Cəmiyyət

İki dünya arasında qalan insan...

4 Sentyabr 2014 17:44
0 Şərh     Baxış: 1 663
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Virtualdan real həyata müdaxilənin mənfi fəsadlarından necə qurtulmaq olar?

Bunu hamı bilməsə də, yazaq ki, "sosial şəbəkə" anlayışı 1954-cü ildə yaranıb və internetlə heç bir əlaqəsi olmayıb. Bununla bağlı araşdırmalar ötən əsrin 30-cu illərindən başlayıb. Bu anlayışı ilk dəfə Ceyms Brans elmə gətirib: "sosial şəbəkə" - sosial obyektləri özündə cəmləyən (insanlar və ya şirkətlər) düyünlərdən ibarət bir sosial strukturdur. Daha sadə dildə desək - bu, bir-biri ilə tanış insanlar qrupudur, qrupda isə şəxsin özü mərkəz, onun çevrəsində olanlar isə budaq hesab edilir. Misal üçün, Samir (şərti olaraq) mərkəz, Malik və Elnur isə onun dostları ola bilər.

Tədricən bu elmi konsepsiya ilk öncə inkişaf etmiş kapitalist ölkələrində, daha sonra isə şərqi Avropa ölkələrinə geniş yayılmağa başlayıb. Cəmiyyətin formalaşmasından asılı olaraq, müxtəlif kommunikasiya növləri icad edilərək cəmiyyət informasiya əsrinə gəlib çatdı və nəticə etibarı ilə bu proses sosial şəbəkələrin inkişafında böyük bir sıçrayışa səbəb oldu. Hal-hazırda bu elmi konsepsiya artıq hər yerdə istifadə edilməyə başlayıb.

"Bizim Yol" qəzeti bu araşdırmada İnternetin, sosial şəbəkələrin inkişafı və onun insanların həyatına necə təsir göstərməsi haqqında məlumatları oxucuların diqqətinə çatdırmağa çalışacaq.

İnternetin gündəlik həyatımızdakı rolu

Müasir cəmiyyət artıq sosial şəbəkəsiz həyatının bir gününü belə təsəvvür etmir. Həyatımızda baş verən xüsusi - toy, bayram və ya digər şənliklərdən tutmuş ən adi, misal üçün, dostlarımızla gəzintiyə çıxdıqda belə harada olduğumuz məkanı və kimlərlə olduğumu qeyd edərək, xatirə fotosu çəkdirib sosial şəbəkədə onu paylaşırıq. Daha qeyri-adi addımlar atanda olur: bəzən vəfat etmiş qohumunun baş ucunda dayanıb onunla "selfie" foto çəkdirənlər də tapılır...

Bütün dünyada artıq neçə ildir ki, "sosial şəbəkə" fenomeni üzrə mütəxəssislər müxtəlif araşdırmalar aparırlar. Bu mütəxəssislərdən biri niderlandlı alim Paul Kirşnerdir. O keçirdiyi təcrübə ilə Facebook sosial şəbəkəsinin tələbələrin müvəffəqiyyətinə pis təsir göstərdiyini sübut edib.

P.Kirşnerin təcrübəsində 19-54 yaş arası 219 tələbə iştirak edib. Niderlanddan başqa təcrübə eyni zamanda Amerika universitetlərindən birində də keçirilib. Əldə edilən nəticələrə görə, Facebookdan istifadə edən tələbələr digərlərinə, yəni sosial şəbəkədən uzaq qalan tələbələrin dərslərdən aldığı göstəricilərinə görə 20% aşağı qiymət alıblar.

Massaçusets Texnologiya universiteti isə sosial şəbəkələrin insanın sağlamlığına necə təsir göstərməsi ilə bağlı təcrübə keçirib. Təcrübənin nəticələrinə görə, sosial şəbəkə istifadəçiləri dostluğunda olan insanların vərdişlərini fəal şəkildə mənimsədikləri ortaya çıxıb.

Azərbaycan sosial şəbəkə istifadəçilərinin xaricilərdən fərqi nədədir?

