- Ekstrasensorika nədir və nə ilə məşğul olur?
- Qısaca desək, ekstrasensorika hiss və duyğuları digər insanlardan dəfələrlə dərində olan bir qrup insanın anlam və həyat tərzidir. Bu insanlar öncəgörmə, müalicə və digər sahələrdə öz güclü duyum qabiliyyətləri ilə başqa insanlara məlumat verir, yardım və istiqamət göstərirlər. Ekstrasensorikanın dünyada qəbul olunan xeyli sayda sahəsi var ki, onların bəzilərinin kökü çox qədimlərə gedir. Məsələn, qədim şahların saraylarında xüsusi münəccimlər olub ki, onlar heç bir cihaz-avadanlıq olmadan, göy cisimlərinin hərəkətini müşahidə etmək və bununla baş verəcək hadisələr haqda öncədən xəbərdarlıq etmək gücünə malik olublar. Qeyd edim ki, hər bir insanda ekstra duyumlar var. Sadəcə bəziləri həmin hissi anlamır və ondan yararlanmır, bəziləri isə Allah tərəfindən verilən həmin qabiliyyəti özündə aşkarlayır və daha da gücləndirir. Xalqın təfəkküründən süzülüb gələn inanclar da əslində ekstrasensorikanın ibtidai formasını təşkil edir. Təəssüflər olsun ki, hazırda ölkəmizdə ekstrasensorika cəhalətə doğru meyllənir. Bəzi insanların şəxsi maraq və hərisliyi ekstrasensorikanı bir elm olmaqdan çıxarıb, cahillik mənbəyinə çevirir. Hansı ki, ekstrasensorikanın məqsədi insanlardakı daxili qüvvəni üzə çıxararaq, onları düzgün istiqamət verərək, qarşıdakı problemləri aşmaqdır.
- Ekstrasensorikanın falçılıqdan fərqi nədir?
- Falçılıq insanları qorxu və itaət altında saxlayaraq, onları öz daxili güclərinə inanmaqdan, həmin gücdən yararlanmaq istəyindən məhrum edir. Nəticədə insanlarda baş qaldıran tənbəllik və qorxu bəlası onları hansısa cadugərdən asılı və kölə halına salır. Halbuki Allah tərəfindən insana elə bir güc verilib ki, öz daxili imkanları hesabına bütün sıxıntılarını aşa bilər. Məsələn, hipnoz elmi çox güclü əsasları və imkanları olan elmdir. Hazırda dünyada bu sahə ilə məşğul olan güclü insanlar var. Lakin hər bir insan öz daxili gücünü azacıq işə salsa və özünü hipnoza qarşı hazır tutsa, beynini işə salsa, dünyanın heç bir güclü hipnoz ustası belə onu hipnoz edə bilməz. Çünki Allah insana möhkəm duyğu və idrak qabiliyyəti verib. Hipnoza düşən insanlar yalnız və yalnız təslim olmaq istədikləri üçün hipnoza məğlub olurlar. Əminliklə deyirəm ki, ruhunu və idrakını azadlıqda saxlamağa çalışan insan ən güclü hipnozun belə öhdəsindən gələ bilər.
- Nə üçün bu anlayışın adı "falçılıq", "falabaxma" kimi qəbul olunur?
