Cəmiyyət

Gözəlləşmək istəyi təhlükəli ola bilər - FOTO

3 Mart 2011 08:00
Baxış: 2 486
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Gigiyenik tələblərə cavab verməyən gözəllik salonlarında getməmək məsləhətdir

Dünyada 170 mln.dan çox insan xroniki Hepatit C xəstəliyindən əziyyət çəkir. Problemin ən acınacaqlı tərəfi odur ki, bu təhlükəli virusdan heç kim sığortalanmayıb. Hər an adi bir ehtiyatçızlıq insanı bu virusun daşıyıcısına çevirə bilər. Bu virusa yoluxma təhlükəsi olan məkanlardan biri də gözəllik salonlarıdır. Salonlarda gigiyenik qaydalara riayət olunmaması, istifadə olunan alətlərin sterilizə və dezinfeksiya edilməməsi gözəllik salonlarını real təhlükə mənbəyinə çevirib. Burada nəinki müştərilər, elə salon əməkdaşlarının özləri də təhlükədən sığortalanmayıb. Çünki hazırda əksər gözəllik salonlarında gigiyenik qaydalara riayət olunmur. Milli.Az xəbər portalının reportajı, paytaxtımızda günbəgün artan gözəllik salonlarında apardığımız müşahidələr bu qənaətə gəlməyə əsas verir.

Bakteriya və virus təhlükəsi: bir daraq neçə min adamın saçını gəzir...

Salonlarda gördüyümüz mənzərə ürək açan deyildi. Salon əməkdaşları istifadə olunan dəsmalları salonun qarşısında qoyduqları qurutma zivələrinə asmaqla işlərini bitmiş hesab edirlər. Apardığımız müşahidə zamanı əksər salonlardakı köhnə avadanlıqların, aylarla yuyulmayan salfetlərin, heç bir sterilizə edilməyən qayçı və daraqların, döşəmədə saç kəsiklərinın qalmasının işçiləri narahat etmədiyinin şahidi olduq. Yeri gəlmişkən deyək ki, inkişaf etmiş ölkələrdə müştəriyə xidmət birdəfəlik salfet və dəsmallarla göstərilir. Bizdə isə dəsmalları su ilə yaxalamaq ən yüksək xidmət hesab edilir. Belə şərait gözəllik salonlarının xidmətlərindən istifadə edənlər üçün təhlükə yaradır. Daraq vasitəsilə baş dərisinə düşə biləcək göbələk xəstəliklərindən, müxtəlif infeksiyalardan, saç tökülməsinə səbəb olan bakteriyalardan, dəmrov, hepatit, hətta QİÇS-dən heç kim sığortalanmayıb.

Hamının dırnaq infeksiyaları... iynə qabında qaynayır?

6-ci mikrorayon ərazisindəki "Avantaj" salonunda gördüklərimiz isə daha çox təəccüb doğurdu. Salonun manikur ustası alətlərinin sterilizə olunduğunu söylədi və bizə Sovet dövründə səhiyyədə iynə qaynatmaq üçün istifadə olunan iynə qabını göstərərdi. HİV virusunu qaynatmaqla məhv etmək olmur, deyə ona məlumat verdikdə manikur ustası bu barədə məlumatı ilk dəfə eşitdiyini söylədi: "10 ildir manikür ustası işləyirəm. Hər gün onlarla qadına xidmət edirəm. Hələ heç bir şikayət daxil olmayıb".
Manikürçü xanıma HİV-ə virusunun özünü dərhal yox, illər sonra biruzə verə biləcəyi ilə bağlı da məlumat verdik. Məsələnin ciddiləşdiyini görən salon əməkdaşı bu dəfə sterilizə avadanlığı almaq üçün pullarının olmadığını dedi: "Biz nə qazanırıq ki, onun da yarısına aparata verək. Bunun qayğısına müdriyyət qalmalıdır, o da almır, biz nə edə bilərik?".

Baş çəkdiyimiz salonlarda bir dəsmalla bütün müştərilərin başının qurulandığını, heç bir dezinfeksiya olmadan daraq və qayçı ilə yüzlərlə qadının saçının kəsildiyinin də şahidi olduq. Əksər salon işçiləri isə alətləri spirtlə silməklə işlərini bitmiş hesab edirlər.
Bəli, əksər salonların işçiləri virusun qaynama və spirtləmə yolu ilə məhv olmamasından xəbərsizdirlər.

