Cəmiyyət

Məktəblərdə riyaziyyat fənni yenilənir

19 Noyabr 2026 16:31
Baxış: 141
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Noyabrın 19-da riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi ilə bağlı ictimai müzakirə təşkil olunub.

Milli.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müzakirədə dövlət və özəl ümumi təhsil və ali təhsil müəssisələrinin müəllimləri, dərslik müəllifləri və mütəxəssislər iştirak ediblər. Görüşün əsas məqsədi riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin yenilənməsi istiqamətində görülən işləri təqdim etmək, həmçinin təhsil ictimaiyyətinin rəy və təkliflərini dinləmək olub.

Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev dərsliklərin hazırlanması, sınaqdan keçirilməsi və ekspertizası prosesindən danışıb. O bildirib ki, hər bir dərslik geniş istifadəyə verilməzdən əvvəl mütəxəssislər tərəfindən qiymətləndirilir. Təkmilləşdirmə zamanı pilot tətbiqin nəticələri və ictimaiyyətin rəyləri də nəzərə alınır.

Daha sonra ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov riyaziyyat fənni üzrə kurikulumun yenilənməsi ilə bağlı təqdimat edib.

Təqdimatda beynəlxalq təcrübənin araşdırılması, standartlarda təkrarlanan məqamların aradan qaldırılması, mövzuların siniflər üzrə ardıcıllığının yenidən nəzərdən keçirilməsi və tədris məzmununun optimallaşdırılması məsələləri diqqətə çatdırılıb. Qeyd olunub ki, yenilənmiş kurikulumda qiymətləndirmə və sinifdaxili fəaliyyətlərlə bağlı tövsiyələr də yer alıb.

Dərslik müəllifi Zaur İsayev isə riyaziyyat dərsliklərinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. O, dərsliklərdə siniflərarası məzmun ardıcıllığının qorunması, şagirdlərin fərdi imkanlarına uyğun tapşırıqların hazırlanması, eləcə də pilot məktəblərdə aparılan müşahidələrin və müəllim rəylərinin təhlilinin əhəmiyyətini vurğulayıb.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Hikmət Əlizadə dərsliklərin təkmilləşdirilməsi prosesində müəllimlərin fikir və təkliflərinin öyrənilməsinin vacibliyini qeyd edib. O, dərslik müəlliflərinin məktəblərə gedərək riyaziyyat müəllimləri ilə görüşməsini və onların təcrübəyə əsaslanan təkliflərini dinləməsini tövsiyə edib. Həmçinin müxtəlif fənlər üzrə ictimai müzakirələrin təkcə Bakıda deyil, regionlarda da keçirilməsinin vacibliyini bildirib.

Müzakirələr zamanı iştirakçılar riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin məzmununa dair təkliflərini səsləndiriblər. Qaldırılan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.