Göygöl rayonunda da izdiham yaşanıb. Rayon ictimaiyyəti Göygöldəki Şəhidlər xiyabanına axın edib. Şəhidlərin ruhuna dualar oxunub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən oğullarının məzarları ziyarət olunub. Qəbirləri önünə tər qərənfillər düzülüb.
Şəmkirlilər də qanlı yanvar faciəsinin 23-cü ildönümünü dərn hüzn və kədərlə qeyd ediblər. Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanında vətən oğullarının məzarlarını ziyarət ediblər. Daha sonra rayondakı 20 Yanvar abidə kompleksi ziyarət olunub. Anım tədbiri mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisya ilə davam etdirilib.
Daşkəsəndə də Şəhidlər abidə kompleksi və vətən uğrunda həlak olan şəhidlərimizin məzarları ziyarət edilib. Qəbirlərin önünə tər qərənfillər düzülüb. Rayon mədəniyyət evinin foyesində faciə ilə bağlı sərgi təşkil olunub. Daha sonra 23 il öncə baş verənləri özündə əks etdirən film nümayiş etdirilib.
Goranboyda da 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edilib. Vətəndaşlar rayondakı 20 Yanvar abidə kompleksi önünə tər qərənfillər düzüblər. Çıxış edənlər 23 il əvvəl xalqımıza qarşı törədilən faciədən danışıblar. Mədəniyyət işçiləri faciə ilə bağlı kompozisiya nümayiş etdiriblər.
Naftalan şəhərində də 20 Yanvar abidə kompleksi ziyarət olunub. Sakinlər abidə önünə tər qərənfillər düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər.
Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, Biləsuvarda 20 Yanvar hadisələri ilə bağlı ümumtəhsil məktəbləri, idarə, müəssisə və təşkilatlarda bir sıra kütləvi tədbirlər keçirilib. Bu tədbirlərin davamı kimi rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar və Şəhidlər xatirə kompleksini ziyarət ediblər. Kompleksin önünə əklil və gül dəstələri qoyulub, vətən uğrunda canından keçən insanların xatirəsinə ehtiram ifadə edilib. Anım mərasimində 20 Yanvarla bağlı film nümayiş olunub. Rayonun özfəaliyyət kollektivlərinin hazırladıqları "20 Yanvar xalqımızın qəhrəmanlıq məktəbidir" adlı ədəbi-bədii kompozisiya hər kəsi bir daha o günlərə qaytarıb. Şəhidliyi ilə müstəqilliyimizə şahidlik edənlərin heç vaxt yaddan çıxmayacağı dönə-dönə vurğulanıb. İmperiyanın qana susayan hərb maşını qarşısında mətanətlə duran şəhidlərin keçdiyi qəhrəmanlıq yolunun hamı üçün örnək olduğu real boyalarla ifadə edilib. O ağır günlərdə xalqı ilə həmrəy olan böyük öndər Heydər Əliyevin gərgin səyləri ilə Azərbaycan həqiqətlərinin dünyaya bəyan olunması da kompozisiyada mühüm yer tutub.
1990-cı illin 20 yanvarı cəlilabadlıların da yaddaşına əbədi həkk olunub. Həmin günlərdə imperiya tanklarına sinə gərən Vətən övladları sırasında Cəlilabadın igid oğul və qızları da var idi. Ölüm saçan sovet hərb maşını onların da azadlıq ,müstəqillik arzularını boğa bilmədi. Bütün bunları dönə-dönə xatırlayan rayon ictimaiyyətinin nümayəndələri, minlərlə sadə cəlilabadlı faciənin 23-cü ildönümündə ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirə
kompleksini ziyarət ediblər. Vətən mücahidlərinin abidəsi önünə əklil və gül dəstələri düzülüb, həmişəyaşar xatirələri ehtiramla yad olunub.
Sonra tədbir mədəniyyət evində davam etdirilib. 20 Yanvar faciəsinin dəhşətlərini özündə əks etdirən ədəbi-bədii kompozisiya hər kəsi bir daha o günlərə qaytarıb. Ümummilli lider Heydər Əliyevin həmin günlərdə xalqın səsinə səs verməsi, imperiya cəlladlarını cəsarətlə ittiham etməsi kompozisiyada təsirli ifadə edilib. Tədbirin sonunda şəhid ailələri və Qarabağ müharibəsi veteranlarına maddi yardım göstərilib.
