14 fevral - Məhəmməd Peyğəmbərin doğum günü və Sevgililər günü: hansını qeyd etməli?
10 Fevral 2011 12:09
Milli.Az xəbər portalı bildirir ki, Azərbaycanın yaxın tarixində bayram
və matəm günlərinin üst-üstə düşdüyü zamanlar olub və bu təsadüflər
hələ də bəzi mübahisələrə yol açmaqdadır. Bir
neçə il əvvəl Novruz Bayramı ilə məhərrəmlik mərasimlərinin eyni vaxta
düşməsi cəmiyyətdə dərin diskussiyalar və fikir ayrılıqlarının
yaranmasına yol açmışdı. Bu dəfə problem bir qədər fərqlidir. Yəni,
eyni vaxta düşəcək tarix bayram və matəmlə eynilik təşkil etmir. Məsələ
orasındadır ki, bu dəfə Hz. Peyğəmbərin (s) mövludu ilə Valentin günü
eyni zamana təsadüf edir. Cəmiyyəti də düşündürən məsələ eyni gündə hər
iki hadisənin qeyd edilib-edilə bilməməsidir.
"Bu iki günün üst-üstə düşməsi bir gözəllikdir"
Problemə aydınlıq gətirən Türkiyə Diyanət İşləri Başqanı Mehmet Görməz
bu təsadüfü belə açıqlayıb: "İki günün üst-üstə düşməsi gözəl bir
təsadüfdir. Çünki biz öz mədəniyyətimizdə sevimli peyğəmbərimizə
"Sevgililərin Sevgilisi" deyirik. Həm də bütün sevgilərin qaynağı
Yaradanımıza olan sevgimizi göstərir. Biz belə baxırıq. Bizim
mədəniyyətimizdə peyğəmbərimizə çox fərqli bir sevgimiz var. Dolayısı
ilə bu iki günün üst-üstə düşməsini bir gözəllik kimi qiymətləndirirəm.
Biz həm "Sevgililər Sevgilisi"nin doğum günün qeyd edərik, həm də
"Sevgililər Sevgilisi"ndən aldığımız sevgini öz sevdiklərimizə ən gözəl
şəkildə ifadə etmiş olarıq".
Problem hər iki tarixi ortaya çıxaran amilləri və bunlardan hansının
bizə daha doğma olmasının mahiyyətinin açıqlamasını gərəkli edir.
Əvvəlcə, Hz. Məhəmmədin (s) Mövluduna nəzər yetirməyimiz lazımıdr.
Çünki Azərbaycan əhalisinin mütləq əksəriyyəti müsəlmandır və xalqın
əhəmiyyətli hissəsi dini inanclarına daha çox bağlıdır.
Hz. Peyğəmbərin (s) doğum günü ilə bağlı müsəlmanlar arasında müxtəlif
fikirlər mövcuddur. İslam Peyğəmbərinin doğum gecəsi əhli-sünnə
məzhəbinin daşıyıcıları üçün Hicri-qəməri təqvimi ilə Rəbiyül-əvvəl
ayının 12-ci gecəsidir. Bu il də həmin tarix fevral ayının 14-ə təsadüf
edir. Şiə məzhəbində olanlar isə Peyğəmbərimizin (s) doğum gününü
Rəbiyül-əvvəlin 17-də qeyd edirlər. İslam Peyğəmbərinin (s) doğulduğu
tarixin dəqiq müəyyən olunmamısının əsas səbəbi onun Hz.Məhəmmədin (s)
və ondan sonrakı dörd xəlifənin zamanında qeyd edilməməsi ilə bağlıdır.
Bu fikir ayrılığını aradan qaldırmaq üçün bu iki tarix arasındakı zaman
çərçivəsini bütövlükdə bayram edilməsi ilə bağlı irəli sürülən
təklifdən sonra həmin tarix Vəhdət həftəsi kimi elan olundu. Vəhdət
həftəsinin isə qeyd olunması 1979-cu ildən sonra gerçəkləşdirildi.
Mövlud Günü İslamda mübarək günlərdəndir
Mövlud gecəsi və ya Peyğəmbərin mövludu İslam tarixində mübarək sayılan
günlərdən biridir. Türkiyədə Mübarək Qəndillər kimi adı keçən həmin
günlərin sayı beşdir. Bunlar Mövlud, Rəqaib, Merac, Bəraət qəndilləri
və Qədr gecəsidir.
