Cəmiyyət

Standart bayramlaşma və ya xorla: "Bahəm!"

19 İyul 2015 08:53
3 Şərh     Baxış: 2 215
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bayram təbriklərinə diqqət etmisinizmi? Gəlin birlikdə nəzər salaq: "Bayramınız mübarək", "Neçə belə bayramlara", "Uzun ömür, cansağlığı", "Ailə səadəti" və alternativi olmayan cavab: "Bahəm".

İndi isə bayramlara keçək. Məsələn, elə hazırkı bayramımız Ramazandan başlayaq. Ramazan və ya Orucluq bayramı - adından da göründüyü kimi, oruc tutanların, ibadət edənlərin bayramı. Amma oruc tutanlar oruc tutmayanları və ya əksinə, oruc tutmayanlar oruc tutanları təbrik edirlər. Belə də olur: oruc tutmayanlar oruc tutmayanları təbrik edirlər. Maraqlısı budur ki, oruc tutmayıb bayramlaşanların əksəriyyətinin oruc tutmamaqda səbəbi yoxdur, olsa-olsa bəhanə olar.

Ən xoşagəlməz mənzərə isə "milli ateistlər"in bu bayramı qeyd edənləri ələ salmasıdır. Bəlkə, bir qədər də bir-birimizə hörmət etməyi öyrənək? Günün 17 saatını susuz qalmağı bacarmaq heç də asan deyil axı... Heç kim bu bayramın mənasını, məqsədini, məğzini öyrənmək istəmir. Səbəbi də budur: Məhəmməd peyğəmbərin öz qövmü üçün etdiyinin yüzdə birini öz milləti üçün edə bilməyənlər Məhəmmədə nifrətə kökləniblər.

Keçək miladi təqvimi ilə Yeni ilə. Son dövrlərdə bu bayramı qeyd etməyənlərin sayı artmaqda davam edir. Şaxta baba, Qar qız, şən yolka isə indiki uşaqların maraq dairəsinin yanından da ötə bilmir.

Bu bayrama daha çox dindarlar əhəmiyyət vermirlər. Və həmin dindarlardan biri sonuncu Yeni il bayramında məni pərt etdi. Qısa telefon danışığı:

- Qardaş, salam.

- Va aleykum salam.

- Necəsən?

- Əlhəmdülillah.

- Bayramın da mübarək.

- .......

- Iıııı... həəə... şey...

- .......

- Həəə, siz... eee...

- .......

- Bir şey soruşacaqdım.

- Buyur, qardaş.

Hər hansı bayramı qeyd etməyənləri həmin bayram münasibətilə təbrik etməyimiz vacibdirmi? Özü də şablon təbriklərlə.

Və ya Silahlı Qüvvələr Günü. Ordudan müxtəlif yollarla yayınan erkəklər bir-birini və ya hərbi xidmət keçmişlər "neqodnı"ları təbrik edirlər. Nə var-nə var, münasibət var.

Davam edək.

- Bayramın mübarək!

- Nə bayramı?

- Sevgililər Günüdür də.

- Nə?!

- "Den Valentin".

- Get işinlə məşğul ol!

Qurban bayramında atışıb qoyun alan, sonra o qoyunu qohum-əqrəbaya - bəli, 0,5 kq ətə ehtiyacı olanlara deyil, məhz qohum-əqrəbaya (ayıbdır, yaxşı deyil axı) - paylayanlar bir-birilərini təbrik edirlər.

Novruz bayramının adət-ənənələri isə tədricən sıradan çıxır. Çünki göydələndəki mənzillərdə şəkərbura, paxlava bişirmək (bir çox hallarda sifariş vermək) Novruz bayramını qeyd etməyin yalnız 3 faizi ola bilər. Və təbii ki, təbriklərimizin dozası da 3 faiz olur.

Bütün bayramlarda da qulağımızı yağır edən standart təbriklər... Çünki bütün bayramlarımızı standartlaşdırmışıq, bayramların məğzini, məqsədini, tarixini bilmədən, öyrənmədən, kor-koranə şəkildə qeyd edirik. Deyəsən, elə bütün bayram süfrələrimizdəki təamlar da standartlaşır.

"Ən gözəl günüm mənim üçün elə bayramdır". Gəlin, hər günümüzü bayram kimi yaşayaq. Və sonda təbii ki, üzümü xalqıma tuturam: "Bayramınız mübarək! Neçə belə bayramlara! Uzun ömür, cansağlığı arzulayıram!"

Hamınız bir ağızdan "BAHƏM!" deyin...

Bəxtiyar Hacıyev

Trend

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.