Cəmiyyət

Qız qalası təmirdən çıxandan sonra belə oldu - FOTO - REPORTAJ

11 Yanvar 2014 10:03
2 Şərh     Baxış: 12 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qalanın mərtəbələrində elektron kitab, xəritə, məlumat lövhələri zəngin təəssürat yaradır

Paytaxta qədimlik verən Qız qalası restavrasiyadan sonra zəngin tarixi muzeyi xatırladır. Ötən ilin dekabrında uzunmüddətli təmir və bərpa işlərindən sonra açılışı olan qala bu il yanvarın 2-dən paytaxt sakinlərinin və turistlərin üzünə açıqdır. Təmirdən sonra Qız qalasının daha da möhtəşəm olduğu bildirilir. Dünən Qız qalasına baş çəkib təmirdən sonra olan yeniliklərlə maraqlandıq.

Böyüklər üçün bilet iki manat, uşaqlar üçün isə cəmi 20 qəpikdir. Giriş qapısı qədim taxta qapıdır, ilk mərtəbədəki pilləkən isə dəmirdəndir və qədimliklə heç bir bağlılığı yoxdur. Girişdə iki mühafizəçi dayanıb, içəri daxil olanları salamlayıb biletləri yoxlayır, həmçinin giriş-çıxışa nəzarət edir. Birinci mərtəbədə ölkə ərazisində tapılan arxeoloji tapıntılar da sərgilənir. Bir neçə əsr əvvələ aid nimçənin qalıqları, dolçanın hissələri, taxta qaşıq, həmçinin digər ona yaxın məişət əşyası divara yerləşdirilən dolaba qoyulub. Üstündə də hər birinə aid məlumat var.

Biletləri göstərib dəmir pilləkənlə yuxarı qalxırıq. Təmirdən əvvəl mərtəbələr qaranlıq olsa da, indi işıqlıdır, həm də maraqlı materiallarla zəngin muzeyə bənzəyir. Hər mərtəbədə nəzarətçi qızlar dayanıb gələnlərə Qız qalasının tarixi barədə məlumat verirlər. Eyni zamanda Qız qalası ilə bağlı fərziyyələri, rəvayətləri diqqətə çatdırırlar. Qalanın divarlarına yerləşdirilən şüşə lövhələrdə də buranın tarixi barədə zəngin məlumat tapmaq mümkündür. Məsələn, məlumatlardan birində Qız qalasından rəsədxana kimi istifadə edildiyi bildirilir. Elə burada qabaqcıl texnologiyanın köməyi ilə hazırlanan süni ulduzları da izləmək olar.

Mərtəbələrə elektron kitablar da yerləşdirilib və bu kitablarda iki dildə zəruri məlumatlar əldə etmək mümkündür. Kitablardan biri Qız qalası barədə əfsanələrdən ibarətdir. Burada ondan artıq əfsanə Azərbaycan və ingilis dillərində yerləşdirilib. Elektron kitabda həmin əfsanələri şəkillərlə birgə rahatlıqla izləmək olur. Digər kitablarda isə Qız qalası barədə şəkillər, mədəniyyət nümunələri toplanıb.

Mərtəbələrdə qədim dövrlərdə istifadə olunan döyüş ləvazimatları, müxtəlif sursatlar da sərgilənir. Dəmirdən, tuncdan, poladdan hazırlanan silahların istehsal tarixi və digər məlumatlar da yanındakı lövhədə əksini tapıb.

Mərtəbələrdən birində isə İçərişəhərin elektron xəritəsi var, xəritədə qədim tikililər, Qız qalası, Cümə məscidi, hamamlar və digər tikililər barədə geniş məlumatlar verilir, fotoalbom göstərilir, video da yayımlanır. Qız qalasında mərtəbələr tam işıqlandırılıb, həmçinin ara pilləkənlər də kiçik işıqlarla müşayiət edilir. Sonuncu mərtəbə bitdikdən sonra isə qalanın başından şəhəri seyr etmək mümkündür. Burada mühafizəçi ətrafa nəzarət edir. Həmçinin qalanın diametrindən bir qədər kiçik formada şüşə sədd çəkilib. Şüşəyə isə elan vurulub: "Buraya söykənmək olmaz!" Yuxarı çıxan insanlar zarafatla bildirirlər ki, bu sədd insanların özünü qaladan atmasının qarşısını almaq üçündür: "Elə pəncərələr də çərçivəyə alınıb".

Qız qalasında mərtəbələrə nəzarət edən qızlar isə restavrasiyadan sonrakı vəziyyət barədə hər hansı məlumat verməkdən imtina etdilər. Bildirildi ki, rəsmi məlumat almaq üçün icazə lazımdır. Bunun üçün Qız qalasına nəzarət edən mühafizəçilər öz rəislərindən, onlar da "İçərişəhər" Dövlət Qoruğundan və Mədəniyyət və Turizm Nazirliyindən icazə almalıdırlar. Onlar icazə almağa çalışacaqlarını və suallarımızı cavablandıracaqlarını bildirsələr də, iki gün ərzində buna əməl edilmədi. Ancaq öyrənə bildik ki, restavrasiyadan sonra xarici telekanallar Qız qalasına böyük maraq göstərirlər:

"Tez-tez gəlib çəkiblər, əsasən Türkiyədən gəliblər. Onlara buradakı yeniliklər maraqlı gəlir. Əvvəl uşaqlar, böyüklər sadəcə gəlib baxıb gedirdilər, indi isə çox zəngin təəssüratla buradan ayrılırlar. Burada Qız qalası barədə bir çox məlumatlar var. Əminəm ki, buraya gələnlərin çoxları indiyədək həmin məlumatları eşitməyiblər. Qız qalasının tarixinə aid məlumatlar, iddialar, rəvayətlər, əfsanələr, reallığa yaxın informasiyalar, burada hansını istəsəniz, tapa bilərsiniz".

Bildirildi ki, yanvarın 2-dən başlayaraq gələn turistlərin sayı da az deyil: "Elə indi İspaniyadan bir qrup turist gəlmişdi. Onlara hər mərtəbə barədə ayrıca məlumat verildi. Qala turistlərin marağına səbəb olur". Həmçinin ventilyasiya sistemi normal olsun deyə yeniləri ilə əvəz edilib. Köhnə elektrik xətləri yeniləri ilə əvəzlənib. Bundan başqa, təhlükəsizlik tədbirləri də nəzərə alınıb.

Qeyd edək ki, restavrasiya binanın bayır hissəsini də əhatə edib. Burada köhnəlmiş daşlar bərpa edilib, bir neçə yerdən yamaq kimi görünən rəngləmə aradan qaldırılıb, nəticədə bina normal görünüşə sahib olub.

Qalada bərpa işləri Avstriyanın bərpaçı mütəxəssisi Erix Pummerin başçılıq etdiyi "Atelier Erich Pummer" şirkəti tərəfindən aparılıb. Təmir və bərpa işlərinə dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb.

"Yeni Müsavat"

Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.