Cəmiyyət

Məleykə Abbaszadə: Xarici dil imtahanlarda saxlanılması düzgün qərar idi

27 Aprel 2026 11:40
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"2012-ci ildə buraxılış imtahanı bizə həvalə edildi. 2013-ci ildə dedilər ki, imtahanda 3-cü fənn seçin. Təklif etdilər ki, bu fənn Xarici dil olsun. Mən buna razı deyildim".

Milli.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən "Tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər" adlı tədbirdə bildirib. 

Onun sözlərinə görə, əvvəlki illərdə sənəd qəbulu zamanı bir çox məktəblərin attestatlarında xarici dil fənninin ümumiyyətlə tədris olunmadığı qeyd edilirdi:

"Bu səbəbdən həmin abituriyentlər bu fənn üzrə qiymətləndirmədən kənarda qalır, nəticədə imtahanlarda daha aşağı bal toplayırdılar".

M.Abbaszadə qeyd edib ki, bəzi məktəblərdə xarici dil tədrisi fasilələrlə aparılırdı:

"Bir il keçirilirdi, sonra müəllim olmadığı üçün dayandırılırdı. Bu halların geniş yayıldığını görürdük və düşünürdük ki, qısa müddətdə vəziyyəti dəyişmək çətin olacaq".

O bildirib ki, həmin dövrdə xarici dilin ümumi qiymətləndirməyə daxil edilməməsi təklif olunsa da, o zamankı təhsil naziri Mikayıl Cabbarov bu yanaşmaya etiraz edib və fənnin imtahanlarda saxlanmasını tələb edib:

"Sonradan zaman göstərdi ki, bu qərar düzgün idi. Mən də etiraf edirəm ki, o zaman bu məsələdə yanılmışdım".

DİM sədri vurğulayıb ki, müasir dövrdə xarici dil bilmək riyaziyyat və informatika kimi vacib bacarıqlardandır:

"Xarici dil hər bir gənc üçün əlavə açardır. Nə qədər çox açar varsa, o qədər çox qapı açmaq mümkündür. həm iş həyatında, həm də şəxsi inkişafda".

O, texnologiyanın inkişafına baxmayaraq, dil öyrənməyin əhəmiyyətini itirmədiyini qeyd edib:

"Bəzən deyirlər ki, artıq tərcümə proqramları var, süni intellekt var. Amma bu belə deyil. Dil bilmək insanın idraki inkişafını artırır və fərqli mühitlərdə özünü daha rahat ifadə etməyə imkan yaradır".

M.Abbaszadə əlavə edib ki, 2016-cı ildən sonra Dövlət İmtahan Mərkəzi xarici dil imtahanlarını beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində daha sistemli iş aparmağa başlayıb. Bu çərçivədə Dövlət İmtahan Mərkəzi Avropada qəbul olunmuş CEFR standartlarına uyğunlaşma prosesinə start verib.

Onun sözlərinə görə, görülən işlər nəticəsində CEFR sənədi Azərbaycan dilinə tərcümə olunub və bu sənəd artıq UNESCO platformasında Azərbaycan dilində də mövcuddur.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.