- Bu anlayışın kökü qədimlərə gedib çıxır. Hələ eramızdan əvvəl məşhur falçılıq mərkəzləri vardı. Zənnimcə, əvvəllər insanlar daha çox yumurta - fal yumurta vasitəsilə həmin əməlləri yerinə yetirdikləri üçün "fal", "falçılıq" termini yaranıb. Bununla belə, adının nə olmasından asılı olmayaraq, bu əməllər müxtəlif formalarda həyata keçirilib: buludların toplaşması, yağış yağması, ildırım çaxması, suya nəsə atmaqla və sair. Qədimdə bu cür ibtidai fala baxma metodlarından əlavə, münəccimlik, astrologiya, şamanizm kimi ali formaları da mövcud olub və bu gün də var. Biz ibtidai xalq öncəgörməsi ilə cadugərliyi qarışdırmamalıyıq. Yəni xalq inancları öncədən işarə, xəbərdarlıq və buna qarşı tədbir məqsədi güddüyü halda, falçılıq və ya cadugərlik insanları inamsızlığa, öz gücünə etinasızlığa sürükləyir. Falçılıqla cadugərlik də bir-birindən fərqlənir. İkinci əməl daha dərinə gedən, bilərəkdən insanlara mənfi təsir göstərilməsinə xidmət edən, maddi-mənəvi və material planda insanları sümürən bir bir baxış sistemidir. Yəni, falçılıqda kortəbiilik, bilməyərəkdən zərər vermə kimi hallar mümkün olsa da, cadugərlikdə belə durumlar birmənalı istisnadır.
"Cadugərlər sonradan tövbə etsələr də, Şeytan onları rahat buraxmır"
- Cadugərlər gücü haradan alırlar?
- Cadugərliyin müxtəlif metod və vasitələri var. Məsələn, kimsə özündə qeyri-adi bir güc hiss edir və başlayır həmin hissi inkişaf etdirməyə. Bu gücü müsbət yönə də sərf etmək olar, mənfi yönə də. Cadugərlər ikinci yolu seçirlər. Beləliklə, öz gücləri vasitəsilə enerji daşıyıcısı olan müxtəlif əşyalardan, bitki və heyvan mənşəli ləvazimatlardan, əlaqəyə girdikləri mənfi enerji dalğalarından yararlanaraq, insanlara təsir edirlər. Deməli, artıq öz ruhlarını Şeytana sataraq, onun nökərinə çevrilirlər. Bəzən hətta səhvlərini sonradan başa düşüb, tövbə etsələr də, Şeytan onları rahat buraxmır, müxtəlif yollarla insanlara pisliyini davam etdirmələrini tələb edir.
- Onların tövbələri qəbul olunur?
- Düşünürəm ki, bu cür insanların sonradan etdikləri və səmimi qəlblə etdikləri tövbə qəbul olunar və Allah onları bağışlayar. Çünki "Quran"dakı bütün surələr "Bağışlayan və mehriban Allahın adı ilə" cümləsiylə başlayır. Əks halda, tövbə edib geri dönməsələr, Cəhənnəmdən qurtuluşları mümkün deyil. Habelə, özlərindən sonrakı 7 nəsil də onların bəlasını çəkməli olur.
- Cadugərləri xoşniyyətli və bədniyyətli növlərə bölmək olar?
- Burada gəlirik ağ və qara magiya məsələsinə. Bunlar bir-birinə çox yaxın məsafədə dayanmaqla bərabər, tamam fərqli məqsədlərə xidmət edirlər. Biri insanlara zərər vermək, yollarını bağlamaq, işlərinin yaxşı getməsinə mane olmaq kimi vəzifələr, digəri isə insanları qorumaq missiyasını yerinə yetirir. Qara magiyanı pisniyyətli insanların əməllərindən yaranmış qara bir bulud kimi təsəvvür edin. Həmin bulud insanın ətrafındakı rəngbərəng auraya çirkab kimi yapışıb qalır. Getdikcə həmin çirkabları artıqca və qalınlaşdıqca insanın həyatında problemlər, əngəllər, maneələr yaranır. Yəni şəffaf rəngbərəng aura vasitəsilə insana ötürülən müsbət maddi-mənəvi enerjilər qara buluda ilişir və insana çata bilmir. Beləliklə də insanın dolanışığında, planlarında, həyatında, mənəviyyatında və sair ciddi əngəllər meydana çıxır. Ağ magiya ilə məşğul olan insanlar isə müxtəlif dualar və ayinlər vasitəsilə həmin auranı təmizləyir, qara buludu dağıdır və insanın yollarını açırlar. Bu baxımdan ağ magiyanı haradasa xoşniyyətli cadugərlik kimi qeyd edə bilərik. Hər ikisinin də metodları, yararlandıqları vasitələr eyni olsa da, məqdəs fərqlidir.
