Cəmiyyət

Əhali rüsum və “xidmət haqları” ilə “yüklənir” - CƏDVƏL

17 Sentyabr 2015 23:36
7 Şərh     Baxış: 30 542
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətəndaşlar rüsumlara alışa bilmirlər. Əlbəttə, səbəbini problemin dərinliklərinə endikcə anlamaq mümkündür. Bərdəyə təzə gəldiyim vaxt iki vətəndaşın evini ölülərin adından çıxarıb dirilərə vermək üçün onlarla birlikdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı ərazi idarəsinə getdim. İlk gün hər şey qaydasında idi,vətəndaşa elə davrandılar ki, mən iki günə sənədləri alacaqlarını düşündüm. Növbəti dəfə rüsumun məbləği açıqlandı: çıxarış üçün 30 manat, texniki pasporta 50 manat ödənəcəkdi. Bu normaldır, çünki qanunvericilikdə adıçəkilən xidmətlər üzrə rüsumlar nəzərdə tutulur. "Dövlət rüsumu haqqında" Qanunun 26-cı, "Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcələri" maddəsinə görə daşınmaz əmlaka görə dövlət rüsumunun dərəcələri müəyyən edilib və bunlar aşağıdakı cədvəldə əksini tapıb:  

Milli.Az bizimyol.info-ya istinadən bildirir ki, göründüyü kimi daşınmaz əmlakın sənədləşdirilməsinə qanunda o qədər də yüksək rüsumlar yoxdur. Bu rüsumların cəmi həcmi 160 manatdır. Onun da yalnız 4-ü standartdır, əksər daşınmaz əmlakın sənədləşdirilməsində bu xidmətlər üzrə ödəmə edilir: daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi (30 manat); daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi (50 manat); vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması (20 manat); torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - hər döngə nöqtəsi üçün (20 manat). Bunlar birlikdə 120 manatdır. Sadəcə sonuncu rüsum sahəyə görə bir qədər arta bilər ki, bu da bütün rüsumlarla birlikdə 200 manatı keçməz kimi görünür.  

Dövlət rüsumunun dövlət büdcəsinə nağd şəkildə ödənilməsi barədə ödəyiciyə müəyyən edilmiş formada bank və ya poçt qəbzinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi verilməlidir. Dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarına görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürülür. Buradan belə anlaşılır ki, təşkilatın qazancı elə rüsumun içində nəzərə alınır, rüsumun 30 faizi xidmət haqqı kimi işi görən müvafiq icra hakimiyyəti qurumuna ödənilir. Bununla belə, vətəndaşlar sadəcə rüsum ödəmirlər, onlar əlavə "xidməthaqları" ilə "yüklü edilirlər". Mənim yanımda Forma 1 üçün 85 yaşlı nənə 10 manat dövlət rüsumu, 21 manat da xidmət haqqı ödədi. Yəni təsərrüfat hesablı olduğu deyilən idarənin xidmət haqqı dövlətin rüsumundan iki dəfədən də artıq oldu.  

Ziba Cabbarova birinci dəfə çıxarış və texniki pasporta ümumilikdə 80 manat xərcləmişdi. Elə bildik, bir az da əlavə vəsaitlə proses bitəcək, odur ki, onları taleyin ixtiyarına buraxdım. Bir həftə sonra mənə zəng vurdu, məlum oldu ki, nəinki sənədləri hazır deyil, əlavə ödənişlər də tələb olunur. Telefonu reyestr xidmətinin əməkdaşına verdi. Əməkdaş xanım da əlavə ödənişi belə əsaslandırdı: "Vətəndaşdan artıq pul tələb olunmur, həmin vəsait ərazinin müayinəsi üçündür. Lakin bu, minimum məbləğdir, mütəxəssislər tam müayinəni aparandan sonra smeta tutulacaq, konkret ödəniş bəlli olacaq. Xanım notariusa gedib vərəsəlik edəcək, 20 manat orada ödəyəcək, ondan sonra da reyestr idarəsində əlavə 80+30 manat pul ödənəcək ki, ev ölənin adından çıxarılıb, yeni çıxarış qadının adına verilsin. Elə adam var, evi böyükdür, qeydiyyata alınması 380 manat tutur". 

Yaxşı, bu xidməthaqqı harada yazılıb, daxili təlimatdamı, dövlətin üst qurumlarının bundan xəbəri varmı? Qanunları araşdırdım, xidməthaqqı ilə bağlı bir məlumat tapmadım. Əgər daxili təlimatdırsa, onun da bir əsaslandırılması olmalıdır. Dövlət rüsumlarında birdən-birə bu qədər pul nəzərdə tutulmasa da, faktiki ödənişlər rüsumları bir neçə dəfə keçir. Z.Cabbarova əvvəlcə 80 manat ödəyib, sonra 90 manat ödəniş barədə tələb irəli sürülüb, daha 110 manat da yenə sonda reyestr xidmətinə veriləcək. Üst-üstə 280 manat, onun da üzərinə notarius xidmətini gəlsək, qadının şəxsi evini ölən ərinin adından çıxarıb öz adına keçirməsi 300 manata başa gələcək. Əlbəttə, bu ödənişlər son olsa. Başlanğıcda Z.Cabbarovanın sadəcə evinin sənədləşdiriləcəyini, torpağın isə "gözləyəcəyini" demişdilər. İdarə rəisi Elgiz Vəliyev arxayın eləmişdi ki, dövlət özü o sənədləri gətirib qapısında verəcək. Zərif nənənin də evində eyni problemlərdir, hələ heç bir iş görülməyib, artıq xeyli pul gedib. Təsəvvür edin, torpaq uzun illərdir ailənin istifadəsindədir, amma sənədlər üzərində "yoxa çıxıb", onu haradasa başqa yerlərdə "axtarırlar". Həm də bundan əvvəl olmayan torpağı notarius "bölüb". Necə bölüb, hansı sənəd əsasında, bu da müəmmalıdır.     

Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri də aşağıdakı kimidir: 

Göründüyü kimi, burada da məbləğ o qədər yüksək deyil. Müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə, paytaxt istisna olmaqla, digər şəhər və rayonlarda 80 manatdır. Burada vərəsə olan hər bir şəxs üçün rüsum 80 manat kimi qeyd edilmir, sadəcə bu əməliyyatın dövlət rüsumu göstərilən qədərdir. Faktiki isə Zərif nənənin övladları arasında bölünən torpaq üçün hər birindən 80 manat tələb olunub. O da hələ torpaq tapılsa. 

Mülki Məcəllənin 139-cu maddəsindən 149-cu maddəsinə qədər olan bəndlər əmlak hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 10-cu maddəsinə görə hüquqların dövlət qeydiyyatı qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır. Ərizədə fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadəcə bu sənədlər tələb olunsa, nə var ki? Tülkü tülkülüyünü sübut edincə dərisini boğazından çıxarırlar. Mənim məqaləmin "qəhrəmanları" xeyli sənəd toplayıblar, amma hələ də əlavə kağızlar yığmaq barədə tapşırığa əməl etməklə məşğuldurlar. Buna da bekar adam lazımdır. Qeyri-rəsmi ödəniş tələb eləmirlər, amma yaxşıca dağa-daşa salırlar. 3 həftə əvvəl start verilən işin finiş nöqtəsinə hələ uzun bir məsafə, enerji və vəsait tələb olunur. Vətəndaşlar deyirlər ki, "pulumuz və enerjimiz hara qədər çatsa, ora qədər gedəcəyik". Yəqin ki, onu mən Bərdədəykən görə bilməyəcəm.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.