İnsanın hər gün rastlaşdığı, büdrədiyi, müxtəlif şərait və vəziyyətlərdə qarşılaşdığı növbənöv sınaqların hamısı bir məsələnin tərkibində - dünyanın tərkibində cəmləşib. Sadaladığımız məsələləri ayrı-ayrılıqda tanımaq çox çətin olar. Amma dünyanı tanısaq, dünyanın xüsusiyyətlərini tanısaq, bütün bu məsələlərlə tanışlığımız olar, onlarla davranmağı öyrənərik.Bismilləhir-Rahmənir-Rahim!
Dinimiz dünya ilə bağlı ciddi çatdırışlar edir. Bu çatdırışlar yalnız tək dünya ilə bağlı deyil, dünya ilə axirətin müqayisəsində verilir. Bizim büdrəmələrimiz, müşküllərimiz, qəflətimiz, yanlışlıqlarımız, motivasiyalarımızın zəifliyinin səbəbi, dünya ilə tanışlığımızın bəzən yetərli olmamasından irəli gəlir. Bizim misal üçün suyun müxtəlif növləri ilə tanışlığımız olur, amma suyun əslini başa düşsək, bütün sularda o məsələləri başa düşə bilərik.
Dünya axirət ilə müqayisədə nədir?
Rəbbimiz bir çox yerlərdə axirətlə dünyanın müqayisəsini bizlərə verir. Müqəddəs Qurani-Kərimin "Rəd" surəsinin 26-cı ayəsində dünya həyatı ilə axirətin müqayisəsini göstərərək, Rəbbimiz dünyanın çox kiçik, həddən artıq kiçik olan bir məsələ olduğunu çatdırır. Ayədə buyurulur: "İstədiyi kəs üçün (maddi və mənəvi) ruzini çoxaldan və ya azaldan Allahdır! Onlar (kafirlər) dünya həyatına sevinirlər, halbuki, dünya həyatı axirət müqabilində (cüzi) bir paydan başqa bir şey deyildir". Yəni ey insan, sən ki, bütün mövcudiyyətini dünya üçün qurmusan, bu dünya axirətlə müqayisədə diqqətə gələcək qədər belə deyil, çox xırdadır. Sən ki, günün iyirmi dörd saatını bəzən dünya üçün istifadə etməyə yönəlmisən, axirəti unudursan, qəflət edirsən, bu dünyanın axirət ilə müqayisədə çox xırda bir dəyəri var. Dünyanın axirət ilə müqayisə olunacaq demək olar ki, heç bir şeyi yoxdur. Dünya cüzidir, bu cüziyə görə özünü həlak etmək - ağıllı insana yaraşmayan bir rəftardır.
Axirətin dünyadan əsas fərqi - əbədi olmasıdır
"Əla" surəsinin 16-17-ci ayələrində Rəbbimiz bir başqa formada buna işarə edir. Axirətin üstün olduğu bir halda, insanın dünya ardınca olması bildirilir. Buyurulur: "Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz. Halbuki, axirət daha xeyirli və daha baqidir". Görüdüyümüz kimi, Uca Allah axirətin dünyadan üstünlüyünü 2 müstəvidə - həm keyfiyyət, həm kəmiyyət müstəvisində bəyan edir. Axirət daha xeyirli olaraq dünyadan keyfiyyətcə üstündürsə, daha baqi, daha qalarlı olması - əbədilik səciyyəsinə görə - onu dünyadan kəmiyyətcə daha üstün edir. Bu halda axirəti buraxıb, dünyanın ardınca olmağın nə adı var?!
