Cəmiyyət

Neylərsə, gözəl eylər

13 Aprel 2015 19:57
0 Şərh     Baxış: 3 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Tanınmış İslam alimi, "Mərifətnamə"nin müəllifi ərzurumlu İbrahim Həqqi həzrətlərinin o məşhur şeirini eşitməmiş olmazsınız:

Mövla görəlim neylər,

Neylərsə, gözəl eylər.

İlk dəfə bu misraları təxminən 45 il əvvəl körpə olanda bir ağsaqqalın dilindən eşidirdim. O ixtiyar qəmlənəndə, kövrələndə oxuyardı bu şeiri:

Haqq şərləri xeyr eylər,

Zənn etmə ki, qeyr eylər,

Arif onu seyr eylər,

Mövla görəlim neylər,

Neylərsə, gözəl eylər.

Ən çox da bir misranı xüsusi vurğu ilə söyləyərdi:

Boşdur qəmü-təşvişlər.

O illərdə, elə sonrakı gənclik dövründə də mən bu misranın içindəki məna ağırlığını, gücü dərk edə bilməmişdim. Amma son dövrlərdə anlamışam ki, Allahın təqdirini, yəni sənin üçün nəyi rəva gördüyünü dərk edəndən, onun təqdirinə təslim olandan sonra bütün qəmlər, təşvişlər boşdur, bihudədir, əbəsdir.

***

Bəzən xoşbəxtlikdən danışırlar. Bu məfhumun qarşılığı nədir deyə, düzü-dünyanı sayıb tökürlər. Xoşbəxtlik - ilkin mərhələdə xoşbəxtliyin nə olduğunu anlamaqdır. Qəribədir ki, xoşbəxtliyin nə olduğunu anlamayanlar xoşbəxtlik haqqında reseptlər yazırlar.

***

Allaha iman etmək, yəni Onun şəriyi, ortağı, bənzəri, rəqibi olmadığı həqiqətinə inanmaq tövhiddir. Tövhid - ali anlayışdır, insanı insan edən həqiqətdir, insan tövhidlə insan olur. Tövhid həqiqətinə inanmış insan Allaha, Onun əmrlərinə təslim olur. Təslimiyyət isə təvəkkül şüurunu doğurur. Təvəkkülün həqiqi mənası Allaha inanmaq, Ona güvənmək və bir şeyi istərkən Onu vəkil bilməkdir. Təvəkkül təfəkkürünə sahib olan insanın dünyası da, axirəti də gözəl olar.

***

Hər şeydən öncə, o həqiqətə inanmalıyıq ki, hər şeyin Sahibi Allahdır. Biz "bizim" dediyimiz əlin, qolun, qaşın, gözün, dilin sahibi deyilik. Biz əmanət daşıyıcılarıyıq. Sahib olduğumuzu zənn etdiyimiz hər şeyin həqiqi Sahibi Allahdır. İnanmırsınızsa, ətrafınıza yaxşı baxın: nə qədər gözsüz, dilsiz, əlsiz, qolsuz insanlar var. Bu gerçəklərə baxıb nəticə çıxarmaq lazımdır. Yəni biz bizim sahibimiz deyilik, bizim Sahibimiz Allahdır. Əslində biz heç bir şeyin sahibi deyilik, hər şeyin sahibi onu Yaradandır, yəni Allahdır. Bu düşüncə insanı təvəkkül şüuruna yetişdirən ən mühüm amillərdən biridir.

***

İnsan Allaha təvəkkül etdiyi qədər güclüdür. Çünki təvəkkül insana öyrədir ki, hər şeyin Sahibi olan Allah öz bəndəsini təkbaşına buraxmaz. Allaha təvəkkül edən insan təkbaşına bu dünya ilə savaşacaq qədər güclüdür. Qurani-Kərimə diqqət yetirin: Allah-Təala buyurur ki, öz vədlərini yerinə yetirəcək. Əgər sən bu həqiqətə inanırsansa, daha niyə təşviş edirsən, niyə üzülürsən? ?

