Cəmiyyət

Uşaq bağçası haqda bilmədiyimiz həqiqətlər

22 Yanvar 2014 11:14
2 Şərh     Baxış: 22 770
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bağçaya uşaq qoymaq üçün rüşvətd öəyən xarici ölkə hansıdır?

Dünya bağçaları barədə inanılmaz gerçəklər "Yeni Müsavat"da.

"Müəllim, çantasında bananı, peçenyesi, meyvəli südü var. İstəyəndə özü götürüb yeyəcək. Şkafına da oyuncaq qoymuşam, icazə verərsiz, öz oyuncaqları ilə oynasın..." Hər səhər aşağı-yuxarı eyni cür olur bağça müəllimi ilə mükaliməmiz. Axşamlar isə "bu gün nə yedilər, müəllim?" sualına sanki əzbərlənmiş kimi ""pervı"da makaronlu şorba, "vtoroy"u da qreçka ilə çəkilmiş ət oldu"... Nə qədəri düz, nə qədəri səhv - bilinməz.

Uşağı hələ təzəcə dil açan, ya da yediyi yeməyin fərqinə belə varmayanlar üçün bağçalardakı yemək saatı özü boyda müəmmadır.

Azərbaycan bağçaları barədə yaz, yaz, bitən deyil. Xüsusən də ötən həftə Bakı bağçalarına vahid geyim veriləndən sonra diqqət bu mövzuya yönəldi. Hazırda bağçalara gedib də, ancaq iki rəng görmək olur: qırmızı və qara... Çünki yeni geyimlər məhz bu rəngdədir. Və bu, Azərbaycan bağçalarının yeni dekorativ dəyişikliyi sayılır. Mənzərəni aydınlaşdırmaq üçün dünyadakı bağçalara ümumi bir nəzər salaq. Hər səhər uşağı bağçaya qoyandan sonra "dünyaya Amerikada, Fransada... gəlsəydik, indi uşağımız daha gözəl bağçaya gedərdi" tipli "xəyal plov"un detallarını araşdırdıq. Şair demiş, dünyanın biz olmayan yerində insanlar öz uşaqlarını necə bağçalarda oxutdurur? Orada onlara nə yedirdib içirdirlər? Ayda bağça müəlliməsinə, tərbiyəçiyə "görüm-baxım" edirlərmi?

Amerika bağçalarında qum meydançası qadağandır

ABŞ-da valideynlər öz övladlarını evdə, uşaq bağçalarının yardımı olmadan tərbiyə etməyə çalışır. Bağçalar ancaq işləyən ailələr üçün aktualdır. Ailələr üçün müxtəlif zövqə və maddi duruma uyğun bağça tapmaq çətin məsələ deyil. Amma hər bağça bir sahə üzrə ixtisaslaşıb: biri uşaqların rəsm qabiliyyətini inkişaf etdirir, digəri intellektual inkişafı üçün səfərbər olur. Elə bağçalar var ki, orada yalnız cizgi filmləri göstərirlər. Uşaq bağçası valideynə 1000 dollara başa gəlir. Nəzərə alaq ki, Amerikada orta aylıq məvacib 3.7 min dollardır. Aylıq bağça pulunun 150-200 dolları bağçadakı bəzi dərnəklərə sərg olunur. Bütün bağçalar üçün vahid bir qayda var: bir pedaqoq uşaqla 2,6 yaşdan 5 yaşa qədər məşğul olur və qrupda 5-dən artıq uşaq olmamalıdır. Kiçik qruplarda isə 2 körpəyə 1 müəllimə ayrılıb.

Amerika bağçalarında uşaqların oynaması üçün qum meydançası bir qayda olaraq yoxdur. Səbəb bağça rəhbərliyinin həmin meydançanın və dolayısı ilə bağçanın təmizliyi üçün əlavə ştat ayırmaq istəməməsidir.

Yapon bağçalarında hər uşağın aylıq ödənişini meriya müəyyən edir

Yaponiyada uşaq bağçasına düşmək çətindir. Orada uşaq bağçaları ilə birbaşa meriya məşğul olur. Bağçada keçirilən hansısa bayram üçün valideynlər müxtəlif məbləğ ödəyir: 20 dollardan 400 dollara qədər. Bu, ailənin maddi gəlirindən asılı olan durumdur. Qruplarda 20 uşaq və bir müəllimə olur. 3 yaşdan böyük uşaqlar üçün bağçada idman və rəqs dərnəkləri olurŞ müxtəlif musiqi alətlərində ifa etməyi öyrənirlər. Yaponiyanın bağçalarında uşaq oyuncaqları olmur, orda uşaqlar yatmırlar. Uşaqları bağçadan günorta saat 2-də götürürlər. Bağça müddətini uzatmaq istəyənlər bunun üçün ayrıca pul ödəyirlər. Naharı isə bağça vermir, valideyn evdən gətirir. O ki qaldı, uşaqların şəxsiyyət kimi formalaşdırılmasına, burada da ilginc nüanslar var. Yaponlar uşaqların bağçada fərqləndirilməsinə imkan vermirlər. Hansısa uşaq lider xüsusiyyətlərini nümayiş etdirmək istəyirsə, ona "sən digərlərindən heç nə yaxşı deyilsən" deyilir.