İnsan ki, bütün həyatını dünyaya sərf edir, həmin dünya əslində axirətlə müqayisə olunası vəziyyətdə deyil. Axirət dünyadan qat-qat daha xeyirli, daha davamlı və əbədidir. Dünya bunun yanında çox xırda bir şeydir. Biz əgər olduğumuz yerin necəliyini və nə üçün olmasını bilməsək, ayıla bilmərik. Qəflətdən ayılmaq üçün bu mahiyyətlərlə bağlı bilgilənmək lazımdır. Rəbbimiz bizə öyrədir ki, bu dünya axirətlə müqayisədə heç nədir. İnsan gərək həyatını bura ilə məhdudlaşdırmasın. Əgər insan xeyir dalıncadırsa, Rəbbimiz öyrədir ki, bu dünyanın xeyir vermək potensialı çox zəifdir. Bundan müqayisə olunmayan qədər daha xeyirli bir reallıq var, axirət dünyası var. Bu dünya müvəqqətidir. Hər gün nə qədər ölüm xəbərlərini eşidirik. Getmək vaxtı çatanda hər kəs bu dünyadan gedir. Getmək yaşa, imkana baxmır. Cavan da, yaşlı da, imkanlı da, imkansız da getmək vaxtı çatanda gedir. Lap elə deyək ki, bu dünyada nə varsa, hamısı insanın ixtiyarındadır. Getmək vaxtı gələndə bu dünyada insanın ixtiyarında olan hər bir şey burada qalır. O ki, buradan bərk yapışmışdı, öləndən sonra burada bərk yapışdıqları artıq dadına çatmır. Bu dünya ilə bağlı olan heç bir şey insanın dadına çatmır. Nə ev, nə maşın, nə məqam, dost, nə qohum, nə vəzifə. İnsan bu dünyada ardınca olduğu, ona görə narahat olduğu, ona görə canını qoyduğu heç bir şeyi axirətə apara bilməyəcək və onların axirətdə heç bir əhəmiyyəti yoxdur.
Xeyirli və zərərli dünya
Məsumlar (ə) da bizlərə dünya ilə bağlı ciddi çatdırışlar edir. Bəzi buyuruşlarda dünya çox müsbət yüklü təqdim olunur. Həzrət İmam Baqir (ə) buyurur: "Dünya axirət üçün necə də gözəl köməkçidir". Hansı dünyadan söhbət gedir? Axirətə xidmət edən dünyadan. Misal üçün əhya gecələrində olan dünyadan söhbət gedir. Hamı durur, gəlir, yatmır, ibadət edir, zikr edir, ruhiyyəsi oyaqdır. Bax bu cür olanda dünya axirət üçün köməkçi ola bilər. O dünya ki, Allah yada düşmür, onun axirətə heç bir köməyi ola bilməz. Axirətə aparmayan dünyanın heç bir faydası yoxdur. Axirətlə, aqibətlə bağlı insanın hərəkət etdiyi dünya, əlbəttə ki, axirət həyatı üçün köməkçi olar.
Həzrət Əli (ə) buyurur: "Axirət dünya ilə əldə olunar". Dünya, axirəti əldə etmək üçün gözəl bir məkandır. Axirəti yalnız bu dünyada yaşayaraq əldə etmək mümkündür. Başqa bir formada axirət əldə etmək mümkün deyil.
Allahın Rəsulu (s) buyurur: "Dünya - axirətin əkin sahəsidir". Bu da dünya ilə bağlı müsbət yüklü çatdırışdır. Nə zaman dünya axirətin əkin sahəsi ola bilər? Allah bəyənən işləri görəndə. Qeybət edəndə, böhtan atanda, yalan danışanda, rüşvət alanda, insanları incidəndə, haqq pozanda bu dünya cəhənnəmin əkin sahəsinə çevrilər. Dünyada Allahın razılığı üçün əməllər ediləndə, bu dünya axirətin əkin sahəsinə çevrilər. Bu dünya həyatı haramlarla nə qədər zəngin olarsa, bir o qədər cəhənnəm üçün əkilən məhsullar artar.