Psixoloq Dəyanət Rzayev mövzu ilə bağlı "Bizim Yol" qəzetinə şərhində bildirib ki, xarici vətəndaşların ölkəmizdəki sosial şəbəkə istifadəçilərdən bir çox fərqləri var: "Adicə istifadəçilərin yazdığı statuslarda belə fərq var. Misal üçün Rusiyanı götürək. Orada Facebook istifadəçiləri iki qrupa bölünür: intellektual və hər şeyə primitiv yanaşan insanlar. Ruslarda adətən ikinci kateqoriyaya daxil olan insanlar statuslarında və ya müzakirə edilən hər hansı bir mövzuda şərhlərində daha çox söyüşdən istifadə edirlər. Bizdə isə söyüşə üstünlük verənlər elə də çox deyil. Bu şəxslər arada bir söyüş yazsalar da adətən qara siyahıya düşür, blok edilirlər və ya dostluq siyahısından xaric edilirlər" - deyən psixoloq həmçinin ölkəmizdə sosial şəbəkələrdə intellektualların az olduğunu bildirdi. "Bu həm də hər hansı bir sosial şəbəkə istifadəçisinin dost çevrəsindən asılıdır. Hər insanın öz dairəsi var". Psixoloqun sözlərinə görə, Rusiyada isə digər xarici ölkələrlə müqayisədə mədəniyyət daha aşağı səviyyədədir: "Xaricilərdə danışıq mədəniyyəti Rusiya ilə müqayisədə daha yüksəkdir".

Sosial şəbəkələrdə bəzən elə hallar da olur ki, hər hansı bir mövzu ətrafında mübahisə düşür və şəxslər görüşüb mübahisəni əyani aparmaq fikrinə düşürlər. Sonda isə mübahisə qətllə nəticələnir. "Bəzən sosial şəbəkələri insanların intihar etməsində və ya hər hansı bir qətl, cinayət işlərində də günahlandırırlar. Əslində bu düzgün deyil, sosial şəbəkələrdən öncə də cinayət hadisələri baş verirdi. Sadəcə ola bilər ki, sosial şəbəkə bu cinayətin baş verməsinə bir az təkan verir" - deyə psixoloq məsələyə aydınlıq gətirdi.

Bütün internet istifadəçilərini birləşdirən komplekslər

Yuxarıda qeyd edilənlərdən fərqli olaraq, xaricdə və ya ölkədəki sosial şəbəkə istifadəçilərini birləşdirən bir ümumi cəhət də var ki, bu da kompleksi olan insanlara aiddir. Lakin əfsuslar olsun ki, bunu da xoşagələn cəhət adlandırmaq olmaz.

Kimisi sosial şəbəkələrdə dostlarını elə bir ucdan artırır və virtual dostlarının sayı ilə realda da fəxr edir, kimisi hesabında iyirmi illik köhnə fotosunu yerləşdirir və bununla da həmin yaş kateqoriyasına uyğun insanların diqqətini cəlb etməyə cəhd göstərir. Kimisi də ağına-bozuna baxmadan özü haqda ağlagəlməz hekayələr danışır. Psixoloqların fikrinə görə, belə bir şəxs ilk növbədə özünü aldatmış olur.

"Əgər daha diqqətlə düşünsək, bu dərin psixoloji problemləri özündə birləşdirən kifayət qədər xoşagəlməz bir sindromdur" - deyə internet-asılılıq üzrə amerikalı ekspert Riç Corci bildirib. Onun fikrincə, bu cür insanlar realda özlərini realizə edə bilmədiklərindən yalnız kim ola biləcəyi haqda xəyallara dalırlar: "Bütün müsbət cəhətləri özündə birləşdirən virtual obrazını yaratmaqda isə sosial şəbəkələr və digər internet-servislər onlar üçün əvəzedilməz bir vasitəyə çevrilir" - deyən psixoloq belə insanların reallıqda adətən natamam kompleksinə görə yalnızlığa məhkum edilmiş, özünə qapalı insanlar olduğunu vurğulayır.

Sosial şəbəkə köləliyindən necə qurtulmalı?

Dünyada internet asılılığını yeniyetmələrin sağlamlığına ən təhlükəli kliniki pozulma kimi müəyyən edən ölkələrdən biri Çindir. Çin hökuməti bu məqsədlə yeniyetmələr üçün tədris düşərgələri açıb.

Düşərgələrdə gənc çinliləri internet asılılığından sərt intizam və hərbi üsullar tətbiq etməklə müalicə edirlər. Fiziki məşğələlərdən əlavə, yeniyetmələrə ənənəvi çin mədəniyyəti, ev işləri öyrədilir. Müalicənin digər vacib hissəsi isə gənclərin psixoloqlarla söhbətləridir.

Çində belə düşərgələrin sayı 250-dən çoxdur. Gənclər buraya əsasən valideynlərinin xahişi ilə yerləşdirilirlər.

