Cəmiyyət

Elə atmaq, yoxsa Elat olmaq?

18 Avqust 2014 03:00
3 Şərh     Baxış: 3 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ömrünüzdə neçə dəfə çıxılmaz, köməksiz vəziyyətdə qalmısınız? Övladlarınızın və ya yaşlı valideynlərinizin kömək istəyən baxışları neçə dəfə gözünüzə zillənib? Neçə dəfə ölümün giziltisini barmaq uclarında hiss etdiniz? Doğmalarının qarşısında aciz olmaq ölümdən daha ağır hissdir. Kömək göstərə bilməmək, ölümlə göz-gözə qalmaq.
 

Dəfələrlə işğal olunmuş rayonların sakinlərindən rayondan çıxdıqları an nələr hiss etdiklərini soruşmuşam. Bütün qaçqınları eyni hiss birləşdirir - çarəsizlik, fırtına zamanı əl boyda taxtanın üstündə, dənizin ortasında dimdik qalmaq hissi...
 

Biz həmin adamlarıq ki, Bakıda bir qarış torpaq sahəsinə görə üstümüzə benzin töküb yandıra bilirik. Ancaq o biri torpaqlar üçün yanmadıq, ölmədik. Həyatında mərmi səsi eşitməyən oğlanlar Qarabağdan filmlər çəkdi, yeri gələndə qaçqınları xor gördük. Bircə dəfə də olsun, onların gözündəki çarəsizliyi hiss edə bilmədik.
 

Göyçədə doğulub böyüyən, Göyçə Sevan olana qədər orada qalan dostlar deyir ki, torpaq bizim olsa da, ermənilərin Göyçədə yaşayan azərbaycanlılara tutduğu divan həmişə gündəmdə olub. Ermənilərin sıx yaşadığı kəndlərdən keçən avtobusları gülləyə tutmaq, beş erməniyə təkləyib bir azərbaycanlı öldürmək.
 

İyirmi bir il boyunca yetəri qədər pafos eşitmisiniz, hamımızın qarnı pafosa toxdur. İyirmi bir il ölənlərə, itkinlərə, şəhidlərə doyunca mahnı oxumuşuq, şeir qoşmuşuq. Bakının ortasında qaçqın yataqxanalarını görməzdən gəlib dünyanın o biri bucağındakı ərəblərə göz yaşı tökmüşük. Pafosa tüpürün. Torpaq davası, işğal, tökülən qanlar dərd yox, problemdir. Ki, biz bunun ağlaşma və şeirlə həll olunacağını düşünürük.
 

Bayaqdan oxuduqlarınız giriş üçün boşboğazlıq yox, xatırlatma idi.
 

İki həftə əvvəl Gürcüstana - Elat günlərinə dəvət aldım. Açığı, Bakıdan çıxmaq üçün bəhanə idi. Bu həmin günlər idi ki, sosial şəbəkələrdə qan su yerinə axırdı. Hər istifadəçi günə üç erməni əsgəri öldürürdü. Cəbhədə isə nə baş verirdi, demək çətin idi...
 

Elat gününün nə demək olduğunu tam qavramadığım üçün fikir olaraq hazırlıqsız idim. Yola çıxdığım insanların çoxunun da Elat gününün əsl mahiyyətini anladığına inanmıram. Həm də indiyədək Elat haqda oxuduğum reportajlar, yazılar mənə qarınqululuq, piknik təəssüratı vermişdi.
 

Yola düzəldik. Yediyimiz-içdiyimiz bizə qalsın, sizə gördüklərimi deyirəm. Təyin edilmiş vaxtda ard-arda düzülmüş maşınlar Dmanisi (Başkeçid) adlanan ərazidən üzü Armudlu dərəsinə doğru yol aldı. Bilənlər bilir, bu yol erməni kəndləri ilə qabaq qənşərdir. Armudlu dərəsinə yol məhz erməni kəndlərindən keçir. Günortaya qədər Kars, Təbriz, Estoniya, İğdır, Ərdəbil, Dağıstandan gələn türklər Armudlu dərəsində "hazır" vəziyyəti aldı. Uzunçuluq etmədən deyim ki, Elat tədbirinin xüsusi ritual və ənənələrini siz dövlət televiziyasında dəfələrlə görmüsünüz. Meydana çaparlar gəlir, milli oyunlar oynanılır və.s. Nəticə odur ki, nə az, nə çox 52 000 insan bir yerdə olmaq, "biz varıq" demək üçün Elata gəlmişdi.
 

Gürcüstan Respublikasının ərazisində olan Azərbaycan torpaqlarının adı dəyişdirilib. Azərbaycanlılar ermənilərlə burun-buruna yaşayır. Gürcüstan vətəndaşı olmalarına baxmayaraq, onlara münasibət birmənalı deyil. İşsizlik kütləvi hal alıb. Gürcü dilini yaxşı bilmədikləri üçün ali təhsil və yüksək vəzifələrdən kənarda qalırlar. Erməni və svanlarla mütəmadi insident yaşayırlar. Kənd dükanları belə, ermənilər və azərbaycanlıların idarəetməsindədir.

Odur ki, eyni kiçik bizneslə məşğul olan erməni və azərbaycanlıların insidenti qaçılmazdır. Onların həyatına yalnız Gürcüstan hökuməti qarantiya verə bilər. Gürcülərlə azərbaycanlılar məişət müstəvisində problem yaşamasa da, ərazilərin adının dəyişdirilməsi, gürcülərin ermənilərə yaxınlığı münasibətlərdə bəzən soyuqluq yaradır. Gürcülər azərbaycanlılar haqda "milyonçu xalq" düşüncəsində olsalar da, Marneuli, Bolnisi, Dmanisidəki azərbaycanlı evlərindən yoxsulluğun, maddi çətinliyin verdiyi kədər yağır.
 

Artıq azərbaycanlılar da Baş keçidə Dmanisi, Sarvana Marneuli, Qarayazıya Qardabani deyir. Eyni ilə bir zamanlar Göyçəyə Sevan, Mehriyə Meğri dediyimiz kimi. Gürcülər erməni deyil. Ancaq itirdiklərimiz bizdən gedir. Süzülə-süzülə əriyirik, yaddaşımız bizi bir gün yarıyolda qoyacaq. Ağacımızı kəsib aparacaqlar, biz isə kötüyün üstündə oturub bar-bəhər gözləyəcəyik.
 

Nə az, nə çox 52 000 insan Borçalıya toplaşdı. Mesaj bir idi - tək deyilsiniz. Pafossuz, bağırmadan, hay-həşir salmadan. Bu, kiməsə dəxlisiz, mənasız da gələ bilər. Birləşmək üçün bütün yollar mübahdır. Armudlu dərəsinə gedənlər məqsədsiz, maddi marağı olmadan axışmışdı. Günün birində erməni kəndlərindən Armudluya tuşlana biləcək silaha sipər olmaq üçün.
 

P.S. Elə atmaq asandır, Elat olmaq çətindir.

Günay Arda
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.