Yaponiyada iki cür bağça var: 1. xoikuen - bu, bir qayda olaraq dövlət bağçasıdır və 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulub. 2. Etien - özəl bağçalardır və 3 yaşından böyükləri nəzərdə tutur.

Əhalisinin sayı çox olan rayonlarda dövlət bağçasına uşaq yazdırmaq Azərbaycanda olduğu kimi, olduqca çətindir. Ona görə də uşaqların yerləşdirilməsi ilə daha çox meriya məşğul olur. Məhz meriyada valideynin bağça üçün ödəyəcəyi aylıq ödəniş müəyyənləşdirilir. Hər valideyn öz aylıq məvacibinə uyğun olaraq ödəmə həyata keçirir. Bağçanın aylıq qiyməyi 2000 yen (20$) də olar bilər, 40000 yen (400$) və hətta daha çox da. Orta hesabla yaponlar bağçaya ayda 300 dollar ödəyir.

Yapon bağçalarında da uşaqlara gün ərzində 3 dəfə yemək verirlər. Uşaqlar gün ərzində şəkil çəkir, plastilindən nələrsə hazırlayır və onlara pedaqoqlar, dayələr nəzarət edir. Qrupda 20 uşaq olur, tərbiyəçi isə cəmi bir nəfər. Və bütün yaponlar bilir ki, senseyin(tərbiyəçi) sözü qanundur.

"Etien" - 3 yaşından böyüklər üçün nəzərdə tutulan bağçalarda isə böyüklərin həyatı başlanır. Orada oyuncaqlar olmur. Uşaqlar idmanla, rəqslə, musiqi ilə məşğul olur. Bağçada məcburi formalar var - şortik və ya yubka, pencək və ağ köynək. İki cür papaq var -qış və yay papaqları. Yay forması qışınkından ancaq köynəyin qolunun uzunluğuna görə fərqlənir. Oğlanlar il boyu, havanın temperaturundan asılı olmadan şortik geyinirlər. Yaponlar hesab edir ki, uşağı nə qədər soyuğa öyrəşdirsən, canı bir o qədər möhkəm olar.

Yemək məsələsinə bir daha qayıdaq. Yapon bağçalarında uşaqlara verilən yeməyi bağça hazırlamır, valideynlər evdən qoyurlar. Yapon naharı əsasən düyü və sosiskadan, pomidor və gül kələmindən ibarətdir.

Alman bağçalarında balaca uşaqlar böyüklərlə bir qrupa salınır, çünki...

Keçək Almaniyaya. Almaniyada uşaqları bağçaya 3 yaşından götürürlər. Bağçaların aylıq ödənişi 60 avrodan 400 avroya qədər dəyişir. Almaniya bağçalarında uşaqların yaş qrupu qarışıqdır. Böyüklər kiçiklərlə eyni qrupa salınır. Bununla da uşaqlarda özündən balacanın qayğısına qalmaq kimi keyfiyyətlər, vərdişlər aşılanır. Balacalar isə bir çox məsələlərdə böyüklərdən nümunə götürürlər. Bundan başqa, məhdud fiziki imkanı uşaqlar sağlamlarla eyni bağçaya, eyni qrupa gedir. Burda da məqsəd birincilərin özlərini natamam hiss etmələrinin qarşısını almaq, sağlamlara isə tolerantlıq, insan hisslərinə hörmət etməyi öyrətməkdir. Alman bağçalarında məktəbə hazırlıq anlayışı yoxdur.

Fransızlar uşaq üçün şərfi soyuq silah sayır

Fransadakı uşaq bağçalarında tətillər ildə dörd dəfə olur. Həftənin çərşənbə günləri isə bağçada bazar günüdür, yəni, həmin gün işləmirlər. Həmin gün uşaqlar dərnəklərə baş çəkməlidir. Fransa bağçalarında uşaqlar eyni geyimdə həm yeyir, həm yatır, həm də gəzintiyə çıxırlar. Səhər yeməyində peçenye ilə süd qadağandır - bu, piylənməyə gətirib çıxarır. Bağçaların illik ödənişi 1000 avrodur, yəni, ayda 100 avrodan da az məbıəğ...
Gün ərzində gəzintinin müddəti isə cəmi 30 dəqiqədir. Uşaqların evdən özləri ilə oyuncaq gətirməsi qadağandır. Fransa bağçalarında uşaqların şərf taxması qəti qadağandır, bunu az qala soyuq silah qədər təhlükəli hesab edirlər. Fransızlar uşaqlarını 2.5 yaşdan etibarən bağçaya qoyurlar.

