Cəmiyyət

Yayın qənimi - ağcaqanadlar

12 İyun 2013 20:25
0 Şərh     Baxış: 2 712
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Yay özü ilə günəş, istirahət, eyni zamanda narahatlıq, həşəratlar, ağcaqanadlar gətirir. Bu isə insanların bütün gün dincəlmələrini, rahatlıqlarını sıfıra endirir.

Ağcaqanadlar yay aylarında daha aktiv fəaliyyətə keçir. Xüsusən axşam saatlarında və səhərə doğru insanlara qarşı hücuma keçən ağcaqanadlar narahatlıq doğurmaqla yanaşı dəridə xoşa gəlməyən qızartılar da yaradır. Qaşınma isə belə halda ən çox narahatlıq verən bir prosesdir. Ağcaqanadlar insan bədəninə qonduğu zaman iynə batırdıqları yerdə qanın laxtalanmaması üçün enzim adlanan maddə ifraz edir. Bu maddə qanda ağcaqanadın dişlədiyi kiçik bir çevrədə qanın duru qalmasına və bununla da qidalanmasına səbəb olur. Həmin bölgədə qan daha sürətlə axdığından dəridə yanma, istilənmə hiss olunur və ağcaqanaddan ifraz olunan maddənin təsirindən qaşınma başlayır. Bu qaşınma insandan insana fərqlidir.

Dermatoloq Vəfa Şıxlının sözlərinə görə, allergiyası olan insanlarda qaşınma daha ağır formada ortaya çıxır. Uşaqlara nisbətən böyüklərdə qaşınma və qızarma daha yüngül formada olur. Uşaqlarda isə qaşınmalar sonradan kiçik yaralara, həmin hissədə dəri qopmalarına səbəb ola bilər. Hətta həssas olmayan insanlar da var ki, onlar ağcaqanad tərəfindən dişləndiklərinin fərqinə belə varmazlar: "Yaranan şişlik və qaşıntı daha da qaşınıldığı zaman ağrının şiddəti artar. Şişən nahiyənin üstü yara olar. Belə qaşıntıların qarşısını almaq üçün ora yod, spirt, əzilmiş formada aspirin vurmaq həm qaşıntını, həm şişkinliyi sakitləşdirər".

Bəzən insanlar ağcaqanad dişlədikdən sonra həmin hissəni sıxaraq ağcaqanadın ifraz etdiyi maddəni çıxarmağa çalışırlar. Həmsöhbətimizsə bunu düzgün saymır, bununla belə onun sözlərinə görə, bu, qaşıntını sakitləşdirmək baxımından işə yarayır. Dediyinə görə, dırnaqla müdaxilə etdikdə dəridə zədələnmələr, yaralanmalar yarandığı üçün məsləhət görülmür. Ən yaxşısı qaşımamaq və zamanla sağalmasını gözləməkdir.

Ağcaqanadlar eyni zamanda virus daşıyıcıları da ola bilər. Gün ərzində qonduqları müxtəlif insanlardan, məkanlardan aldıqları viruslar digər insanlara rahatlıqla keçə bilər. Amma bu, AİDS və ya bunun kimi daha təhlükəli virusların da insandan insana keçməsi demək deyil. Ağcaqanadlar fil xəstəliyi, malyariya ve qızdırma xəstəliyinin yoluxucusudur. Azərbaycanda bunlardan ən geniş yayılmışı malyariya xəstəliyidir. Malyariyalı xəstəyə vaxtında müvafiq tibbi köməyin göstərilmədiyi təqdirdə ölüm baş verə bilər. Malyariya parazitləri o qədər kiçikdir ki, onlar yalnız mikroskop altında görünür. Onlar qan hüceyrələri ilə qidalanır, orada çoxalır və həmin hüceyrələri dağıdır. Malyariya parazitləri bir xəstə insandan sağlam insana adətən "Anopheles" cinsindən olan ağcaqanadların vasitəsi ilə ötürülür. "Anopheles" cinsindən olan ağcaqanadın dişisi infeksiyaya yoluxmuş insanı sancdıqda, onun qanını sorarkən qanla birlikdə malyariya qametositlərini də udur. Bu təqdirdə, malyariya paraziti ağcaqanadın orqanizmində bir müddət qalaraq inkişaf etməlidir və yalnız bundan sonra o özü digər insanları yoluxdura bilər.

