Cəmiyyət

Bəxt oyunu: gəlir, yoxsa haram?

7 Aprel 2014 09:55
1 Şərh     Baxış: 3 783
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lotereya satıcısı: "Hansı müştərim udsa, ən azı onun qədər sevinirəm..."

Bu günlərdə amerikalı təqaüdçünün bəxti üzünə gülüb. Belə ki, ABŞ-ın Kaliforniya ştatında yaşayan Reymond Bakston ölkədə təşkil edilən "Poweball" adlı lotonun "Cek pot"u olaraq göstərilən 425,3 milyon dolların sahibi olub. Beləliklə də onun həyatı tamamilə dəyişib.

Həyatı bir andaca dəyişən bəxtəvərlər barədə vaxtaşırı dünya mətbuatında tanış oluruq. Maraqlıdır, ölkəmizdə də bəxt oyunu vasitəsilə birdən varlanmağa çalışan kəslər varmı? Ümumiyyətlə, hansı bəxt oyunları satışdadır, son illər bu sahədə durum necədir?
Məlum olduğu kimi, lotereya satışları adətən insanların sıx hərəkət etdiyi küçələrdə kiçik piştaxtalar qoyularaq satılır. Nəzərə çatdıraq ki, küçə alverinə qadağa qoyulduğundan indi bu cür piştaxtalara çox az rast gəlmək mümkündür.

Biz də xeyli axtarışdan sonra "Əhmədli" metrostansiyasından "Bakı" kinoteatrna gedən istiqamətdə bir piştaxtaya rast gəldik. Soraqlaşaraq getdiyimiz məkanda bizi 13 ildir ki, lotereya satışı ilə məşğul olan, əslən ağdamlı bir şəxs qarşıladı.

Adını bildirmək istəməyən orta yaşlı kişi "Azərlotereya" yarandığı gündən bu işlə məşğul olduğunu söylədi: "13 ildir lotereya satıram. Sağ olsun camaatımızı, işimdən razıyam. Məni bu işə cəlb edən də elə insanların marağı olub. Hazırda satışda 3 cür lotereya var. "Binqo", "Super Loto", "Klassik loto". Bir də həftənin bazar günündən başqa, qalan hər gün oynayan 5/36 və 6/40 lotereyaları var. Hamısının qiyməti 1 manatdır. İndi isə hamısında "Cek pot" 50 min manatdan yüksəkdir. Loto - şans deməkdir. Bilmək olmur ki, udacaqsan, ya yox. Amma hansı müştərim udsa, ən azı onun qədər sevinirəm".

Bu illər ərzində başına gələn maraqlı hadisələrdən birini bizimlə bölüşən satıcı bu tip hadisələrin çox olduğunu dedi: "Keçən il mart ayında bayramqabağı bir qadın lotereya aldı. Söhbət edirdi ki, yaman kasıbçılıqdır, heç bilmirəm nə edəcəyəm, bir lotereya alım, bəlkə, pul uddum. Bir də gördüm, 2 gün sonra sevinclə bura gəlib dedi ki, 201 manat udub. Pulunun hamısını qəpiyinə kimi verdim. Həmin hadisə özümə də yaman ləzzət eləmişdi".

Paytaxta nisbətən rayon yerlərində lotereya həvəskarlarının çox olduğunu bildirən satıcı bunun səbəblərindən danışdı: "Rayon yerlərində hamı bir-birini tanıyır. Ona görə də bir adam nəsə udanda hamı xəbər tutur və həvəsləri olur. Amma Bakıda qapı qonşu da digərindən bixəbərdir. Ona görə də rayonlarda insanların həvəsi çoxdur".

Paytaxt sakinlərinin lotereyaya marağını öyrənmək üçün qısa sorğu keçirtdik. Vəfa Musayeva adlı gənc xanım bəxt oyunlarına inamının olmadığını məhz bu səbəblə də lotereya almadığını söylədi: "Amma bu yaxınlarda bir tanışımız "Nissan" markalı maşın uddu. Mənə çox təəccüblü gəldi. Çünki bu oyunda insanın mində, milyonda bir şansı olur".

Vəsilə xanım isə bu cür oyunları qumar adlandıraraq, haram buyurulduğunu dedi. Onun sözlərinə görə "ordan qazanılan pullar haydan gəlib huya gedər".

Telefon mağazasında satıcı çalışan Fəxri adlı şəxs isə işə başı qarışdığından belə məsələlərə heç vaxt maraq göstərmədiyini dedi: "Vallah, iş-güc o qədər olur ki, elə şeylərə vaxt qalmır. Bilmirəm, bəlkə də inanmaq olar bəxt oyunlarına, amma mən maraq göstərməmişəm".

Bakıya qonaqlığa gəldiyini bildirən Sumqayıt sakini Təranə xanım isə vaxtaşırı "Super Loto" ya da "Binqo" aldığını söylədi. Amma buna rəğmən hələ 3-5 manatdan çox pul udmadığını söyləyərək bəxtindən gileyləndi.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.