Cəmiyyət

Rəna Məmmədova TƏBİB-in İcraçı direktoruna müşavir təyin edilib

18 İyun 2026 12:26
Baxış: 444
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

TƏBİB-in İcraçı direktorunun yeni müşaviri tibb üzrə fəlsəfə doktoru Rəna Məmmədova hazırkı təyinatınadək "Paşa Sığorta" ASC-nin Baş tibb inzibatçısı olaraq fəaliyyət göstərib.

Milli.Az xəbər verir ki, R.Məmmədova Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində həkim-onkoloq ixtisası üzrə təhsilini başa vurub. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə ikinci təhsil alıb.

Əmək fəaliyyətinə 2001-ci ildə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-cərrah olaraq başlayan R.Məmmədova sonrakı illərdə həmin tibb müəssisəsində tibbi sığorta üzrə həkim-koordinator vəzifəsində çalışıb. Bu müddət ərzində tibbi xidmətlərin təşkili, səhiyyə idarəçiliyi və tibbi sığorta sahəsində peşəkar təcrübə qazanıb.

2010-cu ildən etibarən "Paşa Sığorta" ASC-də Tibbi və səfər sığortası departamentinin rəhbəri, daha sonra isə Tibbi sığorta blokunun rəhbəri vəzifələrində çalışıb. Rəhbərlik etdiyi dövrdə tibbi sığorta, xidmətlərin təşkili, səhiyyə müəssisələri ilə əməkdaşlıq mexanizmlərinin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin artırılması və pasiyentyönümlü yanaşmaların tətbiqi istiqamətində fəaliyyət göstərib.

R.Məmmədova səhiyyə idarəçiliyi, tibbi sığorta və insan resurslarının idarə olunması sahələrində müxtəlif ixtisasartırma proqramlarında iştirak edib.

Yeni vəzifəsində Rəna Məmmədova tibbi sığorta fəaliyyətlərinin inkişafı və pasiyentyönümlü xidmətlərin təkmilləşdirilməsi istiqamətlərində TƏBİB-in fəaliyyətinə töhfə verəcək.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.