Salyan rayonunda 20 Yanvar faciəsinin anım mərasimi 20 Yanvar xatirə kompleksindən başlanıb.Abidə önünə əklil və gül dəstələri qoyulduqdan sonra rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvarda şəhid olan və Salyan qəbristanlığında uyuyan Elçin İmanovun məzarını da ziyarət ediblər. Daha sonra ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirə
kompleksinə baş çəkilib. Xalqımızın azadlıq və istiqlal mücadiləsində əsas mərhələlərdən biri olan 20 Yanvara həsr edilən ədəbi-bədii kompozisiya nümayiş olunub. Yerli aktyorların ifasında o müdhiş gecənin fəlakətləri real boyalarla canlandırılıb. Kompozisiyanın əsas leytmotivini belə bir fikir təşkil edib ki, 20 Yanvarda şəhid olanlar qanı, canı ilə qəhrəmanlığa imza atdılar. Zaman keçdikcə bu faciə qəhrəmanlıq simvolu kimi əbədiləşir və müstəqillik tariximizin bir
parçası olan şəhidlərin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
1990-cı ilin 20 yanvarını Azəbaycan xalqı qəhrəmanlıqlarla dolu bir tarix yaşadı. O müdhiş gecədə sovet hərb maşını bölglərə də üz tutdu və Neftçalada da qırğınlar törədildi. Binalar güllələnir ,insanlar vertolyotlarla Şüvəlan həbsxanasına daşınırdılar. Həmin günlərdə neftçalalılar azadlığımız uğrunda üç şəhid verdilər. Ümumxalq hüzn günündə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılan abidəni ziyarət edən minlərlə neftçalalı bir daha o günlərin ağrı-acısını yaşayıb.
Şəhid övladlarına ehtiramını bildirən sakinlər onların abidələrini gül-çiçəyə qərq ediblər. Uşaqların Qanlı yanvara həsr etdikləri rəsmlərdən ibarət sərgi maraqla qarşılanıb. Anım tədbiri rayon mədəniyyət evində ədəbi-bədii kompozisiya ilə davam edib. Qanlı faciənin xronikası, xalqın mətin iradəsi, böyük öndər Heydər Əliyevin qətiyyəti və xalqına sonsuz məhəbbəti kompozisiyada real boyalarla təqdim edilib.
Lerik rayon sakinləri rayon icra hakimiyyətinin başçısı Rövşən Bagırov başda olmaqla 20 Yanvar faciəsinin ildönümü münasibəti ilə şəhidlərin xatirə abidəsini ziyarət edib, önünə gül çiçək dəstələri qoydular. Vətənimizin azadlığı uğrunda canlarından keçən leriklilərin xatirəsi şəhərin girişindəki Şəhidlər xiyabanında əbədiləşdirilib. Səhər saatlarından başlayaraq Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun iştirakı ilə leriklilər bu müqəddəs məkana gələrək şəhidlik zirvəsinə ucalan vətən övladlarının xatirəsinə ehtiramlarını ifadə etdilər. Gün ərzində Şəhidlər xatirə kompleksinin önünə axışan rayon ictimaiyyətinin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzdülər. 23 il əvvəl qanlı yanvar günündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan həmvətənlərinin xatirəsini ehtiramla yad etdilər. 20 Yanvar hadisələrindən bəhs edən ədəbi-bədii kompozisiyalar nümayiş olundu.
Ümumilikdə Lerik rayonunda vətənimizin azadlığı uğrunda canlarından keçən 130-dan artıq şəhid var. Lerik rayonunda torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına mübarizə aparan 5 vətən oğluna ən yüksək ad - Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Rayonda 20 Yanvar hadisələrinin ildönümümün keçirilməsi ilə bağlı rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov tərəfindən tədbirlər planı təstiq olunub. Nəticədə rayonun ümumtəhsil məktəblərində vətənimizin azadlığı və suverenliyi uğrunda 20 Yanvarda həlak olanların xatirəsinə tədbirlər həyata keçirilir. 23 ildir hamı bir nəfər kimi bu müqəddəs məkanı ziyarət edir və vətən uğrunda şəhid olan həmyerlilərinin xatirəsini daim əziz tutur.
