Son günlər dənizdə boğulan insanların sayında artım müşahidə olunur. Çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə valideynlərinin nəzarəti olmadan üz tutan azyaşlıların, yeniyetmələrin sayı artıb.Uşaqların üzləşdiyi ölümlə nəticələnən bədbəxt hadisələr arasında suda boğulma ikinci yeri tutur
Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) xəbərdarlığında bildirilir ki, çimərlik mövsümü başlayandan qadağan olunmuş su hövzələrində, qeyri-çimərlik ərazilərdə suda boğularaq batmış 28 nəfərdən 10-u azyaşlıdır. Dəniz kənarında qoyulan lövhələrə fikir verməyən insanlar da olduqca çoxdur. Elə bu boğulmaların əksəriyyəti "mən üzə bilirəm" fikrindən yaranır.
Üzgüçü Tariyel Məmmədovun sözlərinə görə, onun yanına əksəriyyət yaxşı üzməkdən çox dənizdə boğulmamaq üçün gəlir. Halbuki boğulmağın yaxşı üzməklə heç bir əlaqəsi yoxdur: "Azyaşlıların təlimi daha rahat olur. Çünki onlar böyüklərə nisbətən daha ürəkli, daha qorxusuz davranırlar və fikirləri gözəl üzməkdə olur. Gənclər sudan qorxur, amma bir o qədər də özlərini qorxusuz göstərirlər. Bunun ilk sübutu öyrənməyə gələn gənclərin bir-birini itələyib xəbərsiz suya atmaqlarıdır. Dənizdə də edilən birinci səhv hərəkət budur - yanındakının üzmə hazırlığına əmin olmadan onu dənizə itələmək. Su nə qədər dayaz olur-olsun, insanın panikaya düşməsi, özünü itirməsi an məsələsidir. İkinci ən böyük səhv isə boğulan insanın çabalamasını gözləməkdir. Bunu isə filmlərdən yadda saxlayıblar. İnsanlar elə düşünür ki, boğulan insan mütləq çabalayacaq, qışqıracaq. Belə olsaydı, demək olar ki, boğulan insanların sayı yarıbayarı azalardı".
T.Məmmədov bildirir ki, üzməyə gələn insanlarda əsas olan insanın özünə güvənməsidir. Özünə güvən insanın sudan qorxmaması üçün vacibdir: "İkincisi, suda düzgün nəfəs almaq da vacibdir. Dənizdə üzən insanlar başlarını dik qaldıraraq nəfəs almağa çalışır ki, bu da onların boğulmasına şərait yaradır. Qarşıdan gələn su buruna və ağıza dolur, nəfəs almağı çətinləşdirir. Baş yana əyilib nəfəs alınmalıdır".
Həmsöhbətimizin dediyinə görə, dibinin dərinliyini bilmədiyiniz suya baş vurmaq olduqca təhlükəlidir: "Zalda üzməyə gələn insan daim ayağının altında yer olduğunu hiss edir və bunu beyninə həkk edir. Zaldan dənizə getdikdə də bu fikir beynində qalır və bir də onda ayılır ki, ayaq yerə dəymir. Panika, qorxu və nəticədə boğulmaq riski. Bəzən bir- biri ilə zarafat etmək istəyən gənclər suyun altından digərinin ayağını çəkir, başını suya basır və bu kimi zarafatlar edir. Yaxud özünü ətrafındakılara göstərmək məqsədi ilə üzünü qaldırmadan üzür və bir də başını qaldırdıqda dərinlikdə olduğunu hiss edir. Əslində heç kim boğulmaq istəmir. Bilərək ölümə getmir. Boğulma 1 dəqiqənin içində olur və ölməmək üçün mümkün qədər sakit olmaq, panikaya qapılmamaq lazımdır".
ABŞ-ın keçmiş sahil mühafizəsi zabiti Mariona Bittoneni öz qeydlərində bildirib ki, 1 yaşdan 15 yaşadək uşaqların üzləşdiyi ölümlə nəticələnən bədbəxt hadisələr arasında suda boğulma ikinci yeri tutur. Hər il uşaqların suda boğulması ilə nəticələnən 750 ölüm hadisəsindən 375-də uşaqlar valideynlərindən 23 metr aralıda batırlar. Bəzi hallar istisna olmaqla, suda boğulan insanlar fiziki cəhətdən kimi isə köməyə çağırmaq iqtidarında olmurlar. İnsanın tənəffüs sistemi nəfəs almaq üçün nəzərdə tutulub, nitq isə bu sistemin ikinci dərəcəli funksiyasıdır. Yəni, kobud şəkildə desək, insan əvvəlcə nəfəs almalı, sonra danışmalıdır.
Professor Pia qeyd edir ki, boğulan insanların ağzı suyun altına gedir və yenidən bir neçə saniyəliyə suyun üzünə çıxır. Beləliklə, boğulan insanın ağzı suyun səthində o qədər də çox qalmır ki, nəfəs alsın, yaxud kimisə köməyə çağırsın. İkincisi, boğulan insanlar əllərini yelləyə bilmək halında olmurlar ki, kənardakı adamların diqqətini cəlb edə bilsinlər. Təbii instinktlər onları vadar edir ki, əllərini yana açsınlar və suya "sıxsınlar" ki, oradan çıxa bilsinlər. "Suda boğulmaya instinktiv reaksiya"nın bütün prosesi zamanı, boğulan insanlar əl hərəkətlərinə nəzarət edə bilmirlər. Prosesin əvvəlindən axırınadək insanın bədəni suyun altında şaquli vəziyyətdə olur. Əgər boğulan insanı xilas etməsələr, o, 20-60 saniyədən sonra tamamilə suya qərq olacaq. Boğulan insanların köməyə çağırması nadir hallarda baş verir - bu zaman onlar "akvatik stress" vəziyyətində olurlar. Belə hallarda onlar əllərinə keçənləri tullaya bilir, üzən əşyalardan yapışmağı bacarırlar.
Boğulan insana yardım məqsədi ilə hər insan köməyə qaçmamalıdır. Üzgüçü T.Məmmədov deyir ki, hətta ən yaxşı üzgüçülər belə o an boğulma təhlükəsi yaşaya bilər. Ona görə, mümkün qədər yaxşı üzə bilən, özünü itirməyən insan kömək etməlidir ki, boğulan adam onu suyun altına çəksə vəziyyətdən çıxış yolu tapa bilsin: "Suda boğulmalar quru boğulmalar sayılır. Əksər boğulmalarda ağ ciyərlər su ilə dolmur. Boğulan insan özünə gəldikdən sonra ya çimməyə davam edir, ya hadisənin şokunu atlatmağa çalışır. Amma bu, səhvdir. Boğulma hər necə olur-olsun, nəticədə boğulan insan həkimə müraciət etməlidir. Bütün bədbəxt hadisələrdə olduğu kimi, suda boğulmadan qorunmağın ən yaxşı üsulu onun profilaktikasıdır. Uşaqlardan söhbət getdiyi halda bu daha aktualdır. Kiçik uşaqları heç zaman su ilə doldurulmuş vannada təkbaşına qoymayın, hovuzda, dənizdə çimərkən onlara nəzarət edin".
Bu arada FHN əhaliyə növbəti dəfə xəbərdarlıq edib. Nazirlik istirahətini dəniz kənarında, çimərliklərdə keçirən insanlara şəxsi təhlükəsizliyin qayğısına qalmağı, küləkli və dalğalı havada dənizdə çimməməyi tövsiyə edir: "Küləkli və dalğalı havada dənizə girmək həyat və sağlamlıq üçün təhlükəlidir!"
Ekspress.az