Cəmiyyət

Sosial şəbəkələrin təhlükələri

19 Avqust 2014 17:33
0 Şərh     Baxış: 2 453
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Sosial şəbəkələr, demək olar ki, həyatımızın bir parçasına çevrilib. İnsanlar artıq zamanını internetdə, sosial şəbəkələrdə keçirir. Daha internetdən əvvəlki kimi təkcə nəsə axtarmaq, oyun oynamaq, film seyr etmək, xəbər oxumaq üçün istifadə edilmir. Mobil-online olma sayəsində harda olsa insanlar özlərindən bəhs edə, olduqları yeri paylaşa, online mübahisələr edə bilirlər.

Amerikada aparılan aradırmalar zamanı məlum olub ki, ictimai media bütün dünyada porno saytlara girişi də geridə qoyub. Dünyada hər üç adamdan ikisi sosial şəbəkələrdədir. Araşdırmalar zamanı insanların sosial şəbəkələrə gəlmələrinin də səbəbləri müəyyən edilib. Belə ki, istifadəçilərin çox hissəsi, yəni 60 faizi sosial şəbəkələrə digərlərinin nə etdiyini görmək üçün gəlir. Dostluğa qəbul edilənlərin 82 faizi real həyatdan, 60 faizi dostların dostları, 29 faizi tanımadıqları insanlar, 11 faizi isə işlə əlaqədar insanlar olur. 2012-ci ildə aparılan araşdırma zamanı müəyyən edilib ki, 20 faiz istifadəçilər hər 5 dəqiqədən bir online olur.

Sosial şəbəkədə hər dəqiqə 694.980 status paylaşılır və 532.080 twitt atılır. Sosial şəbəkəyə hər gün 250 milyon fotoşəkil əlavə olunur və 35 faiz insanlar özlərinə aid şəkillər paylaşır.

Psixoloqların fikrincə, özünüdəyərləndirmə hissi aşağı olan insanlar bütün zamanını internetdə keçirməyə sərf edir. Sosial mediada zaman keçirənlər digərlərinin onlardan yaxşı yaşadığını düşünür. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, ictimailəşmə, sosiallaşma yalnız insanlarla bir yerdə olmaq mənasını daşımır. İnsanlar başqalarının həyatı ilə maraqlanır və öz yaşadıqlarını paylaşırlar. "İctimai-sosial media dedi-qodu mədəniyyətini artırmaqla yanaşı xəyanətlərin də sayını çoxaltdı. Sosial şəbəkələrdə anonim yazmaq mümkün olduğu üçün bu insanlar arasında üzsüzlüyü də artırdı. Yəni, kim nə istədi, içindən nə gəldisə, başqa adla yaza-deyə bilir. Başqasıyla üz-üzə danışarkən söyləyə bilməyəcəyiniz hər şeyi orada rahatlıqla söyləyə bilirsiniz. Hirsləndiyiniz zaman qışqırmaq əvəzinə bir status yazır və ya tveet atırsınız. Sosial şəbəkələr təhlükələri artırır. Orada şəxsiyyətsizləşməyə başlayırsınız. Ehtiyatlı olmağı unudur, əsla verməli olmadığınız məlumatları paylaşırsınız. Qəzetlərin kriminal səhifələrində "sosial şəbəkədə tanış oldu və..." deyə başlayan cinayət, təcavüz, şantaj xəbərləri artmağa başladı".

Artıq internet cinayətlərindən qorunmaq üçün yeni qaydalara ehtiyac yaranıb. İnternet dostluqlar artıqca real dostluqlar azalmağa başlayıb.

Mütəxəssislər hesab edirlər ki, insanların sosial şəbəkələrdə izləyicilərinin artması "nə qədər çox izlənirəmsə, daha yaxşıyam" fikri ilə narsizmi də artırır. Sosial şəbəkələrdə izləyici sayının, dostların artması üz-üzə ünsiyyəti azaltdığı üçün insanlar arasında tənhalıq xəstəliyinin də artmasına səbəb olub. Bununla yanaşı, sosial şəbəkə asılılığı da cəmiyyət arasında psixoloji bir xəstəlik kimi yayılıb.

Bütün bunlarla yanaşı, sosial şəbəkələrdə media inqilabları da artıb. Yəni, real həyatda əlindən heç nə gəlməyən insanlar kütlələri hərəkətə keçirən, hadisələri təşkilatlandıran insanlara çevrilə biliblər. Sosial şəbəkələrin zərərləri ilə yanaşı faydaları da var, amma zərərləri o qədər çoxdur ki, faydaları gözə görünmür:

"Sosial şəbəkə asılılıq halına gəlmədiyi müddətə qədər yoldaşlıq bağlarını davam etmə, xəbərləşə bilmək üçün faydalıdır. Təşkilati təqdimatlar, reklam üçün yaxşı platformadır. Qüsurlu insanlar, əlillərdən ötrü sosial şəbəkələr zaman keçirmək üçün çox faydalıdır. Beləliklə, onlar tənhalıqlarını bu şəkildə doldura bilirlər".

Müsahibimiz hesab edir ki, sosial şəbəkələr ən çox yeniyetmələr və gənclər üçün təhlükəlidir. Çünki bu dövrlərdə insanların psixikasına toxunmaq daha asan olur.

Oksford Universitetində aparılan araşdırmalara görə, insan beyninin maksimum 150 nəfərlə dostluq edə biləcəyi gücünə malik olduği müəyyən edilib. Ancaq fikir vermisinizsə, bu gün sosial şəbəkələrdə 3000-5000 dostu olan insanlar var.

A.Əlibəylinin dediyinə görə, sosial şəbəkələr bir çox vərdişlərin də qazanılmasına səbəb olur. İçki, yemək və pəhriz vərdişləri internet üzərindən sürətlə yayılır.

Amerika psixiloqu Fovler deyir ki, dostluq siyahısının əvvəlində olan 10 insan real həyata da təsir edə bilir. Fovler açıqlayır ki, yetkin yaşa çatmış şəxslər real münasibətlərə üstünlük verir və bu real münasibətləri qazana bilmək üçün internetə üz tuturlar. Ancaq real həyatda dostluqların bir qədər təhlükəli olması onları internetdən asılı hala gətirir. Yəni, internetdə dostluq edən şəxs rahat kompüter qarşısında oturub yazır, çox az halda olur ki, o, yazdığı insanı real həyata çıxarsın.

A.Əlibəyli deyir ki, son zamanlar narkotik vasitələr aludəçilərinin sayı artdığı üçün sosial şəbəkələrdə də diqqətli olmaq lazımdır. "Sosial şəbəkələrdə qazanılan dostların əslində kim olduğu sual altındadır. Yeniyetmələr dostluğa ehtiyac duyduğu üçün kiminlə dost olduqlarının fərqinə varmırlar. Dost olduqları insanları tanıyan zaman isə gec olmuş olur. Bəzi insanlar var ki, həqiqətən sosial şəbəkələrdə ətrafına yeniyetmələri yığaraq onları pis vərdişlərə alışdırır. Narkotik aludəçiliyi, müxtəlif dini cərəyanların təbliği məhz sosial şəbəklərdə baş verir".

Valideynlər övladlarına sosial şəbəkəyə girməyi qadağa qoya bilməzlər. Çünki insan elə bir varlıqdır ki, qadağa olunana can atır. Sadəcə olaraq, valideynlər övladlarının dost siyahısına, danışdığı insanlara diqqət yetirməli, bu insanları müəyyən qədər araşdırmağa çalışmalıdırlar.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.