Azərbaycanda bu günlər qəndillər adı ilə qeyd olunmur. Mərasimlərin
Qəndil adı alması Türkiyə ənənələrinə bağlıdır. Digər tərəfdən
Azərbaycanda yetmiş illik sovet rejimi dini bayramların təntənəli
şəkildə keçirilməsini qadağan etdiyi üçün bir zamanlar mövcud olmuş
ənənələrin təntənəsi də öləziməyə başlamışdı. Azərbaycanda bu
ənənələrin bərpası milli oyanış illərindən və dövlət müstəqilliyinin
bərpasından sonra geniş xarakter aldı.
Onu da xüsusilə yazmağa ehtiyac var ki, bu mübarək günlər dinimizə görə
vacib olan bayram kimi qeyd edilən ibadətlərdən sayılmır. İslamın vacib
bayramları Ramazan və Qurban bayramlarıdır. Başqa tarixdə keçirilən
bayramlar müstəhəb, yəni bəyənilən əməllər sırasına daxil edilib. Bir
məsələ də bu günlərin qardaş Türkiyə tarixində niyə məhz qəndillər deyə
adlandırılamsına aydınlıq gətirilməsini zəruri edir.
Hicri-qəməri tarixi ilə 3-cü əsrdən başlayaraq mübarək gecələr mistik
çevrələrdə qeyd olunmağa başlayıb. Təsəvvüf dünyagörüşünə malik
insanların keçirdiyi bu mübarək gecələrin bayram edilməsi sonradan
Osmanlı sarayına gətirilib və II Sultan Səlim tərəfindən rəsmi olaraq
elan edilib. Həmin gecələrin adının Qəndil gecələri almasının səbəbi o
bayramların başladığını məscdilərin minarələrində qəndillər
yandırılması ilə elan olunmasıyla bağlıdır. Bu gecələrin bayram
edilməsi barədə mərasimləri qərar verənlər Qurani-Kərimdəki "Biz onu
mübarək bir gecədə (qədr gecəsində) nazil etdik" (Duxan surəsi, ayə 3)
ayənin hikmətinə söykənirdilər.
Valentin niyə tarixə düşüb?
Bu məsələyə aydınlıq gətirildikdən sonra Valentin günü ilə bağlı izaha
da ehtiyac duyulur. Öz şəxsi qənaətimiz bundan ibarətdir ki, dünyanın
əksər ölkələrində Sevgililər Günü kimi qeyd edilən Valentin günü
xalqımıza doğma olmayan anlayışdır. Bu gün, cəmiyyətimizin həyatında
yaxın zamanlarda ortaya çıxan hadisədir. Mən də bu günü özümə yad hesab
edirəm. Lakin kimlərsə 14 fevralı öz sevgisini paylaşmaq, əzizlərini
sevindirmək kimi arzusunu gerçəkləşdirmək istəyrisə, onun da işlərinə
qarışmaq fikrindən uzağam. Kimlərsə onu sevgi günü kimi paylaşmaq
istəyindədrisə, onun haqqına girmək də başqaları üçün yolverilməz
sayılmalıdır.
Valentin günü hər ilin fevral ayının 14-də bir çox ölkədə qeyd edilən
xüsusi bir gündür. Əvvəli Roma Katolik Kilsəsinin inancına söykənən bu
gün Valentin adlı bir din adamının elan etdiyi bir bayram günü olaraq
ortaya çıxıb. Qərb dünyasında Müqəddəs Valentin Günü kimi keçirilən bu
bayram bir qədər öncə Azərbaycanda da qeyd olunmağa başladı. Bayramın
mahiyyətində sevənlərin bir-birini təbrik etməsi, hədiyyələr
bağışlaması ilə öz təntənəsini alır.
Fevral ayı sevgililərin ayıdır?
Fevral ayının ortası ilə bağlı sevgi münasibətlərinin təntənəli şəkil
alması qədim dövrə dayanır. Antik Yunan təqvimlərində bu zaman Zevs və
Heranın evlənməsi hadisəsi kimi bayram edilib.
