Cəmiyyət

"Qızım səni ərə verim": toy mövsümü başlayır.... bəs hansı adətlərlə?

3 Fevral 2011 09:03
Baxış: 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Milli.Az xəbər portalı bildirir ki, bu gün Məhərrəmlik ayı (Məhərrəm və Səfər ayları) başa çatır. Ölkə restoranlarının 40 günlük susqunluğu, bununla yanaşı xalqımızın 40 günlük oynamaq, yemək-içmək və savaşıb-barışmaq həsrətinə son qoyulacaq. Paytaxt və bölgə restoranları yenə al-əlvan, bir-birindən şit musiqi sədaları ilə xalqımızın xoşbəxtliyinə şahidlik edəcəklər. "Şuşa", "Laçın", "Qubadlı" və s. kimi restoranlarımızda xalqımız yenidən qəhərini dağıdacaq, kədərini unudacaq, oğul evləndirib, qız ərə verəcək, ov ovlayıb, quş quşlayacaq.

Bunu qoyum ona keçim. Bizim toy və toyxana adət-ənənəmiz barədə hər kəsin dərin bilgilərə sahib olduğu fikrindəyəm. Hamı bilir ki, sevgilərinin zirvəsinə dırmaşaraq, evlənmək qərarına gələn gənclərimiz və orta yaşlılarımız, hətta bəzən qocalarımız yenə oturacaqlar kirəyələdikləri "Limuzin"ə, ya da üstüaçıq "Porşe"yə üz qoyacaqlar müasir toyxanalara, yəni şadlıq evlərinə. Onu da bilirsiniz ki, elə həmin toyxanalarda stollara düzülmüş 77 növ nemətin cəmi 1-2-si yeyiləcək, qalanları isə israf olmasın deyə, toyxana sahibi tərəfindən sabahkı toy üçün yığışdırılıb, saxlanılacaq. Ənənəvi manıs mahnıları da öz yerində. İmkanına görə kimisi 5 yüz manatlıq, kimisi də 5 min manatlıq manıs dəvət edərək, müasir Azərbaycan mahnıları ilə qonaqlarını feyz edib, yeyib-içib, oynaşıb-dalaşıb dağılışacaqlar. Evli evinə, subay da öz evinə.

Bəs yaxşı, bizimlə eyni dünyada qərarlaşan digər bəşər övladları necə evlənir? Onlardamı öz toylarında "Limuzin" kirayələyib, 77 növ neməti israf edirlər?

Dünya xalqları necə evlənir?

Kinolardan və seriallardan görüb, öyrəndiyimiz qədərilə hamımız elə bilirik ki, xarici adamlar çox sadə şəkildə evlənirlər. Sevirlər, seçirlər, sonra da kilsədə bir mərasim və ardınca xoşbəxt ailə. Necə deyərlər, "Üç dollar pul, bir kəllə qənd, bir də keşiş, vəsəllam".

Amma... Araşdırmalarımız nəticəsində aydınlaşdırdıq ki, göyün altında nə qədər xalq varmışsa, bəlkə də o qədər də toy adəti varmış.

Deməli, belə. Başlayaq bu aralar əsəbləşərək, inqilab həvəsinə düşən Afrikalı qardaşlarımızdan. Sən demə, afrikalı bəy-gəlin toy günü bir süpürgənin üzərindən hoppanır. Bunu da belə əsaslandırırlar ki, guya, adət gəlinlə bəyin keçmişə aid pis anlarını unutduracaq.

Gəlin-bəyin başına düyü yağışı

Bizə bir köynək yaxın olan türkmən qardaşlarımız isə evləndiklərində bəlkə də heç kasıbın görmədiyi günə düşürlər. Deməli belədir ki, toy günündə oğlan evi qıza öz ağırlığında qızıl-zinət əşyası hədiyyə etməlidir. Qızıl yoxdusa, qız da yoxdu. Necə deyərlər, "qız qızıla dönüb, yox oğlanların xəbəri".

Danışıqları ilə çox sərt görünən, görünüşləri ilə buz kimi olduqları hissi yaradan almanlar isə sən demə, xeyli maraqlı evlənirlərmiş. Burda da bəy və gəlinin üst-başı qonaqların atdığı düyü ilə dolub-daşır. Yəni ki, yeni ailə bərəkətli olsun. Gəlinin saçında neçə düyü qalarsa, gələcəkdə yeni ailənin o qədər uşağı olurmuş. Almanlar da olan gəlinin ayaqqabılarının altına adlarını yazmaq üçün növbəyə düzülən subaylar isə digər Avropa ölkələrində də boldur.