Təvəkkül şüurunun önündəki əngəllərdən biri insanın hər şeyi, sadəcə, dünya içində görüb tamamlamasıdır. Əgər bir insan öləndən sonra yenidən dirilib bütün əməllərinin hesabını verəcəyini düşünmürsə, onunla bu mövzuda, yəni təvəkkül məsələsində danışmağın da heç bir əhəmiyyəti yoxdur.

***

Nəmrud əmr eləmişdi və Həzrəti İbrahimi yandırmaq üçün dağ boyda tonqal çatmışdılar. Alovun istisindən tonqala yaxınlaşmaq mümkün deyildi. Ona görə də Nəmrud bu qərara gəldi ki, "Allahın dostu" ünvanını daşıyan İbrahim Peyğəmbəri mancanaqla alovun içinə atdırsın. Elə də edirlər. Həzrəti İbrahim mancanaqdan üzülüb tonqala doğru süzərkən mələklər havada ona yaxınlaşıb yardım istəyib-istəmədiyini soruşurlar. Həzrəti İbrahim: "Hasbin Allah" deyir, yəni Allah mənə kifayətdir, Allah mənim halımı bilirsə, bu mənə yetər, Allah mənə nəyi rəva görürsə, o mənim üçün ən gözəl olanıdır. Allahdan başqa kimsədən yardım istəmirəm. Allahdan başqa kimsəyə üz tutmuram, yalvarmıram, diləyimi ərz etmirəm.

Həzrəti İbrahimin bu təslimiyyəti təvəkkülün zirvəsidir. Əslində müsəlmanlar hər namaz qılarkən oxuduqları Fatihədə "iyyəkə nəbudu və iyyəkə nəstəin" deyərkən də eyni həqiqətə işarə edirlər: "Yalnız Ona ibadət edirik, yalnız Ondan yardım diləyirik".

***

Təvəkkül anlayışını ən sadə, ən primitiv şəkildə anlatmağa çalışaq: siz bir yerdəsiniz. Allah-Təala sizi ən gözəl məkana çağırır. Çağırarkən də buyurur ki, yol üstündəki filan əngəlləri dəf edərək yolunuza davam edin. Yolunuz gah çaydan, gah səhradan, gah tikanlı çöllərdən, gah çınqıllı yoxuşdan keçir, qızmar istiyə, dondurucu soyuğa düşürsünüz. Amma siz hər cür çətinliyə sinə gərərək irəliləyirsiniz, çünki varacağınız ünvanda rahatlaşacağınıza inanırsınız. Allahın buyurduğu kimi davranırsınız, Onun istədiyi kimi yatıb-qalxır, yol üstündəki bütün yol nişanlarını oxuyub qaydalarına riayət edirsiniz. Nəticədə Allah-Təalanın vəd etdiyi o gözəl məkana yetişirsiniz.

Allah-Təala istəsəydi, sizi bir anda götürüb o məkana qoya bilərdi, amma istədi ki, siz Onun söylədiklərinə inanıb-inanmadığınızı göstərəsiniz, yoldakı maneələri dəf edəsiniz, özünüz şahid olasınız.

***

Yol üstündəki maneələr səbəblərdir, Allah-Təala sonsuz qüdrətini o səbəblərin arxasında gizləyir, yəni biz bir şey əldə etmək istəyiriksə, müəyyən işləri görməyə məcburuq. Səbəb - arzu edilən nəticəni əldə edə bilmək üçün vasitədir. Məhsul əldə etmək istəyən gərək torpağı qazsın, toxum səpsin, suvarsın, yetişəndə də məhsulu yığsın.

Universitetə girmək istəyən gərək dərslərini yaxşı oxusun, imtahanlara hazırlaşsın ki, yüksək bal toplayıb arzusuna çatsın.

Bu misalları ona görə veririk ki, Allah-Təala bəndəsinin önünə müəyyən vəzifələr qoyur ki, insan o vəzifələri yerinə yetirərək istəyinə çata bilir.

Demək, həm sənin üçün halal olanı arzu edəcəksən, həm də arzu etdiyinə qovuşmaq üçün ağlınla, iradənlə çalışacaqsan.