Saç kəsilməsi də risklidir

Uzun axtarışdan sonra nəhayət ki, "Svetlana" salonunda sterilizə avadanlığına rast gələdik. Manikur ustası Yeganə Sultanova bildirdi ki, manikur edərkən əlçəkdən istifadə edir və bütün avadanlıqlar, həmçinin salonda istifadə olunan dəsmallar, qayçılar, daraqlar sterilizə edilir. Müştəriləriniz çox olurmu sualının cavabında usta qadınların əsasən yaz, yay aylarında manikurdan istifadə etdiklərini dedi: "Qış aylarında müştərilərimiz nisbətən az olur. Müraciət edənləin əksəriyyəti digər salonlarda sterilizə avadanlığı olmadığı üçün bizim salona gəlirlər. Ancaq elə müştərilər də var ki, buna əhəmiyyət vermirlər". 
Salonun saç ustası Nailə Hüseynova isə saç kəsdirərkən də qadınlara ehtiyatlı olmağı tövsiyə etdi: "Çoxları yalnız manikür-pedikür zamanı xəstəliyə yoluxa biləcəyini ehtimal edir. Ancaq saç kəsdirərkən və ya saç düzümü edərkən də təhlükə mövcudur. Məsələn, saça bit düşdükdə, çoxları bunun su və ya şampundan istifadə zamanı yarandığını zənn edir. Saça düşən bit və ya kəpək göbələk xəstəliyinin bir növüdür. Bunlar gigiyenik qaydalara əməl etmədikdə yaranır. Məsələn, darağı adi su altında yumaqla bakteriyaları öldürmək mümkün deyil. Bu isə başda müxtəlif bakteriyaların yaranmasına səbəb olur.

Manikür-pedikür, tatu, pirsinq, qulaq deşilməsi zamanı isə natəmiz alətlərdən istifadə daha təhlükəli xəstəliklərə yol açır. Ona görə də, mütləq şəkildə alətlər dezinfeksiya olunmalıdır. Sprit, qaynatma üsulu təhlükəli virsulara təsir göstərmədiyi üçün, mütləq şəkildə xüsusi aparatlardan istifadə olunmalıdır. Bu qurğuların orta qiyməti isə 120-350 manatdır və hər yerdə satılır. Avadanlıqlarda olan ultrabənövşəyi şüalar bakteriayaları, göbələkləri tamamilə məhv edir və bundan sonra istifadə tam təhlükəsiz olur".

Məsələylə bağlı apardığımız müşahidələr zamanı kişi bərbərxanalarında da gigiyenik qaydalara riayət olunmamasının şahidi olduq. Ümumiyyətlə, bu gün sterilizə və dezinfeksiya qaydalarına əsasən iri və prestijli salonlarda rast gəlmək mümkündür. Kiçik həcmli, şəhərin mərkəzindən kənarda, xüsusilə də bölgələrdə yerləşən gözəllik salonlarında gigiyenik qaydaların gözləndiyini söyləmək olmaz.

Təhlükəsizliyinə əmin olmadığınız xidmətlərdən imtina edin!

Əlaqəli qurumlar isə məsələyə ciddi yanaşıldığını və salonların diqqət mərkəzində olduğunu söyləyirlər. Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Ziyyədin Kazımov bildirdi ki, mütamadi olaraq gözəllik salonlarında reydlər keçirilir: "Ötən il 16 belə obyektdə aparılan yoxlama zamanı salonlarda bağırsaq çöplərinin olması faktı aşkarlandı. Araşdırmalar zamanı salonlarda alətlərin sterilizasiyası və dezinfeksiyası aparılmadağı, işçilərin sağlamlıq arayışlarının olmaması faktları da üzə çıxdı. Nəticə olaraq həmin salonlarının fəaliyyəti dayandırıldı və bir necə fiziki şəxs cərimələndi. Paytaxt və bölgələrdə belə yoxlamalar mütamadi aparılır. Problemlərdən sığortalanmaq üçün müştərilərin özləri də diqqətli olmalı, salon əməkdaşlarından sağlamlıq arayışı və alətlərin sterilizə edilməsini tələb etməlidirlər. Bu tələblərə cavab verməyən salonların xidmətlərindən istifadə etmək məsləhət görülmür. Kosmetik prosedurların tam steril alətlərlə həyata keçirilməsinə əmin olmadıqda xidmətlərdən istifadə etməyin!".

Mirvari
Milli.Az



































Foto Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.