Cəmiyyət

Mavi dəniz, qızmar günəş, qumlu sahil... - ARAŞDIRMA

22 İyun 2011 09:45
Baxış: 6 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Dünyada dəniz kənarı turizmin ən gəlirli sahələrindən biri hesab olunur. Dəniz kənarında yerləşən ölkələr təbiətin onlara bəxş etdiyi bu nemətdən bacardıqları qədər səmərəli yararlanmağa çalışır və hər mövsüm bu sahədən külli miqdarda gəlir əldə olunur.

Xəzər dənizi sahilində yerləşən ölkəmizdə də bu baxımdan əlverişli şərait var. Mütəxəssislər hesab edir ki, Xəzər dənizi ətrafındakı 850 kilometr şimaldan Rusiya sərhədinədək, cənubdan isə İrana qədər olan ərazilərin bu məqsədlər üçün inkişaf etdirilməsi, ölkəmizdə də dənizkənarı turizmin inkişafına böyük təkan verə bilər.

Sözügedən ərazilərdə çimərliklərin, istirahət mərkəzlərinin yaradılması, kottec, sanatoriya və s. məkanların istifadəyə verilməsi, ölkəmizə xarici turistlərin axınına şərait yara bilər. Dəniz kənarında yerləşən bir çox ölkələr artıq bunun səmərəsini görməkdədirlər.

Milli.Az portalının bu istiqamətdə apardığı araşdırma zamanı maraqlı məqamlara təsadüf olundu. Məlum oldu ki, dünyanın ən gözəl çimərlik siyahısına liderliyi Baham adasında yerləşən "Pink Sands Beach" çimərliyi edir. Bu çimərliyin nağılvari çəhrayı qumunun günəşlə həmahəng yaratdığı görünüş onun ətrafına gələnlərin sayını ildən-ilə artırır. Ən yüksək səviyyədə xidmət göstərilən bu məşhur çimərlikdə hər il milyonlarla turist, o cümlədən, Hollivud ulduzları dincəlir.

Sakit okeanın yaxınlığındakı "Cox's Bazar" çimərliyi isə öz uzunluğuna görə, Ginnesin rekordlar kitabına düşüb. 120 kilometr uzunluğunda olan bu çimərliyə gələnlərin sayı-hesabı yoxdur. Avstraliya çimərliyi isə akulalarla bol olduğu üçün ən təhlükəli çimərlik hesab edilir. Bu çimərlikdə hər il onlarla insan akula hücumunun qurbanı olur. Buna baxmayaraq, gözəlliyi ilə turistlərin diqqətini çəkən bu çimərliyə də gələnlərin ardı-arası kəsilmir.

"Mavi bayraq" hər kəsə nəsib olmur

Azərbaycanda çimərliyə gedənləri belə bir təhlükə gözləməsə də çimərliklərimizin vəziyyəti hələ bizim liderlər siyahısına düşməyimizin uzaqda olduğunu göstərir. Yalnız son illər Nabranda bu sahənin genişləndirilməsi diqqət çəkir. Bununla belə, dəniz suyunun çirkliliyi, xidmətin aşağı olması, özəl çimərliklərdəki bahalıq, bu sahədə hələ xeyli işlərin görülməsini zəruri edir.

Son illər bu sahədə əlaqəli qurumlar tərəfindən bir sıra islahatlar aparılmağa başlayıb. Çimərlik mövsümü başlamazdan öncə dəniz suyunun monitorinqinin aparılması, çirkli su olan ərazilərdən istifadənin yasaq edilməsi, xilasedicilərin, ilkin tibbi yardım xidmətinin çimərlik olan ərazilərə cəlb edilməsi, bu sahənin inkişafına diqqətin artmasından xəbər verir. Ancaq yerli çimərliklərimizin hələ "mavi bayraq"la təltif edilməsi üçün yəqin ki, uzun illər lazım olacaq. Söhbət, ən yaxşı çimərliklərin təltif olunduğu "mavi bayraq"dan gedir. Beynəlxalq səviyyəli bu mükafatı almaq isə hər çimərliyə nəsib olan iş deyil.