"Getdikcə dünyanı qara magiya bürüyür və əgər..."
- Qədim dini ədəbiyyatlarda, nağıllarda, eləcə də müasir filmlərdə xeyir-şər mübarizəsi sonda birincinin qələbəsi ilə başa çatır. Necə bilirsiniz, ağ magiya güclüdür, yoxsa qara?
- Kəmiyyət və say baxımından qara, keyfiyyət və güc baxımından ağ magiya üstündür. Bu gün dünyada, xüsusilə Amerika, Avropa, Avstraliya və Yeni Zelandiyada qara magiya daha fəal və güclüdür. Get-gedə insanlar mənfiyə meyllənirlər, bu sahədə məktəblər yaradılır, elm öyrədilir, bir sözlə şeytanlaşma gedir. Lakin Allahın lütfündən hər bir ölkədə, toplumda güclü müsbət auraya və energetikaya malik insanlar olur. Bəzən onlar özləri belə daşıdıqları ali missiyadan xəbərsiz olurlar. Amma məhz onların təsirindəndir ki, qara magiya bəşəriyyəti tamamilə məhv edə bilmir. Yəni istər ayrı-ayrı toplumlar, istərsə də ümumi dünya hansısa sütunların - seçilmiş insanların mövcudluğuna xatir bəlalardan hifz olunur.
- Kənardan verilən mənfi enerjiyə qarşı müxtəlif ibtidai mübarizə formalarını müşahidə etmişik. Məsələn, əl barmaqlarını, yaxud ayaqlarını bir-birinin üstünə keçirməklə, müdafiə olunmaq. Bu cür baxışlarda həqiqət varmı, yoxsa nağıldan başqa bir şey deyil?
- Nağılvari gəlsə də, əslində həmin əl-ayaq hərəkətlərinin tam elmi izah var. İnsan kosmosa bağlı varlıqdır, onun bədənindəki bütün fiziki dəyişiklər planetlərlə, ulduzlarla, kosmos sistemi ilə uzlaşma təşkil edir. Həmin əlaqə insan bədənindəki 12 meridian vasitəsilə qurulur. Bu 12 meridianın başlanğıcı əl, sonu isə ayaq barmaqlarındadır. Deməli, kənar müdaxilədən və daxili aləminə nüfuz olunmasından ehtiyyat edən insan həmin əl və ayaq hərəkətləri ilə bədənindəki cərəyanları qapayır. Cərəyanlar qapanan zaman insanın daxili aləminə nüfuz etmək, yaxud ona mənfi enerji ötürmək istəyənlər öz məqsədlərinə ən azı 70 faiz nail ola bilmirlər. Əlin baş barmağı ağ ciyər, ikinci barmaq isə ürək kanalına bağlı olduğu üçün onları bir-birinin üstünə aşırmaqla həmin iki kanal vasitəsilə dövr edən cərəyanlar bağlanılır. Niyə məhz bu iki barmaq? Çünki insanın kosmosdan aldığı əsas cərəyan nəfəs yolu və ağ ciyər vasitəsilə olduğu kimi, ürək vasitəsilə də insanın bütün daxili-ruhi aləmi idarə olunur. Deməli bu iki kanal, yaxud meridian birləşəndə insanın müdafiə qabiliyyəti artır və nəticədə hopnoz edəninmi, ekstrasensinmi, cadugərinmi fikri həmin insana ötürülmür.
- Bizə kənardan göstərilən təsirlər hansı formada ötürülür: birbaşa, yoxsa kosmos vasitəsilə?
