Cəmiyyət

14 fevral - Məhəmməd Peyğəmbərin doğum günü və Sevgililər günü: hansını qeyd etməli?

10 Fevral 2011 12:09
Baxış: 12 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı bildirir ki, Azərbaycanın yaxın tarixində bayram və matəm günlərinin üst-üstə düşdüyü zamanlar olub və bu təsadüflər hələ də bəzi mübahisələrə yol açmaqdadır. Bir neçə il əvvəl Novruz Bayramı ilə məhərrəmlik mərasimlərinin eyni vaxta düşməsi cəmiyyətdə dərin diskussiyalar və fikir ayrılıqlarının yaranmasına yol açmışdı. Bu dəfə problem bir qədər fərqlidir. Yəni, eyni vaxta düşəcək tarix bayram və matəmlə eynilik təşkil etmir. Məsələ orasındadır ki, bu dəfə Hz. Peyğəmbərin (s) mövludu ilə Valentin günü eyni zamana təsadüf edir. Cəmiyyəti də düşündürən məsələ eyni gündə hər iki hadisənin qeyd edilib-edilə bilməməsidir.

"Bu iki günün üst-üstə düşməsi bir gözəllikdir"

Problemə aydınlıq gətirən Türkiyə Diyanət İşləri Başqanı Mehmet Görməz bu təsadüfü belə açıqlayıb: "İki günün üst-üstə düşməsi gözəl bir təsadüfdir. Çünki biz öz mədəniyyətimizdə sevimli peyğəmbərimizə "Sevgililərin Sevgilisi" deyirik. Həm də bütün sevgilərin qaynağı Yaradanımıza olan sevgimizi göstərir. Biz belə baxırıq. Bizim mədəniyyətimizdə peyğəmbərimizə çox fərqli bir sevgimiz var. Dolayısı ilə bu iki günün üst-üstə düşməsini bir gözəllik kimi qiymətləndirirəm. Biz həm "Sevgililər Sevgilisi"nin doğum günün qeyd edərik, həm də "Sevgililər Sevgilisi"ndən aldığımız sevgini öz sevdiklərimizə ən gözəl şəkildə ifadə etmiş olarıq".

Problem hər iki tarixi ortaya çıxaran amilləri və bunlardan hansının bizə daha doğma olmasının mahiyyətinin açıqlamasını gərəkli edir. Əvvəlcə, Hz. Məhəmmədin (s) Mövluduna nəzər yetirməyimiz lazımıdr. Çünki Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandır və xalqın əhəmiyyətli hissəsi dini inanclarına daha çox bağlıdır.
Hz. Peyğəmbərin (s) doğum günü ilə bağlı müsəlmanlar arasında müxtəlif fikirlər mövcuddur. İslam Peyğəmbərinin doğum gecəsi əhli-sünnə məzhəbinin daşıyıcıları üçün Hicri-qəməri təqvimi ilə Rəbiyül-əvvəl ayının 12-ci gecəsidir. Bu il də həmin tarix fevral ayının 14-ə təsadüf edir. Şiə məzhəbində olanlar isə Peyğəmbərimizin (s) doğum gününü  Rəbiyül-əvvəlin 17-də qeyd edirlər. İslam Peyğəmbərinin (s) doğulduğu tarixin dəqiq müəyyən olunmamısının əsas səbəbi onun Hz.Məhəmmədin (s) və ondan sonrakı dörd xəlifənin zamanında qeyd edilməməsi ilə bağlıdır. Bu fikir ayrılığını aradan qaldırmaq üçün bu iki tarix arasındakı zaman çərçivəsini bütövlükdə bayram edilməsi ilə bağlı irəli sürülən təklifdən sonra həmin tarix Vəhdət həftəsi kimi elan olundu. Vəhdət həftəsinin isə qeyd olunması 1979-cu ildən sonra gerçəkləşdirildi.

