Cəmiyyət

Avropa Şurası: Azərbaycanın məhkəmə-hüquq sahəsindəki nailiyyətləri təşkilat rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir

15 Fevral 2018 19:44
Baxış: 222

Azərbaycanın məhkəmə-hüquq sahəsindəki nailiyyətləri Avropa Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Azərbaycanda ədliyyə islahatlarına dair təşəbbüslərə dəstək" adlı yeni layihənin təqdimat konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan hüquqları siyasəti və inkişaf departamentinin rəhbəri Mixail Lobov və Avropa Şurasının Azərbaycandakı Ofisinin yeni rəhbəri Zoltan Hernyes ədliyyə nazirinin müavini Azər Cəfərovla görüşdə bildiriblər.

Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir müavini Z.Hernyesi təbrik edərək ona uğurlu fəaliyyət arzulayıb. Nazir müavini ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər məhkəmə-hüquq sistemində aparılan islahatlardan bəhs edib, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini, yeni məhkəmələrin və məhkəmə təsisatlarının yaradılmasını, hakimlərin sayının artırılmasını, elektron məhkəmə informasiya sisteminin tətbiqi və infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirləri qeyd edib. Eyni zamanda, hakimlərin Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyası (CEPEJ) tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçiminə toxunaraq hazırda növbəti seçimin aparılması barədə məlumat verilib.

A.Cəfərov dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətinə toxunaraq bu mühüm sənədin icrası üzrə görülən qanunvericilik və institusional tədbirlərdən danışıb. Bildirib ki, Avropa Şurası ilə birgə həyata keçirilən, hakimlərin və digər hüquqşünasların insan hüquqları üzrə treninqini əhatə edən layihə öz müsbət nəticələrini verir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar var.

Avropa Şurasının ölkəmizlə müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini söyləyən qonaqlar Ədliyyə Nazirliyinin vacib tərəfdaş olduğunu, Azərbaycanın məhkəmə-hüquq sahəsindəki nailiyyətlərinin Avropa Şurasının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, o cümlədən "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görüldüyünü vurğulayıb, elektron məhkəmə sisteminin digər ölkələr üçün maraqlı təcrübə olduğunu qeyd edərək yaxşı praktikaların mübadiləsinin əhəmiyyətinə toxunublar.

Avropa Şurasının nümayəndələri, həmçinin əlaqələrin genişləndirilməsində, Ədliyyə Akademiyası ilə birgə insan hüquqlarının tədrisi, o cümlədən İnsan Hüquqları üzrə Avropa Konvensiyasının presedentlərinin öyrənilməsi və tətbiqi, Avropa Məhkəməsinə tədris səfərlərinin, həmçinin Məhkəmənin hakimlərinin və hüquqşünaslarının iştirakı ilə video-konfrans vasitəsilə distant təlimlərin təşkili sahəsində uğurlu layihənin bundan sonra da davam etdirilməsində maraqlı olduğunu qeyd edib, qanunvericiliyin, məhkəmə təcrübəsinin təhlilini və tədris tədbirlərini nəzərdə tutan yeni layihənin perspektivlərindən danışıblar.

Görüşdə həmçinin əməkdaşlığın prioritetləri müzakirə olunub, o cümlədən probasiya və mediasiya institutlarının tətbiqi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası və əməkdaşlıq edilə bilən digər sahələrlə bağlı faydalı fikir mübadiləsi aparılıb

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.