- İnsan bədənində 7 çakra (mərkəz) var. Həm çakralar, həm də meredianlar müxtəlif istiqamətlərdə hərəkət edir və ayrı-ayrı rənglərə malikdir. Onların da hər biri ayrı-ayrı planetlərlə bağlıdır. Deməli, insanın enerji alıb-verməsi, başqalarına ötürməsi olduqca mürəkkəb prosesdir. Bununla bərabər, enerjinin yayılma sürəti saniyənin milyardda birinə bərabərdir. Bu baxımdan kənardan bizə ötürülən enerji birbaşa özümüzə də ola bilər, kosmos vasitəsilə də ola bilər.
- İnsanın kosmosla bağlılığı vahid sistem halındadır ya fərdi şəkildə?
- Ümumi bağlantı da var, ayrı-ayrı da. Parapsixologiyada "eqreqor" deyilən bir anlayış var ki, bu anlayış həm fərdlərə, həm ölkələrə, həm materiklərə, həm planetimizə, həm də başqa topluluqlara aiddir. Yəni, kosmosda şəxsən sizin ayrıca bağlantı mərkəziniz, yaxud enerjivari əksiniz - eqreqorunuz olduğu kimi, Azərbaycan ərazisinin və buradakı toplumun da elə bir eqreqoru var. Həmçinin Azərbaycanda yaşayan ayrı-ayrı etnik toplumların, xaricdəki ölkələrin, ümumi Yer planetinin də kosmosda eqreqoru mövcuddur. İnsan dünyadan köçən zaman onun eqreqoru silinə də bilər, qala da. Bu amil asılıdır insanın ruhi-mənəvi kamilliyindən, özündən sonra belə bəşəriyyətə verəcəyi faydalardan və sair.
"Qara pişiklərin daimi məskən saldığı yerlərdə ev tikməyin!"
- Özümü qanandan eşitdiyim bir inanc var: yolunun üstünə qara pişik çıxarsa, ya geri dön, ya da yolunu dəyiş. Bu inancda bir məntiq varmı, fikrinizcə?
- İnandırıcı gəlməsə belə, bu cür inancların hər birində dərin fəlsəfə və məna gizlənir. Qara pişik məsələsi baş verə biləcək hər hansı xoşagəlməz hadisələr barədə öncədən xəbərdarlıq mənası daşıyır. İstər xalq təfəkküründə sınanmış, istərsə də elm xadimlərinin araşdırmaları bu amili sübut edib. Bu gün qara pişiyi az qala düşmən elan edib, öldürməyə çalışırlar. Əslində isə bizə göstərilən mərhəmətin nümunəsidir, yəni öncədən xəbərdarlıqdır. Çünki qara pişik mənfi enerjini başqalarında daha tez duyur. Bununla belə, bu cür məsələləri fanatik dərəcəsinə çatdırıb, bütün addımlarını onlar üzərində qurmaq da düzgün deyil. Şəxsən mən bu kimi inanclara 30 faiz əməl edərəm. Digər tərəfdən, yolu keçmək başqa, haradasa yerləşmək başqa. Məsələn, qara pişik hansısa bir məkanda məskən salıb, uzun müddət qalırsa, deməli orada patagen zona var və xəbərdarlıq edilir. Patagen zona daimi yerləşilməsi məsləhət görülməyən məkanlardır. Belə ki, Yer kürəsi gözlə görülməyən şaquli və üfiqi xəttlərin yaratdığı qəfəslə örtülüb. Həmin xətlərin kəsişdiyi nöqtələrdə insanların yuva salması, ev tikməsi, uzun müddət qalması düzgün deyil və gələcəkdə orada mövcud olan mənfi enerjidən doğan ciddi fəsadlar meydana çıxır. Qara pişiklərdə duyum qabiliyyəti digər növlərə nisbətən daha güclü olduğundan, onlar həmin kəsişmə nöqtələrinin daşıdığı ağırlığı hiss edirlər və orada məskən salmaqla, insanlara işarə vermiş olurlar. Bu məsələ sırf elmi anlayışdır və inkişaf etmiş ölkələrdə həmin kəsişmə nöqtələrini ciddi araşdırır və çox həssas yanaşırlar.