Mövlud Günü İslamda mübarək günlərdəndir  

Mövlud gecəsi və ya Peyğəmbərin mövludu İslam tarixində mübarək sayılan günlərdən biridir. Türkiyədə Mübarək Qəndillər kimi adı keçən həmin günlərin sayı beşdir. Bunlar Mövlud, Rəqaib, Merac, Bəraət qəndilləri və Qədr gecəsidir.

Azərbaycanda bu günlər qəndillər adı ilə qeyd olunmur. Mərasimlərin Qəndil adı alması Türkiyə ənənələrinə bağlıdır. Digər tərəfdən Azərbaycanda yetmiş illik sovet rejimi dini bayramların təntənəli şəkildə keçirilməsini qadağan etdiyi üçün bir zamanlar mövcud olmuş ənənələrin təntənəsi də öləziməyə başlamışdı. Azərbaycanda bu ənənələrin bərpası milli oyanış illərindən və dövlət müstəqilliyinin bərpasından sonra geniş xarakter aldı.
Onu da xüsusilə yazmağa ehtiyac var ki, bu mübarək günlər dinimizə görə vacib olan bayram kimi qeyd edilən ibadətlərdən sayılmır. İslamın vacib bayramları Ramazan və Qurban bayramlarıdır. Başqa tarixdə keçirilən bayramlar müstəhəb, yəni bəyənilən əməllər sırasına daxil edilib. Bir məsələ də bu günlərin qardaş Türkiyə tarixində niyə məhz qəndillər deyə adlandırılamsına aydınlıq gətirilməsini zəruri edir.  

Hicri-qəməri tarixi ilə 3-cü əsrdən başlayaraq mübarək gecələr mistik çevrələrdə qeyd olunmağa başlayıb. Təsəvvüf dünyagörüşünə malik insanların keçirdiyi bu mübarək gecələrin bayram edilməsi sonradan Osmanlı sarayına gətirilib və II Sultan Səlim tərəfindən rəsmi olaraq elan edilib. Həmin gecələrin adının Qəndil gecələri almasının səbəbi o bayramların başladığını məscdilərin minarələrində qəndillər yandırılması ilə elan olunmasıyla bağlıdır. Bu gecələrin bayram edilməsi barədə mərasimləri qərar verənlər Qurani-Kərimdəki "Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik" (Duxan surəsi, ayə 3) ayənin hikmətinə söykənirdilər.

Valentin niyə tarixə düşüb?

Bu məsələyə aydınlıq gətirildikdən sonra Valentin günü ilə bağlı izaha da ehtiyac duyulur. Öz şəxsi qənaətimiz bundan ibarətdir ki, dünyanın əksər ölkələrində Sevgililər Günü kimi qeyd edilən Valentin günü xalqımıza doğma olmayan anlayışdır. Bu gün, cəmiyyətimizin həyatında yaxın zamanlarda ortaya çıxan hadisədir. Mən də bu günü özümə yad hesab edirəm. Lakin kimlərsə 14 fevralı öz sevgisini paylaşmaq, əzizlərini sevindirmək kimi arzusunu gerçəkləşdirmək istəyrisə, onun da işlərinə qarışmaq fikrindən uzağam. Kimlərsə onu sevgi günü kimi paylaşmaq istəyindədrisə, onun haqqına girmək də başqaları üçün yolverilməz sayılmalıdır.

Valentin günü hər ilin fevral ayının 14-də bir çox ölkədə qeyd edilən xüsusi bir gündür. Əvvəli Roma Katolik Kilsəsinin inancına söykənən bu gün Valentin adlı bir din adamının elan etdiyi bir bayram günü olaraq ortaya çıxıb. Qərb dünyasında Müqəddəs Valentin Günü kimi keçirilən bu bayram bir qədər öncə Azərbaycanda da qeyd olunmağa başladı. Bayramın mahiyyətində sevənlərin bir-birini təbrik etməsi, hədiyyələr bağışlaması ilə öz təntənəsini alır.

Fevral ayı sevgililərin ayıdır?

