Allah-Təbarəkə və Təala "Hucurat" surəsində imandan bəhs etdikdən sonra fəlakət doğuran üç xüsusiyyətə diqqət çəkərək: "... inkara, fasiqliyə və üsyana qarşı sizdə nifrət oyatmışdır" ("Hucurat" surəsi, 49/7) deyir və insan qəlbinin küfr, fisq və üsyana nifrət etməsinin ilahi bir nemət olduğunu bildirir.
Bildiyimiz kimi, imanın əksi küfrdür. Küfr - Allaha inanmamaq, haqqı qəbul etməmək və inkarla Allahın nemətlərinin üstünə pərdə çəkmək deməkdir. Əslində, bir qəlb imanı sevirsə və imanla könlünü abad etmək istəyirsə, küfrə nifrət eməlidir. Belə ki, imanın dadını alan insan küfrə mütləq nifrət edir. İnsanlığın İftixarı Peyğəmbərimiz (əleyhissalatu vəssalam) buyurur: "Bu üç xüsusiyyət kimdə varsa, imanın dadını almış sayılır: Allahı və Onun Rəsulunu hər şeydən və hər kəsdən çox sevmək, sevdiyini sırf Allah rizası üçün sevmək və hidayətə çatandan sonra təkrar küfrə düşməyi oda atılmaqdan daha dəhşətli görmək".
Fisqlə üsyan da küfrə və əbədi fəlakətə açılan həmin qapılardandır və imanın rayihəsini qəlbən duyan bir insan bu iki təhlükəli sahədən dünyalar qədər uzaq olmalıdır.
Fisq - Allahın əmrindən üz döndərmək, haqq yoldan çıxmaq, böyük günahlara batmaq və ya mütəmadi kiçik günahlar işləyərək Allaha itaət halqasından kənara çıxmaq mənasına gəlir.
Daimi yönəliş
Ömrünün hər anını dua və niyazla zinətləndirən Seyyidül-Mürsəlin Peyğəmbərimiz (əleyhissalatu vəssalam) yuxarıdakı ayəni dua qəlibinə salmış və: "Allahummə həbbib iləynəl-imanə və zəyyinhu fi qulubinə və kərrih ileynəl-küfr vəl-füsuqa vəl-isyan vəcalnə minər-raşidin" (Allahım! İmanı bizə sevdir və qəlbimizi onunla zinətləndir. Küfr, fisq və üsyanı isə bizə çirkin göstər və bizi kamala çatanlardan eylə) yalvarışı ilə Allahu-əzimüşşana üz tutmuşdur.
Ayələrdə keçən ifadələr, Peyğəmbərlərin həyatı və Rəsuli-Əkrəmin sözləri bizi öz əməlimizə arxayın olmamağa, "hidayətə çatdıq, qurtulduq" kimi düşüncələrə qapılmamağa və daim təzərrö (öz qüsurunu bilib, etiraf edərək təvazökar bir üslubla yalvarmaq, əfv diləmək) ilə, niyazla Allaha yönəlib, Onun hifz və inayətinə sığınmağa səsləyir. Demək ki, kamil insan zirvəsinə yüksəlmək və ən azı möminlik vəsfini qorumaq ancaq bu cür daimi yönəlişlə mümkündür.
Bəli, həqiqətən, iman etmiş və kamala çatmış bir mömin böyük-kiçik hər günahı çirkin görər, günaha, xətaya qətiyyən düşməməyə çalışar. O inanır ki, hər bir günah ona bəxş edilən imanı çirklədəcək, hətta çatladacaq. Belə bir insan bir yerdə büdrəyib günaha düşərsə və hissə qapılıb qəfil üsyana meyl edərsə, dərhal tövbə və istiğfar qapısını döyüb ruhunu təmizləyər. O, təmizlənmə işini qətiyyən təxirə salmaz, çünki hər an Qaf dağından daha ağır yüklə Allahın hüzuruna çıxmayacağına dair əlində bir sənədi yoxdur. Çox yaxşı bilir ki, tövbəni bir dəqiqə belə gecikdirmək özünün zərərinədir. Onun etiqadına görə, günahın bircə saniyə də yaşamasına imkan verilməməlidir. Çünki günah tövbə çeşməsi ilə vaxtlı-vaxtında təmizlənməsə, qəlbi sancan zəhərli bir ilana çevrilib orada yuva sala, törəyib çoxala bilər. Tövbəsi gecikən hər bir günah yeni günahlara, xətalara zəmin hazırlayır. Elə isə həqiqi mömin bir günah işlədimi, məsələn, gözünə bir haram dəydimi, haram bir tikə yedimi, bir yalan söylədimi... dərhal o günahdan xilas olmaq üçün bir yol axtarmalı, bir-iki dəqiqə də keçmədən alnını səcdəyə qoymalı, tövbə və istiğfarla yuyunub təmizlənməli və Cənabi-Allahın hüzuruna çıxmağa hazır vəziyyətə gəlməlidir.