Həzrət Əlinin (ə) və Müaviyyənin (lən) dünyası
Məsumların (ə) bəzi buyuruşları var ki, onlar dünyanın hər iki çalarına işarə edir. Həzrət İmam Səccad (ə) buyurur: "Dünya iki növdür: axirətə çatdıra biləcək həddə olan dünya və bir də axirətdən çəkindirən lənətlənmiş dünya". İki cür dünya var. Allaha aparan dünya nurani dünya olar, Allahı unutduran dünya isə lənətlənmiş dünya olar. Həzrət Əlinin (ə) yaşadığı dünya var və Müaviyyənin (lən) yaşadığı dünya var. Biri nuranidir, biri lənətlənmiş dünyadır. Ev nurani ev də ola bilər, lənətlənmiş ev də ola bilər. Əgər ev azan səsi eşidilən, namaz qılınan, halal tikə yeyilən ev olarsa - nurani ev olar. Ev əgər haram içki içilən, ğina ilə yaşayan, haram tikə ilə dolanan ev olarsa - lənətlənmiş ev olar. Bu dünyada olan hər bir şey bu iki amilə görə ayrılır. Dünya ilə bağlı nə varsa, nurani ola bilər və lənətlənmiş də ola bilər.
Allahın Peyğəmbəri (s) buyurur: "Dünya lənətlənibdir. Allahın razılığını qazanmaq üçün vasitə olan hər bir şeydən başqa dünyada olan nə varsa, hamısı lənətlənmişdir". İşlərimiz Allahın razılığını qazanmaq üçün olacaqsa, nurani olacaq. Ondan kənar nə olacaqsa, lənətlənmiş olacaq.
Dünyanı ələ keçirmək mümkün deyil
Həzrət Əmirəlmöminin (ə) buyurur: "Ey insanlar! Dünya - keçid sarayı və axirət - əbədi qalmaq yeridir. Buna görə bu keçiddən öz əbədi qalacağınız mənzil üçün azuqə götürün". Dünya - keçid yeridir. Dünya bizi bir nöqtədən başqa bir nöqtəyə keçirmək üçün vasitədir. İmam (ə) dünyaya çox bel bağlamamağa çağırır. Əbədi yer - qarşıdadır. İnsan ana bətnində yubansa, nə fəsadlar olar? İnsan eləcə ana bətnində qalmaq istəsə, nə müsibətlər olar? Biz dünyaya möhkəm bağlananda, vasitəvi yanaşmayanda bu cür müsibətlər olar.
Allahın Peyğəmbəri (s) buyurur: "Dünya axirət ilə müqayisədə yalnız buna bənzər ki, sizlərdən bir nəfəri barmağını dənizə batırsın və özü ilə nə gətirdiyinə baxsın". Biz əsas məsələni unuduruq. Biz elə birilik ki, nə varsa, burada var. Amma Allahın Elçisi (s) bizi xəbərdar edir. Dünyanın axirət ilə müqayisədə bir damcı qədər belə dəyəri yoxdur. Öz-özlüyündə axirət, aqibət üçün olmayan dünyanın, axirətlə müqayisə baxımından bir damcı qədər də dəyəri yoxdur.
İmam Musa Kazım (ə) buyurur: "Dünya dəniz suyuna bənzər. Təşnə insan ondan nə qədər içərsə, susuzluğu daha da artar və axırda onu öldürər". Bunu əziz İmamımız (ə) bizə öyrədir ki, dünya dəniz suyu kimidir, zənn etməyək ki, daha çox içsək, doyacağıq. Nə qədər içəcəyiksə, bir o qədər susayacağıq. Bu dünyadan nə qədər yapışacağıqsa, bir o qədər bizi özünə çəkəcək. O qədər içəcəyik ki, axırda bizi öldürəcək. Dünyaya başımız qarışmış olduğu bir zaman görəcəyik ki, artıq vaxt yetişib və getmək lazımdır. Dünyanın mahiyyəti budur. İstənilən dünya məsələsinə nəzər salanda görürük ki, onu əldə edəndə insan növbətisini istəyir. Ölənədək dünya istəkləri bitmir. Bu dünya bizim istəklərimizi ödəmir. Nəyinki ödəmir, dünyanın ödəmək qabiliyyəti və gücü belə, yoxdur.
Həzrət Əmirəlmöminin (ə) buyurur: "Dünya sənin kölgənə bənzər. Dayansan, o da dayanar, əgər onun dalınca getsən, səndən uzaqlaşar". Dünyanın mahiyyəti budur. Dünyanın dalınca qaçacaqsan, o da qaçacaq. Arxasınca gedəcəksən, uzaqlaşacaq. Bu yol bitməyəcək.