- Belə çıxır ki, asqırmaya hesablanan inancın da elmi isbatı var?
- Bilirsiniz, bəzən xalqın daşıdığı inanc sistemi bizə qəribə, yaxud gülməli gəlir. Amma bir şeyi bilmək lazımdır ki, kainatda baş verən bütün hadisələrin mənası olduğu kimi, uzun əsrlərdən bəri sınaqdan keçmiş xalq inanclarının da söykəndiyi həqiqət var. Bu cür yanaşmalar 5-10 ilin məhsulu deyil, əsrlərlə sınanılmış dəyərlər sistemidir. Təbii ki, asqırmanın tibbi və fiziki tərəfləri də var. Amma bəzən dəxli olmadan fərqli durum ortaya çıxır. Burada informasiya almaq məsələsi də mümkündür. Məsələn, parapsixoloqların hər biri tamam ayrı-ayrı kanallar vasitəsilə informasiya alırlar. Biri eşidir, biri iyisi duyur, biri toxunma yolu ilə informasiya alır, biri fikrə nüfuz edir, biri rəngləri sezir və sair. Bu mənada hər bir proses özlüyündə informasiya daşıyıcısıdır və kimsə ondan xəbərdarlıq ala bilər. Yenə də deyirəm, ibtidai inanclar sistemini inkar etmədiyimiz kimi, doqma halına salmaq da olmaz. Hər şey insanın özündən, daxili imkanlarından və idrakından asılıdır.
"Ruhları çağırmaq ən bağışlanmaz günahlardandır"
- Dünyada ruh çağırılması kimi əməllər də mövcuddur. Hətta bu sahə ilə məşğul olan spiritizm elmi var. Həqiqətən, ruhları çağırmaq mümkündürmü?
- Təbii ki, mümkündür. Hətta Avropada bu işlə məşğul olan xüsusi mərkəzlər də fəaliyyət göstərir. Amma ruh çağırılması ən böyük günahlardan sayılır. Çünki ruhi aləmin öz qanunları var və heç kimin ora daxil olmağa ixtiyarı yoxdur. Cadugərlər necə lənətlənmiş zümrə sayılırsa, spiritizmlə məşğul olanlar da elə lənətlənmiş hesab olunurlar. Çoxu, xüsusilə də gənclər bunu dərk etmədən, əyləncə xatirinə ruh çağırmağa girirlər. Biz parapsixoloqlar çox ciddi xəbərdarlıq edirik ki, lənətlənmək istəmirlərsə, o sahəyə girməsinlər. Allahın qoyduğu qanuna əsasən, biz ruhlar aləmi ilə əlaqəyə girə bilmərik. Amma bu qanunu öz maraqlarına görə pozanlar bir növ cadugərlik etmiş olurlar. Yəni cadugərlər insanları və onların iradəsini özlərinə tabe etməyə çalışdıqları kimi, spiritizmlə məşğul olanlar da ruhları özlərinə tabe etməyə çalışırlar. Müxtəlif vasitələr: tıqqıltı, hərflərlə cavab alınması, "hə" və "yox" cavablarından birinin hansısa vasitəylə seçilməsi və sair yollarla ruhlarla dialoqa girilir. Öz suallarına, maraqlandığı məsələlərə ruhlardan cavab almaq məqsədilə o aləmə nüfuz edirlər. Ruhi aləmlə fiziki aləm bir-birinin içində olmaqla yanaşı, bir-birilərindən milyardlarla zaman məsafəsi qədər uzaqdadır. Lakin ruhi aləmdə "zaman-məkan" anlayışı olmadığı üçün çağırışa dərhal cavab vermələri mümkündür. Yenə təkrar edirəm ki, bu əməl ən bağışlanmaz günahlardandır.
