Cəmiyyət

Bakıda Novruz bayramı xarici turistlərin gözü ilə - FOTO

19 Mart 2017 23:29
1 Şərh     Baxış: 2 126

Novruz Bayramı ərəfəsində ölkəmizə çox sayda turist gəlib.

Ekspertlər də qeyd edirlər ki, bu il bayramda ölkəyə gələn turistlərin sayı ötən illərlə müqayisədə xeyli artıb. Bu da onunla əsaslanıdırılır ki, ildən-ilə bayramın daha da rəngarəng, maraqlı keçirilməsi əcnəbi turistləri özünə cəlb edir. Artıq iki gündür ki, Bakının mərkəzi küçələri, o cümlədən, Fəvvarələr meydanı, İçərişəhər turistlə qaynayır. Onların arasında ərəb, fars, Güney Azərbaycandan olan soydaşlarımız çoxluq təşkil edir. Bu baxımdan İçərişəhərdə olub Novruz bayramını turistlərin gözü ilə görməyə, onların təəsüratlarını öyrənməyə çalışdıq.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bayram münasibəti ilə çox sayda güneyli soydaşlarımız Bakıya təşrif buyurub. Onlardan biri də Güney Azərbaycanın Təbriz şəhərindən olan Vahid adlı soydaşımız və ailəsidir. Söhbətimizdən məlum oldu ki, ailə ilk dəfədir ki, Novruz bayramını Azərbaycanda qeyd edir.

O, qeyd etdi ki, Azərbaycana gəlmək istəyən çox sayda soydaşlarımız var, lakin viza ilə bağlı məsələlər bu barədə əngəllər yaradır: "Viza məsələsi çox çətindir, onu almaq bir qədər uzun çəkir. Üstəlik, İran sərhəddindən eyni vaxtda çox sayda vətəndaşlarımız keçə bilir, amma Azərbaycan sərhəddində hər kəs bir-bir, uzun çəkən yoxlamalardan sonra keçir. İlk dəfədir ki, Bakıdayıq. Bakı çox gözəldir. Bura dostlarımızdan eşitmişdik ki, Bakı gözəl şəhərdir. Amma onun bu qədər gözəl olduğunu təsəvvür etmirdik. Xüsusən də, qədim yerlər, abidələr. çox gözəldir, hamısı yaxşı halda qalıb. Bizdə Novruz bayramı ilə bağlı bir çox adətlər var ki, onlar artıq silinib, bəzilərinə isə qadağalar. Amma Burada qədim adətlər çox gözəl qorunub-saxlanılıb və bu günə qədər gəlib çatıb".

Soydaşımız Elmira xanım isə bizə Novruz adətləri ilə bağlı maraqlı açıqlamalar verdi: "Güney Azərbaycanda sizlərdə olduğu kimi çərşənbələrin hamısı keçirilmir, yalnız sonuncu çərşənbəni qeyd edirik. Ümumiyyətlə hökumətimiz bu bayramın çox kütləvi keçirilməsinə qarşıdır. Amma burda əksinə, dövlətiniz Novruz bayramının yüksək səviyyədə keçirilməsinə dəstək olur. Novruz süfrəsinə gəldikdə isə bayram axşamı bizim süfrəmizdə mütləq balıq və plov olur. Həmçinin, bütün evlərdə süfrəyə "s" hərfi ilə başlayan nemətlər qoyulur, məsələn su, süd, səməni, sünbül və sairə. Bizdə paxlava bişirilmir. Buranın paxlavası çox dadlıdır. Ümumiyyətlə, sizin xanımlar bayram süfrəsi üçün müxtəlif növ yeməklər, şirniyyatlar bişirirlər. Xanımlarınız çox iş görürlər. Amma biz bu qədər əziyyət çəkmərik, (gülümsəyərək) şirniyyatları daha çox mağazalardan alarıq".

Soydaşlarımız otellərin qiymətlərindən də şikayətlənirlər: "İki gündür ki, Bakıdayıq və daha səkkiz gün burda qalmağı düşünürük. Amma otel qiymətləri çox bahadır. Ailəvi oteldə qalmaq üçün gecəsinə 150 manat ödəyirik. Beləliklə, on gün üçün təkcə otelə 1500 manat xərcləyəcəyik. Eyni zamanda, yemək-içmək də çox bahadır".
Fars əsilli Bağır adlı İran vətəndaşı da öz ailəsi ilə ilk dəfədir ki, Bakıdadır. Qonaqlar Bakını, xüsusən də İçərişəhəri çox sevdiklərini bildirdilər.
Maraqlıdır ki, bu il Novruz bayramında Bakıya gələn qonaqlar arasında fransızlar da çoxluq təşkil edir. Parisdən yenicə ölkəmizə gələn Benjamin adlı fransızdan Azərbaycan və Novruz bayramı haqqında təəsüratlarını söyləməyi xahiş etdik.

Benjaminin dedikləri: "Həm Azərbaycan, həm də Novruz bayramı ilə indi tanış olmağa başlayıram. Ona görə də, hələ ki, təəsüratlarım azdır. Ancaq onu deyə bilərəm ki, insanlarınız çox mehriban və istiqanlıdır. Hələ bir neçə gün Bakıda qalmağı düşünürəm".

Filipp adlı fransız isə ailəsi birlikdə artıq uzun müddətdir ki, Bakıda yaşadığını bildirdi: "Bakını çox sevirik. Novruz Bayramında isə ilk dəfədir ki, iştirak edirik. Çox maraqlıdır".

Dubaydan qonaq gələn ərəb ailəsi ilə də söhbətləşmək imkanımız oldu. Fahed ailəsi dünəndən Bakıya qonaq gəldiklərini və Novruz bayramı ilə ilk dəfə tanış olduqlarını bildirdilər: "İlk dəfədir Azərbaycanda, Bakıdayıq. Novruz Bayramı çox xoşumuza gəldi. Hələ 6 gün burda qalacağıq... Burda qiymətlər bizim üçün o qədər də bahalı deyil, yəni normal hesab etmək olar".

Pakistanlı iş adamı Məhəmməd Aşfaqın da bayram təəsüratlarını öyrəndik. M. Aşfaq xoşladığı bayram şirniyyatlarından söz açdı: "Novruz bayramı bizdə də var. Xüsusilə də əfqanıstan və İranla sərhəd olan bölgələrdə bu bayram keçirilir. Amma adətlər və yeməklər fəqlidir. Məsələn, Pakistanda Keçəl, Kosa atributları, oyunları, papaqatma kimi adətlər yoxdur. Burdakı Novruz oyunları isə çox gözəldir. Bizim Novruz bayramına bənzər bahar bayramı var. Həmin bayram fevralın 1-dən başlayar və bir ay boyunca davam edir. Bayramda küçələrdə xüsusi yerlər ayrılır və orda yeməklər bişirilir, insanlar o təamlardan dadırlar. Xüsusən Pakistan yeməkləri bişirilir. Sizin şirniyyatlardan, paxlava və şəkərburadan yedim, çox dadlıdır. Mən Türkiyədə olanda türk paxlavası yemişdim, amma Azərbaycanın paxlavasının dadı tamam başqadır və çox gözəldir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aqshin · 20 Mart 00:3410

    Gerek turist desin ki bahadi. Ele mende deyirem cox bahadi. Belke avropadan ucuzdu amma buz avropalilar qeder maash almiriq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.