Araz Paşayev: Məqsəd təhsil işçilərinin asudə vaxtının daha səmərəli təşkilidir
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev "Novruz 2026" düşərgəsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Milli.Az xəbər verir ki, paylaşımdakı məlumata görə, düşərgənin ilk mərhələsində ali məktəblərdən 121, peşə məktəblərindən 139, kolleclərdən isə 136 nəfər müəllim və professor heyəti təmsil olunub. Ümumilikdə 400-ə yaxın təhsil işçisinin iştirak etdiyi düşərgə çərçivəsində keçirilən görüşlər, mədəni proqramlar və fikir mübadilələri təhsil ictimaiyyətində həmrəyliyin möhkəmlənməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və yeni təşəbbüslərin formalaşmasına mühüm töhfə verəcək.
A.Paşayev paylaşında vurğulayıb ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının əsas məqsədi təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı, onların asudə vaxtının daha səmərəli təşkili və milli dəyərlərin təbliğini diqqətdə saxlamaqdır.
Araz Paşayev "Novruz 2026" düşərgəsində iştirak edən bütün həmkarlara təşəkkürünü bildirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Milli.Az





