Cəmiyyət

Bir ömür boyu bizimlə olan adımız

25 Oktyabr 2012 13:29
1 Şərh     Baxış: 2 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
İnsana qoyulan ad körpəlikdən onun bütün həyatını təsiri altına almaq gücünə malikdir. Hər gün dünyaya gələn minlərlə uşağa sözün kökündən, mənasından, tarixindən bixəbər qeyri-adi adlar qoyulur. Bəzən "adın nədir" sualına aldığımız cavab çoxumuzda gülüş doğurur, bəzən buna heyrətlənirik.

Azərbaycanda dəb halını almış serial qəhrəmanlarının adları, milli mentalitet göz önünə gətirilərək nənə-baba adlarının qoyulması və ən əsası yaşlı nəslin daha çox meyl etdiyi Quran açaraq ad qoyulması günümüzün reallığıdır. Amma qoyulan bu adlar heç də həmişə ilk eşidildiyindəki ağıla gələn məna qədər gözəl olmurmuş.

AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi Coşğun Zəkiyevin sözlərinə görə, adlar insanlar üçün çox önəmlidir və ad olsun deyə, ad xatirinə qoyulması düzgün deyil: "Orta əsrlərdə şərq mütəfəkkirləri düşünürdülər ki, adların insanlara təsir məsələsi var. Nəsirəddin Tusi "Əxlaqi Nasir" əsərində bildirir ki, övladlarınıza öncə gözəl ad qoyun. Valideynlərin üzərindəki ən böyük məsuliyyət budur. Çünki qoyduqları ad övladlarının üzərində gələcəkdə psixoloji cəhətdən müsbət və ya mənfi rol oynaya bilər. Bir millətin göstəricisi, bir millətin şəxsiyyəti onun adı və soyadıdır. Bu nöqteyi-nəzərdən uşaqlara milli, türk adlarının qoyulması daha məqsədəuyğundur. Xəlil Rza Ulutürkün şeirində deyildiyi kimi, "kişi də özgəsindən gedib ad oğurlarmı?"
  
C.Zəkiyev bildirir ki, adların əksəriyyəti mənasından bixəbər qoyulur və bu adların körpələrə qoyulması düzgün deyil: "Azərbaycanda ən çox yayılan adlardan biri Rəhmandır. Rəhman adının insan adı olaraq qoyulması düzgün deyil. Çünki bu ad Allahın 99 adından biridir və çox ağır addır. Eləcə də Səttar adı. Uşağa bu adın da qoyulması düzgün deyil. Allahın adlarından biri olan Səttar adı çox məsuliyyətli addır. Bu adı daşımaq çox ağırdır. Səttar bütün eybləri örtən mənasına gəlir, amma insan bütün eybləri örtən bir varlıq deyil. Azərbaycanda çox yayılan adlardan biri İslam adıdır və bu adın dini, islamı düşünərək qoyulması doğru deyil. Cabbar adı qəzəb ifadə edir, bu adın da qoyulması doğru deyil".
  
Müsahibimə görə, Quran açdıraraq ad qoyulması da birmənalı deyil: "Azərbaycanda bütün problemlərin Quran açılaraq çözüləcəyinə inam hissi böyükdür. İnsanlar unudur ki, Quranda gəlin-qayınana münasibətləri həll olunmur, yaxud uşağa Quran açaraq ad verilməsi doğru deyil. İnsan Quran açdırır, Tükəzban adını oxuyur və övladına sözün mənasını bilməyə-bilməyə bu adı verir. Tükəzban yalan hesab etmək mənasına gəlir (Rəhman surəsi). Heç kim övladına Yezid, Əzrayıl adı qoymur, çünki insanlar məlumatlıdır. Digər adlar haqqında məlumatları olmadığı üçün belə adlara müraciət edilir".
  
Həmsöhbətimizin dediyinə görə, uşağa qoyulan ad elə olmalıdır ki, o ad ətrafa sülh, əmin-amanlıq bəxş etsin: "Bir millətin göstəricisi onun adından və soyadından bəlli olur. Yaxşı olar ki, körpələrə öz millətimizə uyğun ad verilsin. Qız adlarında zərifliyə, gözəlliyə meyl edilsin. Alp, Atilla, Mete adlarına nadir rast gəlirik, halbuki qoyulması məsləhətli çox gözəl adlardır. Aynur, Nuray kimi adlar çox geniş yayılıb, amma birmənalı olaraq bu adlardan qaçmaq lazımdır. Yenə qeyd edirəm ki, bir millətin göstəricisi ad olmalıdır, amma sadaladığım adlar yarı ərəb, yarı türk mənşəlidir. Uşağa qoyulan adın bir mənası olmalıdır".
  
Zəkiyev bildirir ki, bəzi adlar zamanın tələbinə uyğun keçmiş adlar sayılır və qoyulmur: "Əslində isə elə adlar çox gözəl mənaya gəlir. Məsələn, Xeyransa - qadınların ən xeyirlisi, Niyaməddin - dinin neməti, Əşrəf - daha şərafətli mənasındadır".
  
Psixoloq Elnur Bayramovun sözlərinə görə, düzgün qoyulmayan ad insanda özünə inamı azaldır: "Ad insanın kimliyini müəyyən edən əsas amillərdəndir. Ad insanın xarakteridir. Amma elə bir hal var ki, insan öz adını sevmir, ondan xoşlanmır və bu halda o insana öz mənfi təsirlərini göstərir".
  
Onun dediyinə görə, ikinci bir məqam isə utandıran adlardır ki, milli dəyərlərdən uzaq olan, dilin quruluşuna uyğun gəlməyən bu adlar işlədildikdə, yad söz kimi nəzərə çarpır və bu adlar daha çox utandırır. Psixoloq onu da qeyd edib ki, qeyri-adi adların əziyyətini çəkən adamlar da az deyil: "70 il SSRİ kimi bir imperiyanın tərkibində olduğumuz dövrdə zamanla dilimizə müəyyən yeni sözlər gətirildi. Biz isə bu sözləri insan adlarına çevirdik ki, bu insanların əksəriyyəti müəyyən yaşa çatdıqdan sonra o adlardan imtina etdilər. Çox hissəsi isə bu günə kimi o adları daşıyır. Kombayn, Şura, Traktor, Yanvar və s".
  
Müsahibimizə görə, ad qoyularkən onun rəvanlığı, asan deyilməsi və sözün hansısa bir mənasının olması daha məqsədəuyğundur.

"Ekspress" qəzeti
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.