Cəmiyyət

Rail Rzayevin həbsdə olan yavəri, köməkçisi və onun oğlunun məhkəməsində müdafiə tərəfi çıxış edib

15 Oktyabr 2010 19:23
Baxış: 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycanın müdafiə nazirinin sabiq müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandanı general-leytenant Rail Rzayevin həbsdə olan yavəri Anar Haşımov, köməkçisi Aydın Rəfiyev və onun oğlu Anar Rəfiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfi çıxış edib. Anar Rəfiyevin vəkili Fəxrəddin Səfərov çıxışında ötən proseslərdə müdafiə etdiyi şəxsin əsassız həbs olunması ilə bağlı vəsatət qaldırdığını, lakin vəsatətə məhkəmə tərəfindən heç bir əsas gətirilmədən baxılmadığını deyib. Vəkil, həmçinin general Rail Rzayevə məxsus poqonları olan gödəkcə və 18 manat dəyəri olan 10 00 HN avtomobil nömrə nişanının guya Anar Rəfiyev tərəfindən götürülməsi ittihamı haqqında danışıb: "Həmin nömrə nişanı Müdafiə Nazirliyi tərəfindən yox, kustar üsulla hazırlanıb. Generalın oğlu Qurban Rzayev onu öz şəxsi avtomobilinə vuraraq uzun müddət maşını bu nömrə ilə idarə edib. Əgər bu nişan nazirliyə məxsus idisə, Qurban Rzayevin avtomobilində nə gəzirdi?"

F. Səfərov daha sonra deyib ki, həm gödəkcə, həm də nömrənin qiyməti cinayət tərkibi yaratmaq üçün qanunda nəzərdə tutulan məbləğə çatmadığından istintaq onların qiymətlərini süni olaraq artırıb.

Vəkil daha sonra general R. Rzayevin ayaqqabılarının qətlə yetirilən gün müdafiə etdiyi şəxs tərəfindən götürülməsi barədə danışıb. Vəkilin sözlərinə görə, Anar Rəfiyevin ayaqqabıları palçıqlı olduğu üçün o bu ayaqqabıları geyinib: "Bu təzə ayaqqabı olmayıb". Vəkil daha sonra məhkəmədən müdafiə etdiyi şəxsə bəraət verilməsini istəyib.

Prosesə dövlət ittihamçısı Toğrul Hüseynov da danışıb. Prokuror deyib ki, qeyd edilən ayaqqabılar R. Rzayevə məxsus olub. O, məhkəmədən həmin ayaqqabıların məhv olunmasını xahiş edib.

Dövlət ittihamçısı onu da deyib ki, istintaq zamanı yuxarıda qeyd olunan avtomobil nömrə nişanının qanuni yolla hazırlandığı və Müdafiə Nazirliyinə məxsus hərbi əmlak olduğu aydınlaşıb.

Daha sonra çıxış edən Aydın Rəfiyevin vəkili Bəylər Məmişov məhkəmədən hökm çıxaran zaman müdafiə etdiyi şəxsin yaşının çox olmasını, səhhətindəki problemlərin nəzərə alınmasını xahiş edib. Vəkil onu da deyib ki, Rail Rzayev Aydın Rəfiyevə çox etibar edib, son avtomobilini də onun adına alıb: "Aydın Rəfiyev istintaqa etiraf edib ki, adında olan maşın generala məxsusdur".

Bundan sonra prosesdə təqsirləndirilənlərə son söz deməyə hazırlaşmaq üçün vaxt verildiyi elan olunub.

Məhkəmə oktyabrın 29-da davam etdiriləcək.

Qeyd edək ki, Aydın Rəfiyev Cinayət Məcəlləsinin - 177.3.2 (oğurluq - külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.2.1 (mənimsəmə və ya israf etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən edildikdə), 179.2.2 (mənimsəmə və ya israf etmə təkrar törədildikdə), 179.2.3 (mənimsəmə və ya israf etmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 299.3 (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - bu əməllər sağlamlığa zərər vurmaqla, zor tətbiq etməklə törədildikdə), 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 341.2.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər bir qrup şəxs tərəfindən törədildikdə), 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bu əməllər ağır nəticələrə səbəb olduqda), Anar Haşımov -177.3.2, 341.2.1, 341.2.3-cü, Anar Rəfiyev isə 179.2.1, 179.2.2, 179.3.2 və 299.2-ci (ifadə verməkdən boyun qaçırmağa, yalan ifadə verməyə və yaxud yanlış tərcümə etməyə məcbur etmə və ya pulla ələ alma - şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə, eksperti yalan rəy verməyə, habelə həmin şəxsləri ifadə verməkdən boyun qaçırmağa məcbur etmə, şantajla və ya onların yaxın qohumlarını öldürmək, sağlamlığa zərər vurmaq və ya əmlakını məhv etmək hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilirlər.

İttihama görə, Rail Rzayevin köməkçisi Aydın Rəfiyev və yavəri Anar Haşımov 2009-cu il fevralın 11-də, R. Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlayıblar.

Aydın Rəfiyev oğlu Anar Rəfiyevlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2009-cu ilin mart ayında general R. Rzayevin oğlu Qurban Rzayevin tapşırığı ilə onun şəxsi sürücüsü Bəxtiyar Ələsgərov tərəfindən Müdafiə Nazirliyinə qaytarılması üçün etibar edilərək ona verilmiş R. Rzayevə məxsus 41 manat 37 qəpik dəyərində "general-leytenant" poqonlarına malik 1 ədəd hərbi qış gödəkcəsi, dövlət mülkiyyəti olan generalın xidməti avtomobilinə təhkim olunmuş 18 manat dəyərində 10-00 HM hərbi nömrə nişanını nazirliyə qaytarmadan Anar Rəfiyevə məxsus "Mitsubishi-Pajero" markalı, 10 OR 323 dövlət nömrə nişanlı avtomaşında 16 aprel 2009-cu il tarixinədək saxlamaqla, ona etibar edilmiş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talayıblar.
Bundan əlavə, Anar Rəfiyevin əməkdaşlıq etdiyi "Aztol Telekom" MMC-də satış üzrə menecer vəzifəsində çalışdığı müddətdə şirkət rəhbərliyinin icazəsi və razılığı olmadan ona etibar edilmiş ümumi dəyəri 11 min 710 manat olan 18 ədəd mobil telefonu mənimsədiyi məlum olub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.