Qanlı 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Astara şəhərindəki Şəhidlər xiyabanında keçirilən mərasimdə azadlıq mücahidlərinin xatirəsi ehtiramla yad edilib. Mərasimdə ilk olaraq
şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxundu. Mərasimdə məktəblilər hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər. Rayon icra hakimiyyəti başçısı Qəzənfər Ağayev abidə kompleksinin qarşısına əklil qoyaraq, şəhidlərin xatirəsinə öz ehtiramını bildirib. Daha sonra rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, müharibə və əmək veteranları, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri Şəhidlər abidə-kompleksinin önünə əklillər və gül dəstələri düzüblər. Mərasimdə çıxış edənlər 23 il əvvəl qanlı Yanvar günlərində qızıl qanları ilə xalqımızın qəhrəmanlıq tarixinə parlaq
səhifələr yazaraq şəhidlik zirvəsinə ucalan istiqlal mücahidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildirmiş, bu faciəyə siyasi və hüqiqi qiymətin verilməsində
ümümmilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, həmin müdhiş qış gecəsində imperiya əsgərlərinin gülləsinə tuş gələnlərdən iki nəfəri də astaralı
idi. Bunlar rayonun Balaca Şahağac kənd sakini, iki uşaq atası Əliyev Çingiz Mirzəhüseyn oğlu və Səlivə kənd sakini Əsgərov Novruz Faiq oğludur.
Səhər saatlarından başlayaraq minlərlə Masallı rayon sakini 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi. Anım mərasimində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat, məktəblilər, ziyalılar, 2-ci dünya və Qarabağ müharibəsinin veteranları və ictimaiyyət nümayəndələri iştirak edərək 20 Yanvar şəhidlərinin abidəsi önünə əklillər, təzə-tər güllər dəstələri qoyaraq ruhuna dualar oxudular. 20 Yanvar qurbanlarına həsr olunmuş şeirlər və ədəbi-bədii kompozisiya nümayiş olundu. Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirildi, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, nəqliyyat vasitələrində səs siqnalları verildi.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, "1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakı və Azərbaycanın müxtəlif şəhərlərində dinc əhaliyə qarşı törətdiyi qanlı cinayətlər hər il olduğu kimi ölkəmizin bölgələrində qeyd edilib. Şəki, Zaqatala və Qax
rayonlarında həftə ərzində bir sıra silsilə tədbirlər keçirilib.
Şəki Şəhər İcra Hakimiyyətində 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib.Tədbirdə icra hakimiyyətinin, Qarabağ veteranları və şəhid ailələri cəmiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər. Çıxış edənlər 20 Yanvar faciəsinin erməni cəlladlarının xalqımızın başına gətirdiyi amansız faciə olduğunu və baş verən hadisələrdə yüzlərlə günahsız insanın qətlə yetirildiyini təəssüf hissi ilə qeyd ediblər və ölkəmizdə şəhid ailələrinə hər zaman xüsusi qayğı və diqqətlə yanaşıldığını diqqətə çatdırıblar. Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin hər il olduğu kimi bu il də şəhid ailələrinə ayırdığı yardımlar paylanılıb. Bundan başqa, Şəkidə 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar fləşmob keçirilib.
"Unutmadıq, Unudulmayacaqsınız" adlı fləşmob Bəxtiyar Vahabzadə adına parkda baş tutub. Şəki Regional Debat Mərkəzinin təşkilatçılığı və Şəki Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə bir araya gələn gənclər parka toplaşaraq, faciəni əks etdirən səhnələr nümayiş
etdiriblər. Fləşmobda Şəki Regional Debat Mərkəzi, Şəki Debat Klubu, Kreativ Gənclər Klubu, Gənc Təbiblər Klubu, Şəki Tibb Kolleci Debat Klubunun üzvləri və könüllü gənclər iştirak ediblər. Sonda fləşmob iştirakçıları 20 Yanvar faciəsində həlak olmuş şəhidlərin xatirəsini 1
dəqiqəlik sükutla yad ediblər. Səməd Vurğun adına mədəniyyət evində isə Şəki Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 11 saylı orta məktəbin "Vətən oğlu" hərbi vətənpərvərlik klubu və 4 saylı uşaq musiqi məktəbinin şagird və müəllim kollektivi tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. "Qanlı şənbə gecəsindən başlayan yol" adlı tədbir keçirilib.