Çin bağçalarında vəziyyət bizdəki kimidir

Çində vəziyyət başqa cürdür. Burada bağçaların aylıq ödənişi 80 dollardan 320 dollara qədər dəyişir. Uşaqları bağçaya 2.5 yaşdan götürürlər. Qruplarda 30-dan az uşaq olmur. Ölkədə demoqrafik bum yaşandığı üçün bağçalara uşaq qoymaq çətindir. Pekinli rus jurnalisti Olqa Tnansiyçuk iddia edir ki, Pekindəki bağçalara uşaq qoymaq istəyən valideynlər rüşvət ödəyirlər. Bağça rejimi müəyyən qədər postsovet ölkələrindəkini xatırladır. Tədris mexanizmi güclüdür. Uşaqlar 3 yaşından etibarən oxumağı, yazmağı, saymağı öyrənirlər. Amma buna qarşılıq daha az hərəkət edir, gün ərzində masa arxasında oyun oynayır, konstruktor düzəldir, məşğələlər keçirlər.

Bağçada uşaqlara verilən yemək əsasən düyü, şorba, ət, tərəvəz yeməkləri olur.

Çirkli uşaq xoşbəxt uşaqdır - İsveç bağçalarının əsas devizi...

İsveç bağçalarına keçək. Buranın əsas özəlliyi isə odur ki, İsveç bağçalarında uşaqlar vaxtlarının böyük əksəriyyətini küçədə keçirirlər. İsveçdə "çirkli uşaq xoşbəxt uşaqdır" devizi populyardır. Hər uşağın torpaqda eşələnmək, palçıqdan qala düzəltmək, bir sözlə, çəkinmədən çirklənmək üçün xüsusi geyimi var. İsveçdə elə bağçalar var ki, orada uşaqları qışda küçədə, yataq tulumlarında (ağzı bağlanan, isti, turistlər üçün nəzərdə tutulmuş praktik yorğanlar)yatırlar. Belə bağçalara gedən uşaqlar daha az xəstələnir. İsveçlər erkən yaşlarından uşaqlarını təbiəti qorumağı öyrədirlər. Xaricilərin uşaqları üçün bağçada tərçuməçi-tərbiyəçilər var. Burada uşaqların hansı cinsdən olmasına əhəmiyyət verilmir. İsveçdə çox oxumaq qəbul olunmur. Əksinə uşağı çox gəzdirməyə əhəmiyyət verirlər. İsveçlərin fikrincə, uşağı çox oxutmaqla onun uşaqlığını əlindən almaq mümkündür.

Norveçdə hətta fırtına da olsa, uşaq gəzintiyə çıxmalıdır

Norveç bağçaları da dünyanın inkişaf etmiş bağçaları siyahısındadır. Amma Osloda bağçalar dolub-daşır. Ona görə də valideynlər yerin boşalması üçün aylarla gözləyirlər. Norveçin digər şəhərlərində vəziyyət nisbətən yaxşıdır. Norveçlilər uşaqlarını bağçaya 1 yaşından etibarən qoyurlar. Aylıq bağça haqqı hər yerdə təxminən eynidir - 2500 kron(430 dollar). Uşaqlar günorta yatmır, onlara isti yemək verilmir, evdən gətirdikləri buterbrodları yeyirlər. Amma Norveç bağçalarını digər ölkələrin bağçalarından fərqləndirən çox mühüm bir nüans var - bu ölkədə uşaqları hər cür havada, gündə bir neçə saat gəzintiyə çıxarırlar. Uşaqların dalaşması qəti qadağandır, belə olan halda dalaşqan uşaq digər bağçaya köçürülür.

Misirdə uşaqlar yeməyi də evdən gətirir, oyuncağı da..

Misir bağçalarında uşaqlar üçün yer problemi yoxdur. Bir qrupda 40 uşaq olsa da, yeni bir uşağa heç kim "yox" demir. Tərbiyəçi isə cəmi bir nəfərdir. Misir bağçalarında səhər uşaqların himn oxuması ilə başlanır. Orada oyuncaqlar yoxdur - uşaqlar onu evlərindən gətirir. Misir bağçalarında yemək də bişirilmir, hərə öz yeməyini evindən gətirir. Bu danışdıqlarımız dövlət bağçası üçündür. Amma özəl bağçalarda uşaqları yedirdirlər, ingilis dili öyrədirlər. Misirin dövlət bağçalarının aylığı 3 dollar olduğu halda, özəl bağçalarda günü 3 dollardır.

Qonşu Türkiyədə isə uşaqları bağçaya 3 yaşından etibarən götürürlər. Orada əsas diqqət uşaqların açıqca, şəkillər hazırlamasına ayrılır. Bağçalarda təhsilə daha az önəm verilir, nəinki əyləncəli məşğələlər. Valideynlər yeməyi evdən qoyur. Dövlət bağçalarında aylıq ödəniş 60-200 dollar, özəl bağçalarda isə - 350-800 dollardır. Türkiyə bağçalarında uşaqların gündəliyi də olur ki, müəllimə uşağın durumu, davranışı ilə bağlı ora qiymətləndirmə edir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.