Cəmiyyət

Tanınmış memardan Bakıdakı tikililərə etiraz: "Bu, milli memarlığa ölüm hökmüdür"

15 Aprel 2014 13:05
0 Şərh     Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dağüstü parkda tikilən "Üç alov" kompleksi Bakıya əsla yaraşmır"

Milli.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında tanınmış memar, Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirib.

"Çox əzəmətlidir, amma şəhərin bütün miqyasını batırır. Gərək şəhərdə ona uyğun memarlıq abidəsi olsun ki, kompleks dağılmasın. Yəni tikililər bir-birini tamamlamalıdır, şəhərsalma prinsipi olmalıdır".

Memar Bakının gündən-günə dəyişən zahiri simasından narazıdır. "Bir memar kimi son vaxtlar şəhərə çıxmağa qorxuram. Bəzi tikililər adamda vahimə yaradır, o dəqiqə hiss olunur ki, onu azərbaycanlılar tikməyiblər".

H. Atakişiyevin sözlərinə görə, Bakıdakı inşaat işlərinə yerli memarlar cəlb olunmalıdır.

"Konstruktiv işlərdə xaricilərin köməyindən istifadə etmək olar. O zaman bir tandem yaranar. Yoxsa əcnəbini buraxıblar evə, o da nə istəyir, düzəldir özü üçün.

"Qız qalası"nın təmiri zamanı şolları (daşların arasını) xüsusi məhlulla doldurublar ki, guya bina möhkəmlənir. Halbuki dünyanın hər yerində böyük tarixi olan binalar necə varsa, elə də qalır. Bakıda isə hətta Xruşşov dövründə tikilən binanın içərisi, məzmunu qalır köhnə, bayırdan ona don geyindirirlər, vəssalam".

Memarın etirazları bununla bitmir: "İndiki Bayır şəhər Bakının milliliyini özündə əks etdirən çox möhtəşəm bir abidədir. Nyu-Yorkda da belə bir abidə var, lakin onun daxilindəki park təbii meşədir. Ona "Nyu-Yorkun ağciyər"i deyirlər. Biz isə elə bir tərəfdən sökürük. Müqayisə üçün deyim ki, Macarıstanda Budanı təmir edəndə daşları nömrələyirdilər. Həmin daşları yerindən çıxarıb yeni tikililərin fasadında qururdular, ya da özünü təmizləyib başqa bir yerdə tikirdilər. Bakıda daşlar söküldü, millilik əldən getdi, yerində gələcək nəsillərə yadigar bir qutu qaldı. Yad memarlıq, yad ağaclı parklar! Axı Abşeron yarımsahradır, burada xüsusi ağaclar əkilməlidir. Dünyanın başqa ölkələrindən od qiymətinə ağaclar alıb əkməyin ziyandan başqa təsiri yoxdur. Bakının öz iqliminə uyğun ağaclar əkilməlidir. Ötən əsrin 50-ci illərində bütün bunlar nəzərə alınırdı".

H. Atakişiyevin fikrincə, yeni inşa zamanı ictimai fikir öndə tutulmalıdır.

"Vaşinqtonda layihə eskizinin yanında poçt qutusu qoyulur, hər bir şəxs bu layihə haqqında öz fikirlərini yazıb ora atır. Bu işlər şəffaf edilməlidir. İnsanlar da rahat olar ki, onların da istəyi nəzərə alınır, bununla da cəmiyyət inkişaf edər. İctimai fikirdən keçməyən memarlıq milliliyini itirməyə məhkumdur".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.