Cəmiyyət

İslamı seçək, yoxsa sünni-şiə məzhəblərini?

12 Avqust 2010 09:40
Baxış: 17 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Salamı necə verim ki, nə sünni incisin, nə şiə?


- Alə, mən sənə diyirəm ki, olmaz, məkruhdur, ağa belə buyurub.
- Ağsaqqal, axı onlar da müsəlmandır...
- Nə dəxli var? Onlar bizdən deyillər. Səhv yoldadırlar.
- Deməli, xristan qızla olar, yəhudi qızla olar, amma müsəlman qızla evlənmək olmaz? Nə var-nə var sünni nəsildən gəliblər...
- Alə, həri. Bura baxginən, bu söbəti ağayi müctehid buyurub, sən ondan çox biliceysən?
-  ...

Təsəvvür edin ki, bu dialoq neçə illərin ibadət əhli olan saqqallı, təsbehli ağsaqqal bir kişi ilə dinə təzəcə gəlmiş gənc oğlan arasında yaşanıb. Böyük sevgi və ümidlə İslamı yaşamağa çalışan gənc namaza başladığı ilk həftə bu yaşlı "dindar" ilə tanış olur. Yaxın vaxtlarda sevdiyi qızla evlənmək niyyəti olduğunu deyən gənc evliliklə bağlı İslam qaydalarını öyrənmək istəyir. Məsələni açan kimi ağsaqqalın ilk sualı belə olur: "Qız tərəf şiədir, yoxsa sünni?". Oğlan sualın mahiyyətini başa düşməsə də, zəng vurub öyrənir ki, qızgilin kəndi sünnimeyllidir. Bunu eşidən qoca "mömin" həmin qızla evlənməyin məkruh, yəni bəyənilməyən əməl olduğunu bildirir. Beləliklə, onların arasında yuxarıdakı dialoq yaşanır.

Həqiqətən, bu cür din yayanlara gülməkdən başqa çarə yoxdur. Azərbaycan kimi kiçik bir müsəlman ölkəsində iki mömin yan-yana gələ bilmirsə, daha vahid İslamdan necə danışmaq olar? Ülvi sevgi ilə ibadətə gələn gənc bir oğlan gördüyü eybəcərliklər üzündən dərhal dindən qaçırsa, həmin "ağsaqqalların" saqqalından tutub sürümək lazımdır. Allah eşqindən məst olmaq üçün dinlədiyin xütbələrdə düşmənçilik və dindaşına qarşı nifrət toxumu səpilirsə, hansı dinə üz tutacağını bilmirsən.

Bu yerdə yaxın bir qohumum danışdığı uşaq vaxtı başına gəlmiş hadisəsi yadıma düşdü: "5-6 yaşım olardı, atamla aran rayonlarından birində yaşayan qohumgilə qonaq getmişdik. Oradakı qohumumuz həkim olduğundan bütün kənd onu tanıyırdı. Nəysə, atamdan pul alıb, yaxınlıqdakı dükana şokolad almağa getdim. Yaşlı satıcı kimin qonağı olduğumu bilən kimi üzünü turşutdu. Sən demə bizim rayonda əksəriyyətin sünni olduğunu bilirmiş. Acıqlı-acıqlı qabağımı kəsib dedi:

- Sən hələ məə de görüm, sünnisən, yoxsa şiə?
- Əmi, mən şokolad istiyirəm.
- Sən hələ cavab ver dənə. Deməsən, səə şokolad yoxdu.

Bunu deyib, satıcı üstümə qışqırdı. Ağlaya-ağlaya evə qayıdıb, olanları atama danışdım. Allah-Allah, atam necə əsəbləşdisə, ev paltarındaca qaçdı həmin dükana. Çatan kimi satıcını saldı təpiyin altına ki, ay köpəkoğlu, 5 yaşlı uşaq hardan bilsin, sünni nədir, şiə nədir? Şokolad istiyir, ver də".

Həmin hadisənin üstündən uzun illər keçib. O zaman 5-6 yaşı olan qohumumun bu gün məktəbli övladları var. Uşaqlıqda üzləşdiyi eybəcərliyin nəticəsidir ki, hələ də dindarları görməyə gözü yoxdur. Hətta öz övladlarının dinlə məşğul olmalarına belə icazə vermir. İnsanı Allahdan, dindən bu qədər iyrəndirmək olmaz axı. Təsəvvür edin ki, sovet rejimi bizə Allahı unutdurdu, amma bayağı məzhəb təfəkkürünü unutdura bilmədi. Hələ o zaman da dindar nənələrimiz evə gələn qonağın məzhəbini dəqiqləşdirmədən qabağına yemək qoymazlarmış. Əgər qonağın əks məzhəbdən olduğu sonradan bəlli olardısa, onun yemək yediyi qabları ya sındırar, ya da köpəyin yal qabına çevirərmişlər. Hələ qarşılıqlı söyüşmə xarakterli bayatıları, şeir parçalarını, bənzətmələri demirəm.

Bizi bir-birimizə qarşı elə bir düşmənçilik ruhunda tərbiyə ediblər ki, hansısa dindaşımızın imanına deyil, geyim və hansı məscidə getməsinə baxırıq. Sanki möminin dinindən çox, məzhəbi olmalıymış. Axı el arasında birini qınamaq üçün "Ay məzhəbsiz" deyə çağırırıq. Xeyli dərəcədə əcaibdir, deyilmi? Hansısa dindarla söhbət etməyə də qorxursan. Başlayırsan beynində ayırd etməyə ki, görəsən bu adam sünnidir, yoxsa şiə? Salamı bir aksentlə verəcəksən bu, almayacaq, başqa aksentlə verəcəksən o biri. İmamdan danışacaqsan, bunun qəzəbi tutacaq, xəlifədən danışacaqsan o birinin. Kəlimeyi-şəhadətini bir cür oxuyacaqsan sünni bidət elan edəcək, başqa cür oxuyacaqsan şiə lənətləyəcək.

Dəhşətlisi odur ki, gecə-gündüz alkaşlıqdan yığılmayan, arvadbazlıqdan əl çəkməyən biri gəlib məzhəb davası aparır, namazı necə qılmağın dərsini keçir. A kişi, sən hələ bir get özün tövbə elə, ibadətə gəl, bircə dəfə namaz qıl ki, sonra dindən danışmağa üzün olsun. Paho, kimə deyirsən? Qardaş hətta ciddi xəbərdarlıq da edir: "Namazdan qabaq təkbir gətirəndə nəbadə əlin qulağının dibinə toxunar, dərhal namazın batil olacaq".

Qarşıdan müqəddəs Ramazan gəlir. İndidən canıma qorxu düşüb ki, ayın girməsini öyrənmək, həmçinin orucu açıb-bağlama vaxtını dəqiqləşdirmək üçün hansı fətvaya uyum. Əgər bir məzhəbin başbilənləri desələr ki, Ramazan ayın filan günü girir, qarşı tərəf bir gün sonraya fətva verəcək. Yaxud bu tərəf orucluğu sonraya çəksə, o biri tərəf əvvələ çəkəcək. Bir-birilərinin qəsdinə onlar oruclu olanda bunlar yeyib-içəcək, bunlar iftar açanda onlar oruclu olacaqlar. İndi gəl bu çərxi-fələkdən baş aç, görüm necə baş açırsan. Allah hamınıza yardınçı olsun, ey safniyyətli möminlər...

Nihat Tur
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.