Cəmiyyət

Azərbaycanda daha çox hansı mütəxəssislərə ehtiyac var?

15 Sentyabr 2012 18:26
0 Şərh     Baxış: 2 019
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Hər il təxminən 25-30 min tələbə müxtəlif ixtisaslar üzrə ali məktəbləri bitirib iş axtarışına çıxırlar. Hələ bunun da üzərinə əvvəlki illərdə məzun olanları və eyni zamanda texniki-peşə məktəbləri, texnikumları bitirənləri gəlsək böyük bir rəqəm alınar. Amma bu o demək deyil ki, məzunların hamısı, yaxud əksəriyyəti bitirdikləri ixtisas üzrə, yaxud digər ixtisaslar üzrə iş tapa bilirlər. Bəs, görəsən, hazırda Azərbaycanda hansı sahələrdə daha çox mütəxəssis axtarılır, hansı ixtisası bitirənlər daha rahat iş tapa bilirlər? Ali məktəblər və texnikumlara qəbul planı təsdiqlənərkən bazarın tələbləri nəzərə alınırmı?

"Bazarın tələbləri Sovet dövründə nəzərə alınırdı"


Təhsil Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bayram Hüseynzadə bildirdi ki, təhsil ocaqlarına plan yerlərini müəyyənləşdirərkən nazirlik tərəfindən, ilk növbədə, təhsil müəssisələrinin potensialı araşdırılır: "Sifarişi biz etmirik. Təhsil müəssisələrindən qəbul planı bizə daxil olur. Hər bir təhsil müəssisəsi ixtisaslar üzrə nə qədər kadr hazırlaya biləcəklərini bizə göndərirlər. Biz də həmin təhsil müəssisələrinin maddi-texniki bazalarını, müəllim potensialını, şəraitlərini və s. öyrənirik. Əgər universitetlərin potensialı yolladıqları plan yerləri ilə uyğun gəlirsə, qəbul edirik, gəlmirsə, ya həmin ixtisasların ləğvinə, ya da tələbə sayının azaldılmasına qərar veririk. Sonra hazırladığımız siyahını Prezident yanında Təhsil Komissiyasına göndəririk. Komissiya da son qərarı verir".  

Nazirliyin bazarın tələblərini nəzərə almadığını deyən B.Hüseynzadə bildirdi ki, indi buna ehtiyac yoxdur: "Bazarın tələblərinə uyğun plan yerini müəyyənləşdirmək Sovet dövründə edilirdi. Çünki o vaxt təyinat vardı. İndi isə insanlar özləri iş tapırlar. Bu da günümüzün tələblərinə uyğundur. Bəlkə biri xaricdə gedib işləmək istəyir, yaxud bu gün hansısa ixtisas üzrə məzun iş tapa bilmir, ancaq sabah tapacaq. Əsas odur ki, təhsil ocaqlarımız yaxşı kadr hazırlaya bilsin".

"Kadr yerindədirsə, dövlət də inkişaf edir"


İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, Turizm İnstitutunun dosenti Məhərrəm Zülfüqarlı isə hesab edir ki, bu gün təhsil ocaqlarımızın hamısı yaxşı kadr hazırlaya bilmədiyindən hökumətin ali məktəblər və texnikumlarda kadr siyasətinə müdaxilə etməsinə ehtiyac var: "Azərbaycanda 10-dan çox dövlət, elə bu qədər də özəl universitet var ki, müəllim hazırlayır. Buna ehtiyac varmı? Heç olmasa, dövlət universitetlərində bazarda tələb edilməyən bəzi ixtisaslara məhdudiyyət qoyulmalıdır, ya da universitetlər özləri Təhsil Nazirliyinə bazarın tələblərinə uyğun plan yerləri təqdim etməlidirlər. Düzdür, deyə bilərlər ki, demokratiyadır, kim istəyirsə, pulunu ödəyib təhsil almalıdır. Amma problem ondadır ki, bizdə universitetlərin əksəriyyəti təhsil vermir, pul alıb diplom verir. Amma bu problemlər aradan qalxarsa, hökumətin bu sahəyə müdaxiləsinə ehtiyac qalmaz. Nəzərə almalıyıq ki, dövlətin gələcəyi kadrlardan asılıdır. Kadr yerindədirsə, dövlət də inkişaf edir.

Hazırda bu sahədə problemimiz olsa da, gələcəkdə dövlət tərəfindən xaricə göndərilən tələbələrin hesabına problemin həll olunacağını düşünürəm. Digər tərəfdən, özəl sektor inkişaf etdikcə ölkəmizdə diplomlu insanlara yox, mütəxəssislərə ehtiyac olacaq. Bu zaman insanlar diplom xatirinə oxumayacaq, bazarın tələb etdiyi hansısa sənətin, peşənin arxasınca gedəcək".