1381-ci ildə yazılmış "Parlement of Foules" (Çirkinlərin parlamenti)
adlı kitabda Fransa və İngiltərədə 14 fevral ənənəvi olaraq quşların
cütləşməsi günü kimi bildirilir. Bu günü qeyd edən insanların əsas
xüsusiyyəti sevgililərinə gözəl sözlər yazılmış açıqcaların hədiyyə
edilməsidir.
Romantik sevgi ilə Valentin arasındakı bağlılığın ortaya çıxması tarixi
on dördüncü əsrə dayanır. Bəzi mənbələrdə qeyd olunur ki, Valentin Roma
əsgərləri üçün nikahın qadağan olunduğu vaxtlarda onlara sevgililəri
ilə kəbin kəsib. Bu hərəkətinə görə Roma kilsəsi Valentini yandırmaqla
onun haqqında dəhşətli hökm verib.
Azərbaycanda milli Sevgililər Günü olmalıdırmı?
Azərbaycana "gəldiyi" ilk illərdə 14 fevral əgər mübahisəsiz şəkildə,
əsasən də gənclər, yeniyetmələr tərəfindən qeyd olunurdusa, sonradan
mübahisəli, zidiyyətli xarakter almağa başladı. Bu günün bayram
əhval-ruhiyyəsi ilə qeyd edilməsinin əleyhinə olanların
arqumentlərini də əsaslı saymaq olar - bu, bizim xalqın tarixinə,
dininə, ənənələrinə bağlı hadisə deyil. Əgər belədirsə, biz onu niyə
təntənə ilə qeyd etməli, öz əlamətdar günlərimiz sırasına daxil
etməliyik? Bu arqumenti dəstəkləyənlər 14 fevralın məhz xalqımızın adı
ilə bağlı əlamətdar hadisəylə əvəzlənməsini təklif ediblər və bununla
əlaqədar artıq neçə ildir
ki, ictimaiyyət arasında Azərbaycanın qan yaddaşının şərəfli
səhifəsi olan 20 Yanvar hadisələrində şəhid olmuş İlham və Fərizənin
toy günlərinin tarixi - 30 iyunu Azərbaycanda sevgililər günü kimi qeyd
olunması kampaniyası aparılır. Demək olar ki, bu ideya artıq cəmiyyətdə
özünə müəyyən yer tutub və getdikcə də möhkəmlənməyə doğru istiqamət
götürüb. Çünki bu tarix xalqımıza, cəmiyyətimizə daha yaxın, daha
doğma olduğu üçün, milli dəyərlərin möhkəmlənməsinə çalışan mühafizəkar
cəmiyyət tərəfindən qorunub saxlanılacaq.
Hər iki tarix barədə qismən də olsa, bəzi məlumatları yazdıqdan sonra
öz şəxsi qənaətlərimizi də qeyd etməyi gərəkli duydum. Sevgi hissi
insanı bütün həyatı boyunca ayaqda saxlaya biləcək hissdir. Bu hiss
insanı maddi problemlərdən qismən uzaqlaşdıra biləcək duyğudur. Sevgi
insanın ruhunu bir başqasının ruhuna, bəzən mistik olaraq ilahiyə
bağlayan anlayışdır. Şekspirin yazdığı kimi, sevginin nə qədərini
versək, o qədərini də alarıq. Dünyada nə varsa, xərcləndikcə tükənir,
amma sevgi paylaşdıqca artar. Allah insanı sevərək yaradıb. Bu da ilahi
hikmətdir. İnsanları və insanlığı Allaha xatir sevmək təmənna güdmədən
sevməkdir. Bu cür sevgini yaşamağın əvəzini Yaradan mütləq verəcək,
inşəallah. Böyük sevginin yolu Allah sevgisini qazanmaqdadır. Orta
əsrlərin böyük fikir adamlarından olan Əbubəkir Şibli yazırdı ki,
Qiyamət Günü Allah insanlardan bunu soruşacaq: "Mən sizin yanınızda
idim, siz kimin yanında idiniz?!" Bu hikməti həyatınıza gətirin, doğru
səfdə qərar tutun. Sevənlərin və sevilənlərin yanında...
Rəsul Mirhəşimli
Milli.Az