin səmərəli təşkilində bir qədər də stimul vermiş olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.