Talaq verilmiş dünya
Həzrət İmam Kazım (ə) buyurur: "Dünya qadın simasında gəlib Həzrət İsanın (ə) qarşısında təcəssüm edir. Həzrət İsa (ə) ona buyurur: "Nə qədər ərə getmisən?" Dedi: "Çox". Həzrət İsa (ə) soruşur: "Onların hamısı sənə talaq verdilər?". Dünya dedi: "Xeyr. Əslində onların hamısını öldürdüm". Həzrət İsa (ə) buyurur: "Onda vay olsun sənin qalan ərlərinə. Necə də köçüb gedənlərdən ibrət götürmürlər"".
Dünya özünü bizə rəngarəng şəkildə təqdim edər. Şeytan (lən) də bekar dayanmaz. Gözləmədiyimiz yerdən, tərəfdən dünyanı bizə təqdim edər. Biri ailə qurar, dünyanın toruna düşər, biri ailə qurmaz və beləcə dünyanın toruna düşər. Biri dünyaya övladı gəlməz, imtahana düşər, biri dünyaya övladları gələr, hərəsi onun üçün bir problemə çevrilər. Biri savadsızlıqdan bədbəxt olar, biri üçün savad "mən"ə çevrilər və onu bədbəxt edər. Toparlansaq, hazırlaşsaq, hazır vəziyyətdə olsaq, dünyanı tanıya bilərik və onunla davranmağı bacararıq.
Dünyanın əsas xüsusiyyətləri
Dünya ilə davranmağı bacarmaq üçün onun xüsusiyyətlərini bilmək zəruridir. Həzrət Əmirəlmöminin (ə) bizlərə dünyanın xüsusiyyətlərini çatdıraraq buyurur: "Dünya çox hiyləgərdir və onda hər nə varsa aldadıcıdır, məhv olmağa məhkumdur və onda yaşayan hər bir şey fani olar. Təqvadan başqa onun heç azuqəsində xeyir və yaxşılıq yoxdur". Əziz İmam (ə) dünyanın bütün xüsusiyyətlərini açır. Əgər dünya aqibət, axirət üçün olmasa, əgər Allahın razılığı üçün olmasa, bizi də öz hiyləsinə alət edər. Dünya axirət üçün olmasa, aldadıcıdır. Dünyada dünya olaraq çatdığımız hər bir şey məhv olacaq. Bu dünya yaşayışımıza əgər İlahi rəng qatsaq, Allah rənginə boyasaq, o zaman əldə etdiklərimiz əbədi olaraq bizimlə qalar.
Əmirəlmöminin (ə) buyurur: "Dünyanın rəngarəng cazibələri sizi aldatmasın. Çünki, onlardan yalnız az bir miqdarını özünüzlə aparacaqsınız". Dünyanı hamıdan yaxşı tanıyan Həzrət Əli (ə) bizi xəbərdar edir. Buradan özümüzlə nə apara biləcəyimizi düşünək. Nəyimizi bu dünyadan apara bilərik? Bu yaşayışımızdan, bu malikiyyətimizdən, əlimizdə olanlardan axirətə nələri apara bilərik? Əlimizdə olan nemətlərin neçə faizini axirət üçün istifadə etmişik?
Həzrət Əli (ə) buyurur: "Dünya - onu tərk edən üçün və axirət - onu axtaran üçündür". Dünyanın ciddi xüsusiyyətlərindən biri məhz budur. Dünya onu tərk insanlar üçündür. Kim dünya dalınca qaçacaqsa, dünyaya çatmayacaq. Amma kim axirətin dalınca gedəcəksə, ona çatacaq. Dünyanın ən ciddi xüsusiyyəti budur ki, ona çatmaq mümkün deyil. Kim dünyanı tərk etsə, axirət özü onun üçün gələr.
Allahım, bizlərə dünyanı tanıyıb, axirət üçün çalışmağı nəsib et!
Allahım, bizlərin dünyasını nurani dünya qərar ver!
Allahım, aqibətimizi xeyirli et! Amin!
Hacı İlqar İbrahimoğlu
Milli.Az