Fevral ayının ortası ilə bağlı sevgi münasibətlərinin təntənəli şəkil alması qədim dövrə dayanır. Antik Yunan təqvimlərində bu zaman Zevs və Heranın evlənməsi hadisəsi kimi bayram edilib.
1381-ci ildə yazılmış "Parlement of Foules" (Çirkinlərin parlamenti) adlı kitabda Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların cütləşməsi günü kimi bildirilir. Bu günü qeyd edən insanların əsas xüsusiyyəti sevgililərinə gözəl sözlər yazılmış açıqcaların hədiyyə edilməsidir.
Romantik sevgi ilə Valentin arasındakı bağlılığın ortaya çıxması tarixi on dördüncü əsrə dayanır. Bəzi mənbələrdə qeyd olunur ki, Valentin Roma əsgərləri üçün nikahın qadağan olunduğu vaxtlarda onlara sevgililəri ilə kəbin kəsib. Bu hərəkətinə görə Roma kilsəsi Valentini yandırmaqla onun haqqında dəhşətli hökm verib.

Azərbaycanda milli Sevgililər Günü olmalıdırmı?

Azərbaycana "gəldiyi" ilk illərdə 14 fevral əgər mübahisəsiz şəkildə, əsasən də gənclər, yeniyetmələr tərəfindən qeyd olunurdusa, sonradan mübahisəli, zidiyyətli xarakter almağa başladı. Bu günün bayram əhval-ruhiyyəsi ilə qeyd edilməsinin əleyhinə olanların arqumentlərini də əsaslı saymaq olar - bu, bizim xalqın tarixinə, dininə, ənənələrinə bağlı  hadisə deyil. Əgər belədirsə, biz onu niyə təntənə ilə qeyd etməli, öz əlamətdar günlərimiz sırasına daxil etməliyik? Bu arqumenti dəstəkləyənlər 14 fevralın məhz xalqımızın adı ilə bağlı əlamətdar hadisəylə əvəzlənməsini təklif ediblər və bununla əlaqədar artıq neçə ildir ki, ictimaiyyət arasında Azərbaycanın qan yaddaşının şərəfli səhifəsi olan 20 Yanvar hadisələrində şəhid olmuş İlham və Fərizənin toy günlərinin tarixi - 30 iyunu Azərbaycanda sevgililər günü kimi qeyd olunması kampaniyası aparılır. Demək olar ki, bu ideya artıq cəmiyyətdə özünə müəyyən yer tutub və getdikcə də möhkəmlənməyə doğru istiqamət götürüb. Çünki bu tarix xalqımıza, cəmiyyətimizə daha yaxın, daha doğma olduğu üçün, milli dəyərlərin möhkəmlənməsinə çalışan mühafizəkar cəmiyyət tərəfindən qorunub saxlanılacaq.

Hər iki tarix barədə qismən də olsa, bəzi məlumatları yazdıqdan sonra öz şəxsi qənaətlərimizi də qeyd etməyi gərəkli duydum. Sevgi hissi insanı bütün həyatı boyunca ayaqda saxlaya biləcək hissdir. Bu hiss insanı maddi problemlərdən qismən uzaqlaşdıra biləcək duyğudur. Sevgi insanın ruhunu bir başqasının ruhuna, bəzən mistik olaraq ilahiyə bağlayan anlayışdır. Şekspirin yazdığı kimi, sevginin nə qədərini versək, o qədərini də alarıq. Dünyada nə varsa, xərcləndikcə tükənir, amma sevgi paylaşdıqca artar. Allah insanı sevərək yaradıb. Bu da ilahi hikmətdir. İnsanları və insanlığı Allaha xatir sevmək təmənna güdmədən sevməkdir. Bu cür sevgini yaşamağın əvəzini Yaradan mütləq verəcək, inşəallah. Böyük sevginin yolu Allah sevgisini qazanmaqdadır. Orta əsrlərin böyük fikir adamlarından olan Əbubəkir Şibli yazırdı ki, Qiyamət Günü Allah insanlardan bunu soruşacaq: "Mən sizin yanınızda idim, siz kimin yanında idiniz?!" Bu hikməti həyatınıza gətirin, doğru səfdə qərar tutun. Sevənlərin və sevilənlərin yanında...

Rəsul Mirhəşimli
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.