Dermatoloq bildirir ki, ağcaqanadlardan qorunmaq üçün istifadə olunan kimyəvi dərmanlar dəriyə zərər vura bilər. Belə dərmanlardan istifadə zamanı dəridə yaralar, ekzema olmamalıdr. Xüsusən uşaqların əllərinə belə dərmanlar vurulmamalıdır. Uşaqlar bilmədən ağızlarına vurduqda əllərdən keçən dərman onları zəhərləyə bilər. Buna görə, mümkün qədər belə kimyəvi tərkibli dərmanlardan istifadə edilməməlidir: "Xüsusilə yay aylarında ağcaqanadlar və digər həşəratlar uşaqların dərisinə qonmağa meylli olur. Çünki uşaqlar daha müdafiəsizdir və daha sakitdir. Uşaqlar isə belə hallarda xəstəliklərlə üz-üzə qalır. Qaşıntı, allergik reaksiyalar uşaqlarda ciddi bir müalicə tələb edəcək qədər ciddiləşə bilər. Bəzən mikrob müxtəlif dəri infeksiyalarına səbəb ola bilər. Ağcaqanad dişləməsi uşaqların yuxu keyfiyyətinin pozulmasına da gətirib çıxaran səbəblərdəndir".

Əvvəllər ağcaqanadlardan qorunmaq üçün müxtəlif üsullardan istifadə edirdilər. Zeytunlu sabunlar, sarımsaqlardan istifadə isə geniş yayılan üsullar sırasında idi. Hazırda bu problem daha rahat yollarla həll olunur. Satışda ağcaqanad qovucu müxtəlif tabletlər, yandırıb qoxusu ilə ağcaqanadı qovmaq üçün çoxçeşidli maddələr mövcuddur. Belə tabletlər toksiki və zərərli maddələri özündə cəmləşdirir. Otaqda elektrik istiliyi ilə qoxu yayan həblər ən çox zərərli maddələri cəmləşdirən ağcaqanad qovucusudur. Bu həblər pymamine forte adlı kimyəvi maddələrdən hazırlanır. Belə kimyəvi zəhərlənmənin əlamətləri nəfəs almaqda çətinlik, tərləmə, baş gicəllənməsi, ürək bulanması və qusmadır. Həblərin bağlı məkanlarda istifadə edilməsi təhlükəlidir. Tətbiq olunan otağın pəncərəsi mütləq açıq olmalıdır. Halbuki bizdə tamamilə əksinədir. Həbləri yandırıb istifadə etdikdən sonra qoxunun otaqda daha effektli olması üçün mümkün qədər məkanı qapalı saxlayırıq. Əgər otaqda akvarium və ya qəfəs varsa, bunları örtmək lazımdır. Bu kimyəvi maddələr sudakı mikroorqanizmlərə də təsir edir. Havaya buraxılan tüstü nəfəsə çəkilməməli və istifadədən sora əllər sabunla yuyulmalıdır. Həblərin ağız və gözlə təması olmamalıdır. Tablet uşaqların əli çata bilməyəcəyi bir yerdə saxlanımalıdır.

Müsahibimizin dediyinə görə, yay aylarında dərini mümkün qədər həşərat sancmalarından qorumaq lazımdır. Çünki dəri müxtəlif olduğu kimi onun allergik reaksiyaları da müxtəlif olur. Buna görə bir insanın həşərat sancması zamanı istifadə etdiyi dərman, yaxud maz digər insana düşməyə bilər. Mümkün qədər belə sancmalardan qorunmaq əlavə xəstəliklərdən qorunmaq deməkdir.

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.