"Bazarın tələblərini nəzərə alırıq"

Qafqaz Universitetinin mətbuat ximətinin rəhbəri Rəcəb Rzayev bildirdi ki, digər universitetlərdən fərqli olaraq onlar bazarın tələblərini nəzərə alırlar: "Əmək bazarında kompyuter mühəndisi, neft mühəndisi, mühasibat üzrə mütəxəssislərə ehtiyacın olduğunu öyrənəndən sonra bu sahələr üzrə ixtisaslar açdıq. Bizdə təhsil yüksək səviyyədə olduğundan 3-cü, 4-cü kursdan bəzi şirkətlər universitetimizə gəlib tələbələrimizə yarımştat iş təklif edirlər. 4 il öncə də BP-dən nümayəndə gəldi və kimya və neft mühəndisinə ehtiyacları olduğunu, bu sahə üzrə kadrlar yetişdirməmizi xahiş etdilər, bizə laboratoriya qurmaqda maliyyə yardımı etdilər və biz bu ixtisaslar üzrə fakültələr açdıq. BP ilə müqaviləmiz var. Bu ixtisasları bitirən tələbələr imtahan verərək BP-də işə qəbul olmaq şansı əldə edəcəklər".

"Sovet vaxtı təhsil alanlar tələblərə cavab vermir, universiteti yeni bitirənlər isə..."


Maraqlıdır, ölkəmizdəki iri şirkətlər daha çox hansı ixtisaslar üzrə mütəxəssis axtarırlar və ehtiyacı olduqları sahə üzrə ali məktəblərə sifariş verirlərmi?

"Akkord" Şirkətlər Qrupunun insan resursları şöbəsinin rəisi Fuad Qənbərov, əsasən, yol və tikinti mühəndislərinə ehtiyaclarının olduğunu bildirdi. Dedi ki, kadr tapmaqda o qədər də çətinlikləri olmur: "Ancaq Sovet dövründə təhsil alanlar müasir tələblərə cavab vermir, çox az qismi özlərini inkişaf etdirirlər. Memarlıq və İnşaat Universitetini yeni qurtaranlar da gənc olduqlarından onlaraböyük layihələrdə işi etibar edə bilmirik. Buna görə də sözügedən universitetə bizə gələcək üçün kadr yetişdirmələri üçün sifariş verə bilmirik ".

"Azərsun" Holdinq Şirkətlər Qrupunun saytında son vakansiyalara nəzər salsaq görərik ki, şirkətin mağaza işçisi, mağaza inzibatçısı, elektronçu, proqramçı və digər ixtisas sahiblərinə ehtiyacı var.

BP-nin isə müxtəlif sahələr üzrə mühəndisə, sağlamlıq, təhlükəsizlik, ətraf mühit, böhranın idarə olunması üzrə mütəxəssislərə, müxtəlif sahələr üzrə menecerlərə, geoloq və neft kimya və s. sahələr üzrə mütəxəssislərə ehtiyacı var.

Ən az ehtiyac müəllimlərə olsa da, ən çox CV yerləşdirənlər də onlardır


Ümumilikdə bazarda hansı mütəxəssislərə ehtiyac olduğunu öyrənmək üçün Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Amma nazirlik gün ərzində suallarımıza cavab verə bilmədiyindən bazarın tələblərini öyrənmək üçün iş elanlarının yerləşdirildiyi saytlara üz tutduq.

Resurs.az saytının direktoru Vüsal Qasımov bildirdi ki, son 1 il ərzində şirkətlər, əsasən, hüquqşünas və gənc mühəndislər üçün onların saytlarında iş elanları yerləşdirirlər: "CV göndərənlər isə iqtisadiyyatı qurtaranlardır ki, hazırda da bu sahəyə tələbat o qədər də çox deyil".

İş elanları saytlarında apardığımız kiçik araşdırma nəticəsində məlum oldu ki, özəl şirkətlər və təşkilatların hazırda daha çox satış üzrə menecer, məsləhətçi, yaxud nümayəndəyə ehtiyacı var. İkinci yerdə ən çox axtarılan peşə sahibləri isə xidmət sahəsində çalışanlardır. Bu sahədə ofisiantdan tutmuş, aşpaza, mühafizəçiyə, sürücüyə qədər müxtəlif peşə sahiblərinə tələbat böyükdür. Üçüncü ən çox ehtiyac olan sahələr isə əvvəllər katibə adlandırılan ofis-menecerlər, daha sonra isə mühasib və mühəndislərdir. Ən az ehtiyac müəllimlərə olsa da, iş elanları saytında daha çox CV yerləşdirənlər müxtəlif fənn müəllimləridir.

"Kaspi" qəzeti

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.