Məsələ ilə bağlı apardığımız araşdırma zamanı öyrəndik ki, dünyada ən təmiz suyu olan çimərliklər "mavi bayraq"la təltif edilir. Bunun üçün çimərlik mütəxəssislər tərəfindən 29 kriteriyaya görə qiymətləndirilir və yalnız bu qiymətləndirmədən uğurla çıxanlar "mavi bayraq" a layiq görülür. "Mavi bayraq" qalib çimərliyin diqqət çəkən hissəsinə sancılır və bu çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta ayaqyolu kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq dərhal geri alınır və ondan istifadəyə qadağa qoyulur.

Bizim çimərliklərə şükür!


Artıq paytaxtımızda dəniz həvəskarlarının səbirsizliklə gözlədikləri çimərlik mövsümünə start verilib. İndi hər kəsi maraqlandıran suallardan biri də, ucuz və sərfəli olan bir çimərlikdə maraqlı bir gün keçirməkdir. Bu səbəbdən hər kəs çimərlik seçərkən, ilk növbədə qiymətlərin onun cibinə uyğun olub-olmaması ilə maraqlanır. Ancaq bu gün bütün şəraiti olan çimərliklərdə dincəlmək hər kəsə nəsib olmur. Elə bu səbəbdəndir ki, hər il çimərlikdə batanların sayı durmadan artır.

Suya baş vurmaq istəyənlər mövcud qiymətlərin ciblərinin ölçüsünə uyğun gəlməməsi səbəbindən qanunsuz ərazilərə üz tuturlar. Bu isə məlum hadisələrlə nəticələnir. Bəs görəsən bu gün normal bir çimərlikdə bir günlük dincəlmək necəyə başa gəlir?

Öyrəndik ki, Bakının Şıx, Mərdəkan, Buzovna, Şüvəlan, Novxanı çimərliklərində istirahət etmək, orta hesabla, 20-40 manatadır. "Ramada" istirahət zonasında isə yalnız ərazidə olan hoteldə dincələnlər istirahət edə bilərlər. Digər şəxslərin içəri daxil olması qadağandır. "Crescent Beach" istirahət zonasındakı çimərliyə giriş qiyməti isə 5 manatdır.

Bakıda ən bahalı çimərliklər isə Mərdəkan və Bilgəh hesab olunur. Mərdəkanda özəl çimərliklərə daxil olmağın qiyməti 10 manatdır. Burada göstərilən xidmətə görə də ayrıca pul tələb olunur. Ümumilikdə Bakı çimərliklərində bir günlük istirahətin qiyməti orta hesabla, 10-40 manat arasında dəyişir. Bir sözlə, əgər yaxşı istirahət etmək istəyirsənsə, əlin cibində olsun. Ancaq elə düşünməyin ki, çimərlik qiymətləri yalnız bizdə bahadır.

Xarici çimərliklərlə müqayisədə, hətta bizdəki vəziyyətə şükür etmək də olar. Belə ki, Avropa ölkələrində elə çimərliklər var ki, orta təbəqədən olan insanlar orada dincəlməyi ağlından belə keçirə bilməz. Dünyanın ən bahalı çimərliyi Fransa çimərlikləri hesab olunur. Burada bir nəfər üçün çətir, uzanmaq üçün döşək və sadə qida almaq 50 avroya başa gəlir. Almaniyada bu qiymət 46,5 avro, İtaliyada çimərlikdə iki nəfərin bir neçə saat istirahəti isə 45 avroya başa gəlir. Türkiyənin məşhur çimərliyində istirahət 30 avro dəyərindədir.

Bütün bunları nəzərə alıb, öz çimərliklərimizə şükür edək. Elə isə, gözəl yay günlərində qızmar günəş altında dincəlmək fürsətini əldən verməyin!

Mirvari
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.