"Dua zamanı insanın fiziki aləmi ilə daxili aləmi birləşir"
- Maraqlıdır: istər parapsixoloqlar, istər cadugərlər, istərsə də spiritizmlə məşğul olanlarda xüsusi Allah vergisi olur, yoxsa özləri sonradan qazanırlar?
- Hər ikisi də mümkündür. Habelə, ola bilər ki, doğuşdan verilən o hissi çox sonralar dərk etsin, yaxud verilən anda hiss etsin. Mürəkkəb proses olduğuna görə, heç bir ehtimal istisna deyil. Bilirsiniz, hansısa dini ayini icra edərkən, yaxud dua zamanı insanın fiziki aləmi ilə daxili aləmi birləşir və insan öz ruhi dünyasını daha yaxşı dərk edir. Beləliklə, duyum qabiliyyəti artıqca müxtəlif suallar meydana çıxır. Həmin suallara cavab tapmaq üçünsə müxtəlif yollara aparıb çıxarır. Mümkündür ki, həmin axtarışlar zaman insan parapsixoloq və ya cadugər olsun, yaxud da ruh çağırmağa başlasın.
- Parapsixologiya ilə ekstrasensorikanın fərqi var?
- Hər ikisi ümumi mənada eyni hədəflərə dayanır. Sadəcə parapsixologiya daha geniş anlayışdır və ekstrasensorika onun tərkib hissəsi kimi qəbul olunur. Ekstrasensorika hissiyyatı güclü olan insanların sahəsidir, parapsixologiya isə təbiət və fiziki elmlər tərəfindən izah olunmayan proseslərin izahı və məşğuliyyət sahəsidir.
- Konkret olaraq sizin məşğuliyyət sahəniz nədən ibarətdir?
- Parapsixologiyanın çoxlu sayda tərkib hissələri, sahələri var. Mənim məşğul olduğum sahə bir tərəfi insanlara mənəvi-psixoloji yardım etmək, düzgün istiqamət verməkdən ibarətdir. İkinci və əsas tərəf isə diaqnostika, həmçinin xalq təbabəti, bioenergetika və orqanizmin tarazlaşdırılması yolu ilə müayinə və müalicədir. Mən həm də bioloqam və Bakı Dövlət Universitetinin biologiya fakültəsini bitirmişəm. Eyni zamanda, Moskvada kurslarda dərs almışam, Azərbaycanda mərhum parapsixoloqumuz Etibar Elkinin məktəbini keçmişəm.
- Bu dəqiqə mənim ətrafımdakı auranı müəyyənləşdirə bilərsiniz?
- Aura tez-tez dəyişir və onları əks etdirən rənglər də şəkildən-şəkilə düşür. Amma hər bir insanda hakim olan rənglər var ki, onlar dəyişkən deyil. Hal-hazırda sizdə mavi, qırmızı və narıncı rənglər görünür. Mavi ruhi aləmə bağlılığı ehtiva edir. Qırmızı və narıncı isə əsasən, fərdi iradənin təzahürü sayılır. İndi sizdə nicbətən solğun müşahidə olunduğu üçün həm mənəvi dünyanız, həm də şəxsi iradəniz üzərində daha çox çalışmağınız məsləhətdir. Bundan əlavə, hal-hazırda sizdə sarı rəngin azlığı hiss olunur. Bu da ya mədənizdəki, ya da əsəb sisteminizdəki hansısa nasazlıqla bağlıdır. Sarı rəng Günəş sistemi üzərində yerləşdiyindən insanın gələcək fəaliyyəti və enerjisinin çoxu o rəngdə toplanır. Bu rəngin parlaqlığını itirməsi insanda əsəbilik, ruh düşkünlüyü və fiziki nasazlıq yarada bilir. Çalışın, sarı rəngi parlaqlaşdırın...
Tural Talehoğlu
Milli.Az





