Cəmiyyət

Elə o ikiotaqlı evdə: cinayət və cəza

30 Sentyabr 2015 00:05
8 Şərh     Baxış: 7 797
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir sual: Maraqlıdır, "Cinayət və Cəza"da Rodion Romanoviç Raskolnikovun atası haqqında yaddaşımızda nələr yer edib? Tərəddüd etmədən müdafiə edə bilərəm ki, əslində, heç nə: nə bir epizod, nə bir xatirə, nə də onun varlığı. 

Dostoyevski XIX əsr rus romanının konkretləştirmə strukturundan istifadə edərək, Raskolnikovun atası haqqında heç bir təsvirə ehtiyac duymayaraq, onu məharətlə oxucudan gizlədir; atanın, sadəcə, əvvələr yaşadığını və bir gün öldüyünü səthi halda, laqeydcəsinə, bir neçə sətirlə ifadə edərək romanına davam edir. Əsərin ali məqsədi naminə Raskolnikovu atasız böyüdür. Təəccüblü deyil, əksinə hərəkətin dərin bir mənası mövcuddur: "Cinayət və Cəza" dövrün ən iynələyici tematikası halına gəlmiş atalar və oğullar (və ya ailələrin çöküşü) haqqında deyil, bir tələbənin cəmiyyət və şəxsi psixologiyası arasında sıxışıb qalması nəticəsində yaşadığı hesablaşmadır. 

Əgər daxili və xarici çaxnaşmaların nəticəsi olmuş iki cinayət keçmişə söykənən, ailə daxili bir qurban, hədəf tələb edirsə, o Raskolnikovun atası deyil, anası Avdotya Romanovnadır. 
Elə o ikiotaqlı evdə törədilən cinayətlər də konvansional roman manevridir: Xatırlanan orada baltayla öldürülən iki qadın olduğu, lakin sələmçi qadının məsum Lizavetadan daha qabaqcıl planla təsvir edilməsidir. 
Ötən günlərin birində dostum R. bu məsələyə açıqlıq gətirir: Lap deyək ki, sələmçi qadını pis, daşqəlbli olduğuna görə belə tez unutduq, bəs ən xırda xarakterli obrazlara belə mənəvi dərinlik qatan Dostoyevski, Lizavetaya qarşı niyə belə səthi yanaşır? Bu böyük ürəyə malik qızla niyə kiçik xarakterli, fağır obraz kimi davranır? Raskolnikov Sonyaya öz günahını etiraf edəndə anlayırıq, niyə elə etdiyini. 

Çünki Sonya cinayət etirafını eşidəndə "sən o insanlara nə elədin belə?" demir. "Sən özünə qarşı nə elədin belə?" deyir. Raskolnikov nə edibsə, əslində, özünə edib. Qurduğu həyatın əzabını çəkməkdədir. Sırf bunu vurğulamaq üçün Lizavetanın əzabı bir o qədər də qabardılmır və nəzərə çarpmır əsərdə. 
Lizavetanın ölümü cinayət hüququ mövzusudur, Dostoyevski isə bizə daha yüksək bir hüquqdan bəhs edir. "Törətdiyin cinayətə görə dövlətin cəzasından qaçıb, yaxa qurtara bilərsən, amma vicdan əzabından əsla qaça bilməzsən!" deyən hüquqdan. 
Roman tarixinin dəyişilməz və dramaturgiyanın iliklərinədək sarsılmaz əlaqəsi içində olan ata fiquru, bu dəfə Fyodor Mixayloviçin sonuncu əsərində, "Karamazov Qardaşları"nda artıqlamasıyla işlənir. Məsələnin ironiyası da burada gizlidir: Orada da analara yer yoxdur. Analara ayrılan səhifələrin həcmi olduqca kiçik, ümumi panoramaları oxucunun yaddaşından uzaqlaşması üçün kifayət qədər bulanıqdır. 

Fyodor Pavloviçlə oğulları, Mitya, İvan, Alyoşa və Smerdyakovun illər sonra su üstünə çıxan əlaqələrinə fokuslanan Dostoyevski niyə belə edir? Əslində, roman nəql etdiklərimə, yoxsa ifadə etmədiklərinə görəmi mühakimə edilməlidir? Nisbi və çürüdülməyə açıq polemika olmasıyla yanaşı, şəxsi mövqeyim, birinci frazadan tərəfdir. Xüsusilə Dostoyevski romanı estetikasından danışırıqsa. 
O, dövrünün bir digər ustası kimi peyğəmbər deyil, bir səyyah, insanların iç dünyalarına səyahət edən bir yolçudur. Tolstoy sosiologiyanın ümumi çöküşünü kollektivlər, ailələr üstündən iynələyirsə, o, cəmiyyəti yan faktor, kollektivləri ən az bir fərdi məhv üsulu kimi görərərək, baxışını insana çevirir. Tolstoy didaktikdir, hər şey onun idarə etməsi halında cərayan etməlidir, onun romanları sıfır xəttindən başlamadığı kimi, bir nəticəylə də bitmir. Buna rəğmən Tolstoy ona ayırılan yaşam səhifələri boyunca yaşanan hər şeyi, küncdə, bucaqda bir detal belə saxlamayaraq, açıq-açığına ifadə edir. 