***

Adından da göründüyü kimi "təvəkkül" sözü "vəkil" sözündəndir. Allah-Təalanın gözəl adlarından biri də Vəkildir. "Vəkil" dediyin əslində arzu etdiyin nəticəyə qovuşmaq üçün üz tutduğun, hər şeyini həvalə etdiyin, güvəndiyin, inandığın varlıq deməkdir. Bir halda ki, Onu tanıyırsan, ədalətli, vədində doğru, yaratdığı bəndələri sevən Rəbb olduğuna inanırsan, demək, sənə verdiyinə də razı olacaqsan, üsyan etməyəcəksən.

Qurani-Kərim bildirir ki, insan bəzən xeyri ilə zərərini ayırd edə bilmir, özü üçün xeyirli olanı zərərli, zərərli olanı da xeyirli hesab edə bilər. Demək, bizə düşən nədir? - Boynumuza düşən vəzifəni yerinə yetirib nəticəni Allahdan diləmək, Onun verdiyinə də qail olmaq. Çünki bizim üçün nəyin xeyirli olduğunu O bilir. Əgər bizim istədiyimizi vermirsə, bunun da bir hikməti var; əgər bizim istədiyimizi deyil, başqa bir şey verirsə, bunda da bir hikmət var.

Əslində insan təslim olandan sonra Onun verdiklərinə üsyan eləməyi ağlına belə gətirmir.

***

Bir nəfər gəlib dəvəsindən düşür, dəvəni məscidin həyətinə buraxıb içəri keçir. Rəsulullah (s.ə.s.) soruşur:

- Dəvəni neylədin, bir yerə bağladınmı?

Gələn adam deyir:

- Xeyr, bağlamadım, sadəcə, təvəkkül edib Allaha təslim etdim.

Uca Peyğəmbərimiz qiyamətə qədər hər kəsə dərs olacaq bu sözləri söyləyir ona:

- Get, əvvəlcə dəvəni bağla, ondan sonra Allaha təvəkkül et.

Bu misaldan görünür ki, Allaha təvəkkülün təməlində güvənlə yanaşı, səbəbləri yerinə yetirmək var, yəni boynuna düşən vəzifəni yerinə yetir, ondan sonra Allaha təslim et. Bir çox acizlər, İslamın ruhunu anlamayanlar bu məqamdan özləri üçün fayda çıxarmağa çalışırlar. İslam çalışmağı, halal yolla qazanmağı əmr edir. "Allahdan buyruq, ağzıma quyruq" məntiqi dinimizə görə deyil.

***

Yazımızı İbrahim Həqqi Həzrətlərinin sözləri ilə başladıq, onunla da tamamlamaq istəyirik:

Açılır bəxtimiz bir gün, həmən batdıqca batmaz ya,

Səbəblər xəlq edər Xaliq, kərəm babın qapatmaz ya.

Mənim Haqqa münacatım deyildir rizq üçün, haşa!

Xuda - Rəzzaqi-Aləmdir, rızqsız qul yaratmaz ya.

Şair deyir ki, mən Allaha möhtac olduğum üçün deyil, O ibadətə, səcdəyə layiq olan tək varlıq olduğu üçün üz tuturam, yalvarıram, səcdə edirəm. Nə qədər də uca düşüncə, nurlu məntiq!

Bir həqiqəti də paylaşaraq yazımızı tamamlamaq istəyirik: "Sübhan Allah" demək o deməkdir ki, Allah-Təalanın heç bir qüsuru yoxdur. O bizim Sahibimizdir, Yaradanımızdır, Xeyirxahımızdır, Xoşbəxtliyimizin mənbəyidir. Əgər bir bəndə ilə Allah-təalanın arası pozulubsa, əmin olun ki, xəta bəndədir, Allahda xəta olmaz. Allahda xəta axtaran kafirdir, imansızdır. Allahın əmrlərini yerinə yetirən, vədlərinə inanan, inşallah, nəsibinin inandığından da gözəl, böyük, şərəfli olduğuna şahid olacaq. Vəssalam!

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.