Tədbirin əvvəlində 20 Yanvar faciəsini əks etdirən qısametrajlı film nümayiş olunub. Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi çıxış edərək 20 Yanvar şəhidlərinin göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şagirdlər 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.
Şəki Şəhər Təhsil Şöbəsi də təhsil naziri Misir Mərdanovun əmri ilə təhsil müəssisələrində 10-18 yanvar tarixlərində Azərbaycanın azadlığı uğrunda mübarizədə həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş geniş tədbirlər planına əsasən məktəblərdə şagirdlər arasında inşa və rəsm müsabiqəsi təşkil edib. Hüzn günü ilə bağlı şagirdlərə inşa yazmaq və rəsm çəkmək barədə tapşırıqlar verilib. 18-19 yanvar tarixlərində isə şagirlərin inşalarına baxış keçirilib və qiymətləndirilib. Yanvarın 20-si məktəb kollektivləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Qaxda da bu münasibətlə bir sıra tədbirlər keçirilib. Rayon təşkilatları və ictimaiyyət tərəfindən Şəhidlər xiyabanı ziyarət edilib, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə əklil və gül dəstələri qoyulub. Şəhidlər xiyabanını ziyarətdən sonra Qax RİH-də 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş iclas keçirilib. İclasda rayon rəsmiləri Azərbaycanın şəhidləriylə müstəqilliyə ucaldığını söyləyiblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Zaqatala Rayon ictimaiyyəti də 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə anım mərasimi təşkil edib. "Şərəf və ləyaqət günü" mövzusunda keçirilən mərasimdə çıxış edən rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, şəhid anaları ermənipərəst qüvvələrin əhaliyə qarşı törətdiyi qanlı cinayətlər haqqında ətraflı məlumat verib.
Tədbirdə Zaqatala Xalq Teatrı kollektivinin hazırladığı "Şərəf və ləyaqət günü" mövzusunda tamaşanın premyerası nümayiş etdirilib.
Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında da 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilib. Tədbirdə müəllim və tələbə heyəti ilə birgə ziyalılar və ictimaiyyət nümayəndələri də iştirak edib. Anım mərasimində belə tədbirlərin Azərbaycan həqiqətlərini gənclər vasitəsilə gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyətə malik olduğu qeyd olunub.
Milli.Az EL TV-yə istinadən xəbər verir ki, azadlıq mücahidlərinin anım günü təmas xəttində yerləşən Tərtər rayonunda da qeyd edilib. Bu məqsədlə Tərtər Rayon Gənclər Mərkəzinin binasında tədbir keçirilib.
Tədbirdə iştirak edənlər qanlı yanvar faciəsindən danışıb, o gecə şəhid olan soydaşlarımızın Azərbaycanın müstəqilliyi yolunda öz qanları ilə silinməz bir tarix yazdığından söz açıblar. Bildirilib ki, 20 Yanvar bizim qan yaddaşımızdır və hər bir azərbaycanlı bu günün tarixini bilməyə və gələcək nəsillərə çatdırmağa borcludur.
1990-cı ilin 20 yanvar gecəsi xalqımızın yaddaşında silinməz izlər buraxıb. Qanlı yanvar faciəsi Azərbaycan xalqının qəhrəmanlığının,
vətənə sədaqətini, müstəqillik və azadlıq uğrunda aparılan mübarizədə ətalət zəncirinin qırıldığı gün kimi bütün dünyaya bəyan edilib.
Bu fikirlər Beyləqan rayonunda keçirilən anım mərasimində səsləndirilib. Qeyd edək ki, səhər saatlarından başlayaraq, yüzlərlə rayon sakini şəhərin mərkəzi küçəsində ucaldılan 20 Yanvar abidə kompleksini ziyarət edib. Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olan həmvətənlərimiz dərin hörmətlə yad edilib.
Göyçay rayonundakı "Şəhidlər" abidə kompleksinin önündə keçirilən mərasimdə isə xaqımızın qan yaddaşına bir daha nəzər salınıb. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, müharibə veteranları, gənclər və ictimaiyyət nümayəndələri abidə kompleksinin önünə əklil və gül dəstələri düzərək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini böyük hörmətlə anıblar. Onların ruhuna dualar oxuyublar. Şəhidlər xiyabanında gün ərzində həzin matəm musiqisi səsləndirilib.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.