"Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı" təsdiq edilib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb
Sərəncam Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, bu sahədə infrastrukturun təkmilləşdirilməsi, içməli su və suvarma suyu ilə təminatın daha da yaxşılaşdırılması məqsədilə qərara alınıb.
Sənədə əsasən, "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya:
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təklifləri əsasında Tədbirlər Planının 1-ci hissəsində nəzərdə tutulan tədbirlər üzrə icra ediləcək layihələrin siyahısını bir ay müddətində müəyyən etməlidir;
Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidirlər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin cari ildə və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görməlidirlər.
Milli.Az





