Cəmiyyət

Qril toyuqları təhlükə mənbəyidir? - ARAŞDIRMA

26 İyul 2013 16:27
0 Şərh     Baxış: 5 743
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Onları hazırlayan aparatlar günlərlə təmizlənmir

Bəzən yemək bişirməyə tənbəllik etdiyimiz an hazır yeməklər almağa üstünlük veririk. Bu cür yeməklər sırasında qrillərə daha çox üstünlük veririk. Ancaq yediyimiz qrilin hansı şəraitdə, hansı toyuqdan hazırlandığını bilmirik.

Məlumdur ki, satışda olan qrillərin hazırlanması ictimai obyektlərdə həyata keçirilməməlidir. Ancaq indi meyvə-tərəvəz mağazalarında, dönərxanalarda, yol kənarında və digər satış obyektlərində qril satışını görmək mümkündür. Bu zaman heç bir normativ və gigiyena qaydalarına əməl olunmur. Heç bu toyuqlar yaxşı yuyulub təmizlənmir də.

Çapayev adlanan ərazidə yolun kənarında kiçik bir "Talış təndiri" adlanan yerdə də qril satışı həyata keçirilir. Burada toyuqlar təndirdə bişirilir və pəncərənin qabağına yığılır. Üzərinə isə rəngi tozdan dəyişmiş tənziflə örtülür. Guya bu tənzif toyuğun üzərinə tozun, mikrobların hopmasına imkan vermir.

Tənzifi qaldırıb qrillərə tərəddüdlə baxdığımızı görən satıcı qadın "təzədi, bu gün səhər bişirmişəm" deyə onu tərifləməyə başladı. Ancaq qrilə baxanda heç təzə kimi görünmürdü. Toyuq qaralmışdı, üzərindəki tozu da görmək mümkün olurdu.

"Talış təndiri"nə yaxınlaşan alıcılar isə yalnızca təndir çörəyi alırdı, qril tərəfə baxan yox idi. Alıcılardan biri, Aysel adlı xanım uzun zamandır ki, qril almadığını deyir: "Çünki içi yaxşı təmizlənmir, yuyulmur. Bir dəfə alıb evə gətirib gördüm ki, qrilin içində nə desən var. O gün bu gün almıram".
Digər alıcı Bəxtiyar Abdullayev isə bu kimi qidalara üstünlük verdiyini dedi: "Mən qril alıram. Amma aparatda bişən. Belə üzərinə nələrsə örtülüb yol kənarında satılan qrilləri yox. Aparatın içindən baxıram ki, təzədir, gözə yaxşı dəyir, alıram".

Qeyd edək ki, dönərxanalarda, mağazalarda qrillərin hazırlanmasında istifadə edilən aparatların əksəriyyəti bərbad haldadır. Çünki onlar çox nadir hallarda yuyulur. Ancaq bir qayda olaraq bu avadanlıqlar hər gün yuyulmalı və sanitar qaydalara riayət edilməlidir. Ancaq bu aparatlara baxanda adam nəinki qril almaq, heç o aparatın yanından belə keçmək istəmir.

Çirkli aparatlarda bişirilən qrillər, şübhəsiz ki, insan sağlamlığı üçün təhlükədir. Həkimlər bu cür toyuq qrillərinin xərçəng riski yaratdığını da bildirirlər. Türkiyə və Amerika alimlərinin araşdırmasına görə süni şəkildə böyüdülmüş toyuqlar və qrillər insanlarda xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Belə ki, bu toyuqlar yumurtadan çıxan gündən etibarən müəyyən dərmanlarla şişirdilərək 17 gün müddətinə böyüdülür. Hətta türk alimlər iddia edirlər ki, süni şəkildə böyüdülmüş toyuqların ömrü 45 gündür. Onlar 45 gündən sonra tələf olurlar. Buna görə də bu müddətə qədər onları kəsmək lazımdır. Bu toyuqlardan hazırlanan yeməkləri yeyərkən də toyuğun dadında və qoxusunda fərqlilik olduğu ciddi şəkildə hiss olunur.

Həmçinin qrilin hazırlanması zamanı piy, qan və digər maddələr aparatın dibinə çökdüyü üçün müxtəlif infeksiyaların yaranmasına şərait yaradır. Həmin mikroblar toyuq ətinə düşsə, bu məhsul qidalanma üçün zərərli ola bilər. Buna görə də aparatların təmiz saxlanmasına riayət olunmalıdır.

"Yeni Müsavat"
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.