Cəmiyyət

Zinət əşyaları qadını ələ verir

4 İyun 2015 18:58
0 Şərh     Baxış: 2 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qadınların xasiyyətinin, nə istədiyinin, həyatda nə gözlədiyini örənmək üçün onların taxdığı bəzək və zinət əşyalarına baxmaq kifayətdir. Bir-birindən daha çox diqqət çəkən istər bijuteriya, istərsə də bahalı zinət əşyaları yalnız bəzək və aksessuar rolunu oynamır. Onlar həm də qadınların daxili aləmlərinin sirlərini açmağa kömək edir.

Əksər qadınlar bijuteriya və zinət əşyalarından istifadə etməyi, bununla da tərzinə bir rəng qatmağı sevirlər. Bəs, görəsən, onlar zinət əşyalarına niyə bu qədər maraq göstərir, bu xırda detallar qadın psixologiyasında nəyə işarə edir?

Psixoloq Aysel Hüseynovanın sözlərinə görə, qadınlar bütün dövrlərdə zinət əşyalarına maraq göstəriblər: "Müasir dövrdə yalnız qiymətli daş-qaş və metallardan düzəldilən aksessuarlar deyil, ucuz qiymətə ala biləcəyimiz bijuteriya da aktualdır. Qadın xarakteri, daxili aləmi çox mürəkkəb və rəngarəngdir. Bijuteriya, aksessuarların köməyi ilə o, özünü ifadə edir. Özünü parlaq ifadə edə bilən qadınlar özlərini daha xoşbəxt hiss edir, əhvalları daha yüksək olur" deyən psixoloq bildirib ki, dəblə ayaqlaşan, enerjili, gənc xanımlar daha çox üzərində yazılar olan, müxtəlif rəmzli bijuteriyalara üstünlük verirlər.

Şərq üslübunda olan, qədim zinət əşyalarını xatırladan aksessuarlara üstünlük verənlər romantik və qapalı olmaları ilə fərqlənirlər. Nazik boyunbağı taxanlar sakit təbiətli olurlar. Onlar başqaları ilə konfliktə girməkdən çəkinir və üzüyoladır. "Qalın boyunbağı sevən xanımlarsa öz dəyərini bilən, tələbkar olurlar. Onlarda özündən razılıq və eqoizm çalarları da görmək mümkündür".

Həmsöhbətimizə görə, həssas xanımlar qulaqlarına asqı taxmağı xoşlayır. Əgər qadın əks cinsin yanında asqıya toxunur və ya onu düzəltmək istəyirsə, həmin kişinin xoşuna gəlməyə çalışır.

Qolbaq taxan xanımlarsa, özünü ətrafın neqativ enerjisindən qorumağa çalışır. Xanımların ən çox sevdiyi zinət əşyası üzükdür. Baş barmağına üzük taxanlar özünü ifadə etməyə ehtiyac duyurlar. Çeçələ barmağa taxılmış üzüksə, sahibinin yaradıcı və romantik şəxs olduğunu göstərir. Bu tərz taxılan üzük sahibinin həyatdan daim narazı olduğunu da göstərir. Belə insanlara nəyisə bəyəndirmək, razı salmaq olduqca çətindir. "İşarə barmağına üzük taxan xanımlarsa hökmlü olur. Bu barmağa taxılan üzüyün bahalı qaşlarla bəzədilməsi sahibinin özünü nə qədər sevdiyini göstərir. Daşlar çox olduqca, insanın özünə alüdəliyi də çox olur".

A.Hüseynova deyir ki, üzüklərə görə xasiyyətin müəyyən tərəflərini təhlil etməyə çalışdıqda üzüklərin yalnız hansı barmağa taxılması deyil, forması, böyük, kiçik olması da nəzərə alınmalıdır. Belə ki, adsız barmaqdakı üzük sol əldədirsə, qadının evli, nişanlı olmasına işarə edir. Ümumiyyətlə, adsız barmağa üzük taxmağı sevənlər həssasdır. Bu barmağa taxılan üzüklər çox iri və diqqəti çəkəndirsə, qadın temperamentli, aqressiv və tez özündən çıxandır. Belə üzüklər orta barmaqdadırsa, insanın özündən razı və şöhrətpərəst olduğunu göstərir. Əgər orta barmağa taxılan üzük incə və sadədirsə, sahibi emosiyalarını idarə edir, öz hisslərini ətrafdakılara göstərməyi xoşlamır. Böyük üzük taxmaqla qadınlar diqqəti çəkmək, bəyənilmək arzusunu da ifadə edə bilər.

Zinət əşyalarında şəffaf daşlar varsa, sahibi səmimi və sadə adamdır. O, sevgiyə və etibara diqqət verir. Belə qadınlar üçün həyatda əsas hisslər, sonra isə pul gəlir.

Taxtadan olan aksessuar və bəzək əşyaları qadının müxtəlif maraqlarının olduğunu göstərir. Belə qadınların üstünlüyü düzgünlüyüdür. Onlar yalan danışmağı sevmir, yalan danışanı da bağışlamır.

Plassmasdan olan bijuteriyanı qənaətcil xanımlar seçir. Onlar ünsiyyətcildir, yeni tanışlıqları sevir.

Dəmirdən aksessuar taxan xanımlar güclü xarakterləri ilə fərqlənir. Onlar lider olmağı və rəhbər vəzifələrdə işləməyi arzulayır.

Qeyd edək ki, zinət əşyaları sahibinin sosial statusundan da xəbər verir. Brilyant üzüklər, qaşlar böyük olduqca xanımın varlı olduğunu göstərir. Əgər qadın eyni anda çoxlu sayda zinət əşyası taxırsa, bu onun lovğa və zövqsüz olduğunu göstərir. Yersiz taxılan zinət əşyası bahalı olsa belə, xanımı gülünc vəziyyətdə qoya bilər.

Psixoloq onu da əlavə edib ki, bəzək və zinət əşyalarını taxmayan, olduqda belə nadir halda taxanlar da olur. Bu, qadınların həyata marağının olmadığına, şəxsi münasibətlərdəki ciddi problemlərə, qarşılaşdığı problemlərdən çıxış yolunu görməməsinə işarə edir.

Ekspress.az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.