Tolstoyun rakursu, ailələrin çöküşüdür, Dostoyevski isə yuxarıda təsvirləri verilən hər iki romanda çöküşdən sonrasını işləyir. Və ona görə elə gəlir ki, Tolstoyun (hər nə qədər Annanın ailəsi haqqında heç nə ifadə etməsə belə) atalar və oğullar, atalar və qızlar, analar və qızları, analar və oğulları əhatəsində fırlanan romanından heç kəsi əksik etməməlidir, buna ən azı mənəvi haqqı çatır; Dostoyevskidə isə romanın kadrdan kənarlaşdırılmış, səthi yanaşılaraq, əksik təsvir edilmiş obrazının demək istədikləri bir şey mütləq var, ancaq həlledici deyildir, oxucuya açıq jest kimi qəbul edilə bilən bu hilə (romanın ifadə etmədiyi hissələr yığını) artıq digər  - yaşanmışlıq, təcrübələrin, psixologiya, fəlsəfənin, əsasən də kino sənətinin  - maraq və kaprizləri çərçivəsində mühakimə edilməlidir. 

Əvəzləyicilər isə qaçınılmazdır: İy verib iylənən, çirkli meyxanada şəxsiyyətinin ayaqlar altına alınmasından, üzünə tüpürülüb, ailəsinin qarşısında başı aşağı edilməsindən ağız dolusu, ağlayaraq, (buna rəğmən də bütün Dostoyevski obrazlarına xas üsulla: alçalmış və əzilmişlikdən əldə edilən qürurla) dəm vuran Marmaledovu Raskolnikovun ata əvəzləyicisi olaraq görmək mümkündürmü? 

Dostoyevski xarakterlərində ümumillikdə iki hiss digərlərinə nisbətən daha teatraldır: birincisi qəzəb (içində ali mərtəbəyə çatmış, teologiya tarixinin bütün Tanrı təsvirlərini xatırladan, kin, nifrət, hirs və s.), ikincisi isə utanma (yerin mümkün olan hər alt qatına qədər girmək, üzün qızırması, titrəmə, gözlərdən leysana bənzər yaşların axması halı). Bu hər iki hissin bir də metamarfozları mövcuddur: Qəzəb bir müddət sonra soyuq simpatiya və sevgiyə; utanma isə qorxu və qürura çevrilir. 

Bəs yaxşı, Svirdqaylovu Raskolnikovun "qeybə çəkilmiş" atası yerində görmək nə dərəcədə düzgündür? Raskolnikovun Marmaledova yazığı gəlir. Özünü dünyanın ən bədbəxt və çarəsiz varlığı kimi gördüyü bir anda qarşılaşdığı bu şəxs onun özündən utanması halını yaradır. Cibindəki pulları Katerina İvanovaya (Marmaledovun arvadı) verdikdə qüruru sakitləşir, insan olduğunu xatırlayır. 

Svirdqaylov epizodunda isə o, sonsuz nifrətini gizlətməyi bacarmır. Svirdqaylovun bacısı Dunyaya etdiyi cinsi istismar buna əsas səbəbdir. Ancaq Sonyanın təkidlərinə tab gətirməyərək (Sonya həmçinin vicdan simvoludur burada) cinayətini etiraf etməyə getdikdə polis kommisarından, dünən Neva gölünə özünü ataraq intihar etmiş kişi haqqında eşidir. Ölən Svirdqaylov adlı bir şəxs, hansı ki, Raskolnikovun Sonyadan başqa işlədiyi cinayətləri bilən tək şəxsdir. Sonsuz nifrətin soyuq sevgiyə dönüşdüyü andır bu: Raskolnikov heç nə olmadan otağına qayıda bilər, ancaq o, bu seçimdən istifadə etməyərək təslim olmağı gözə alır. Svirdqaylov personajında Raskolnikovun "məxfi" atasından parçalar hiss edilir. 

Dmitri Karamazov iki qadın arasında sıxışıb qalır; və elə gəlir ki, həm Katerina İvanovna həm də Gruşenka, təkcə Mitya üçün deyil, digər iki qardaş üçün də ana əvəzləyicisidir. Eyni metod: Gruşenkaya bəslənən nifrətlə sevginin oxşarlığı. Katerina İvanovaya qarşı hiss edilən utanma və çəkinmə, onun əsilzadə üzünə baxma qorxusuyla ölçülür.  
Bunlar nəticədə, təbii ki, qısa mülahizə və fərziyyələrdir. Əsas baxış romanın ifadə etdikləriylə ifadə etmədikləri arasındadır. Ehtiyac, oxucuya azadlıq verməkdədir; yoxsa əskinə, onu romana bir qonaq kimi dəvət etməkdə? Hər iki roman hisslər maskaradıdır. Hissləri seçirəm. 

Elməddin Süleymanov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.