Psixoloq Dəyanət Rzayev də aktiv Facebook istifadəçisi olmağına baxmayaraq, gün ərzində sosial şəbəkəyə maksimum 1 saat sərf etdiyini bildirdi. "Gün ərzində 5 dəfə Facebooka daxil olsam da, buna 5 dəqiqədən artıq vaxt sərf etmirəm" - deyən psixoloq əvvəllər ancaq narkotik maddələrdən, spirtli içkilərdən asılılıq vardısa, indi artıq internet, sosial şəbəkələrin də bu siyahıya daxil olduğunu bildirdi. "İnsan sadəcə iradəsində möhkəm olmalıdır. Belə asılılıqdan əziyyət çəkməmək üçün özünə müəyyən məhdudiyyətlər qoymalıdır. Misal üçün, sosial şəbəkələrdə keçirdikləri vaxtın müddətini hər gün 5-10 dəqiqə azaltmalıdırlar" - deyə bildirdi.

Psixoloqa görə, hər hansı bir şəxsin işləri sosial şəbəkələr üzərindən aparılırsa, həmin şəxsə gün ərzində maksimum iki saat vaxt keçirmək tövsiyə edilir. "Əgər həmin şəxs özünə belə məhdudiyyətlər qoya bilmirsə, fikrini yayındırmaq üçün, məsələn, idmanla məşğul ola bilər" - deyə sözünə əlavə etdi.

D.Rzayev dedi ki, bu cür asılılığı olan şəxslər real həyatda da problemlərin yaranmasına gətirib çıxarırlar: "İnsan internetə sərf etdiyi zamanı ailəsinə, uşaqlarına, yaxud yaxınlarına həsr etmək əvəzinə saatlarla sosial şəbəkədə olur, gecələr belə yatmır, nəticə etibarı ilə də insanın psixikası pozulur, ailədə konfliktlər yaranır. Bu artıq bir vərdiş halına düşdüyünə görə onu tərgitmək də çətin olur insanlara. Gündəlik internetdəki vaxtını azaltdıqda həmin şəxs artıq özü bunun faydasını görəcək".

İnternetdə təhlükəsizlik, yoxsa dövlətin xarici və daxili təhlükəsizliyi?

Rusların elektron poçt və sosial şəbəkə məlumatlarını saxlayan data mərkəzlərinin xaricdən Rusiyaya gətirilməsi ilə bağlı Vladimir Putin iyul ayında qanun layihəsi imzalayıb. Qanun layihəsi 2016-cı il üçün nəzərdə tutulsa da, bu istiqamətdə müəyyən tədbirlər görməklə qanun artıq növbəti ilin yanvarın 1-dən qüvvəyə minəcək. Bu hal Rusiya vətəndaşlarını narahat etsə də, hakimiyyət narazılığı diqqətə almır. Duma deputatı Yevgeniy Fyodorov bu bir növ rus vətəndaşlarının və ölkəni bir çox problemlərdən sığortalamaq üçün atılan bir addım olduğunu bildirib: "İnternet - minlərlə insanın məhvinə gətirib çıxaran "narıncı müdaxilənin" birbaşa alət növüdür. Orada Rusiya əleyhinə istifadə edilən məlumatlar saxlanılır. Biz bu obyektləri milli nəzarət altına götürməliyik".

Azərbaycanda hansı hallarda belə bir addım atıla bilər? Bu sualla informasiya texnologiyaları eksperti Osman Gündüzə müraciət etdik. Onun sözlərinə görə, data mərkəzlərin yerləşdiyi ölkədən digərinə köçürülməsi sosial şəbəkələrin və digər informasiya resurslarının sahibləri tərəfindən müəyyən olunur: "Onlar informasiya bazalarının, data mərkəzlərinin harada yerləşməsi ilə bağlı qərar verir və informasiya təhlükəsizliyinə də məhz onlar məsuliyyət daşıyırlar. Məsələn, Google, Youtube kanalının elə bazaları var ki, müxtəlif ölkələrdə yerləşdirilib. Bu da onların öz razılığı ilə müəyyənləşdirilir" - deyən ekspert sosial şəbəkələrlə bağlı məsələyə şərh verməkdə çətinlik çəkdiyini bildirdi. O, belə bir data mərkəzlərin bu və ya digər ölkədə saxlanması və bu kimi digər qərarların verilməsində həmin ölkələr arasında müvafiq razılşamanın əldə edilməsi ilə mümkün olduğunu bildirdi.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.