Toyda ayaqqabınıza pul qoyulubmu?

Çexiyalı dünyalı qardaşlarımız isə məşhur Azərbaycan filminin tam əksinə, bəyi deyil, gəlini oğurlayırlar. Bəy yazıq da, o tay sənin, bu tay məmin, başlayır toy günü gəlin axtarmağa.  Əgər taparsa, bu, o demək olur ki, bəy gəlini çox sevir. Toy sonunda isə qonaqlar gəlinin duvağı ilə bəyin ayyaqqabısına pul qoyurlar, bu da olur azərbaycanlıların nəməri.

Britaniya adasının ən üsyankar və barışmaz xalqı olan şotlandlar da maraqlı toy adətləri ilə heç kimdən geri qalmaq niyyətində deyillər. Kişilərinin yubka geyinməsi ilə məşhur olan bu xalqın adətlərinə görə isə gəlin toydan bir gün əvvəl küçələrə çıxarılır və o ki var, çirkləndirilir. Yumurtadan tutmuş, pomidora qədər hər cür ərzaqla üst-başı "gözəlləşən" gəlin oğlan evi tərəfindən bu vəziyyəfə bütün şəhərdə gəzdirilir.

Təzə gəlin keçmişini yuyub tökməlidir

Çinli qardaşlarımız isə yenə öz fallarından qalmır, toy günü səbəbkarları astroloq yanına aparırlar. Astoroqlar qarşılıqlı şəkildə bəy və gəlin haqqında ciddi analitik-təhlil materialı hazırlayırlar. Bu material hər iki tərəfi qane eləsə, tiy hazırlığı başlayır. Dərd bununla bitsə, yaxşıdı. Ondan sonra da bəy evi gəlinlə eyni bürcdə bir qız tapmalıdı ki, toyda ona yoldaşılıq eləsin.
 
Xalqımızın köhnə kişilərinin köhnə adəti olan bəy hamamı məsələsi isə fransızlarda qadın hamamı ilə əvəzlənib. Toy günü gəlinin qohum-əqrəbası, dost-tanışı yığışıb hamamda kisələnməyə gedirlər. Bununla da, abırlı-həyalı gəlin qızımız keçmiş sevgililəri ilə aralarında olan intim və qeyri-intim əhvalatları kirlə birlikdə yuyub, atır. Necə deyərlər, "fransız xalqı kef eləyir".

Bəyi gərək söysünlər ki...

Hindlilər isə hər şeydə olduğu kimi, toy adətlərində də xeyli "qabağa gediblər". Hind kinolarının səmimi azarkeşi olan xalqımızın məlumudur yəqin, toyda bəylə gəlin "müqəddəs atəş"in ətrafında 4 dəfə fırlanır və daha sonra stollarına tərəf qaçmağa başlayırlar. Hindililər inanır ki, həmin stola birinci kim otursa, ömür boyu "evin rəisi" o, olacaq.
 
Pakistan da qonşusu Hindistandan geri qalmamaq üçün bir sıra toy adətləri ilə zəngindir. Burada bəyi toy günü ciddi təhlükələr gözləyir. Qız evinin hörmətli kişiləri bəyi sınaqdan çıxarmaq, onun nə qədər qanacaqlı olduğunu yoxlamaq üçün ağızlarına və ağıllarına gələn bütün söyüşləri potensial yeznəyə ünvanlayırlar. İşdi-şayətdi, bəy bu sınaqdan üzüağ çıxarsa, onda yarına qovuşmaq xoşbəxtliyinə nail olurlar.

Arıq qızlar kişi üzü görə bilməzlər...

Mavritaniyalı müsəlman qardaşlarımız isə ətli-budlu qadınlarla evlənməyi sevdikləri üçün arıq qızların bu ölkədə evlənməsi yasaqdır. Konkret olaraq, 60 kilodan aşağı olan qızlara kişi üzü görmək qadağandır. Əmma... İşin bir əmması da var ki, əgər yazıq qız 100 kilodan çoxdursa, ona yenə xoşbəxt ailə görmək nəsib olmur.

Hə, beləliklə dünyanın dörd bir yanında baş tutan toy adətlərinin bir qismi olə tanış olduq. Belə baxanda, bu qədər qəliz və əndrəbadi toy adət-ənəsi olan dünya ölkələrini görəndə, adamın sevincdən evlənməyi gəlir. Nə də olmasa, bizim bu cür ənənələrimiz yoxdur. Qurban olum, öz toyuma, toyxanama, adət-ənənəmə...

Subaylarınızdan görəsiniz.

Anar Gəraylı
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.