Cəmiyyət

Sürücülərə şad xəbər - FOTO

4 May 2015 19:39
0 Şərh     Baxış: 1 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Dairəvi-1 avtomobil yoluna çıxan yeni yol yaxın günlərdə sürücülərin ixtiyarına veriləcək.
 

Milli.Az bildirir ki, Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, "Azəryolservis" ASC tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "Avtovağzal dairəsi" adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri yaxın günlərdə yekunlaşdırılacaq.
 

Ümumi uzunluğu 1070 metr olan yolda inşa edilən 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da son tamamlanma işləri həyata keçirilir. Estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfal-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Estakadanın Bakı Dairəvi-1 avtomobil yoluna birləşən hissəsində də artıq asfal-beton örtüyünün çəkilişi başa çatmaq üzrədir. İşlər bitəndən sonra yolda nişanlanma xətlərinin və "Oyunlar zolağı"nın çəkilməsi işləri həyata keçiriləcək, həmçinin zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq.
 

Sözügedən yol istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, həmçinin Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna maneəsiz çıxa biləcəklər.
 

Bundan əlavə, Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə giriş yolunun və dairənin tikintisi işləri də başa çatmaq üzrədir. Sözügedən ərazidə artıq yeni səki daşları qoyulub, köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsi ilə qaşınaraq, ərazidən daşınıb. Yaxın günlərdə yola yeni asfalt-beton örtüyünün döşənməsinə start veriləcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.