Sevdir bizə sevdiklərini...
Xülasə, Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) hər səhər etdiyi bu dua səhər-axşam bizim də dilimizdən düşməməli, duada keçən sətirləri düşünərək Rəbbimizə yönəlməli, Rəhman və Rəhim Allaha bu hisslərlə səslənməliyik:
- Allahım, imanı bizə sevdir, canımızdan, qanımızdan, həyatımızdan daha çox sevək onu. Rəbbim, qəlblərimizi imanın əsasları ilə bəzə, könüllərimizə Zatının sevgisini ver, Həbibinin məhəbbətini doldur sinələrimizə və sevdiklərini sevdir bizə. "Yoldan ayırma bizi, doğrunu söylət, sevinci duyur, həqiqəti öyrət. Sən hiss etdirməsən, biz hiss edə bilmərik, Sən dilimizi açmasan, biz danışa bilmərik, Sən sevdirməsən, biz sevə bilmərik. Sevdir bizə sevdiklərini, uzaqlaşdır bizi uzaq olduqlarından, yar et bizə kamala çatdırdıqlarını" (M. Həmdi Yazır). Vicdanımızı eşqinlə, məhəbbətinlə elə işıqlandır ki, imanı rəngarəng, cazibədar görək. Rəbbim! Küfrə və bizi küfrə sürükləyən bütün günahlara qarşı içimizdə nifrət oyat. Xüsusilə, iman, İslam, din və diyanət halqasından çıxıb fasiqlərdən olmaqdan və əmrlərinə itaət etməyib asilər kimi uçuruma yuvarlanmaqdan bizi hifz eylə... Amin.
Yetmiş yaşlı "yaramaz uşaq"lar
"Hücurat" surəsində keçən bir ayənin (7-ci ayə) bildirdiyinə görə, kamala çatanlar o şəxslərdir ki, imanı sevir və qəlbini onunla süsləyir, könlünü iman ziyası ilə işıqlandırır, küfr, fisq və üsyana nifrət edib onlardan üz döndərir və daima iman yolunda olub doğruluq və itaətdən ayrılmır.
Demək ki, rüşdə (yetkinlik, kamillik mərtəbəsi) çatmaq yaşla ölçülmür. Neçə-neçə ahıl var ki, on beş yaşına çatmamış uşaq kimidir. Əvvəlini-axırını düşünməyən, nəfsinə uyub hər gün "tonlarla" günah işləyən bu yaramazlar nə gözlərinə, nə də qulaqlarına nəzarət edirlər... Nə dillərini günahdan uzaq tuturlar, nə də digər üzvlərini... Rüşd yaxşını pisdən seçməyi bacarmaq, haqq yolda sabitqədəm, səbirli və dönməz olmaqdır. Beləliklə də, rüşdə çatan, özünü dərk edən və doğru yolu tapıb sirati-müstəqimdə gedən insan axtarırsınızsa, onu ancaq imanı sevib könlünü onunla zinətləndirən, küfrdən, fisq və üsyandan nifrət edənlərin arasında tapa bilərsiniz.
Əgər bir insan inandığını iddia edə-edə küfrə qarşı sayıq deyilsə, günah dəryasına yelkən açıbsa, üsyan vadilərindən ayağını kəsmirsə, gözünü-qulağını, dilini-dodağını haramdan çəkmirsə, yaşı neçə olursa-olsun, onu raşid adlandırmaq, onun rüşdə çatdığını demək çox çətindir. Niyə? Çünki belə insan göz görə-görə qəlbini yaralayır, iman evini tar-mar, axirət həyatını yerlə yeksan edir. Cənnət saraylarına günahları ilə od vuran bir insana necə raşid demək olar? Günah külüngünü əlinə alıb Cənnət qəsrlərini bir-bir uçuran və Cənnət evini yıxan bir insanın yaxşını pisdən seçdiyini demək mümkündürmü? Həzrəti Piri-Muğan "Burada bir "əlhəmdülillah" deyərsən, orada bir Cənnət meyvəsi yeyərsən" demirmi? Elə isə burada bir namaz qılarsan, orada bir Cənnət qəsri ucaldarsan ... Burada bir günah işləyərsən, orada böyük bir sarayı yerlə bir edərsən...
"Zaman Azərbaycan"