"ƏMAS-da uşaq əməyinə nəzarət üzrə funksionallıqlar yaradılıb. ƏMAS-da yaradılmış funksionallıq sayəsində 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsinin bağlanmasına dair bildirişin qeydiyyata alınmasına imkan verilmir".
Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib.
Onun sözlərinə görə, 16 yaşdan az olan işçilərə əmək məzuniyyətinin 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az təyin olunmasına qadağa müəyyən edilib.
Qeyd edib ki, 15-18 yaşınadək olan şəxslər üzrə həftəlik iş vaxtının yuxarı həddi ilə bağlı məhdudiyyət tətbiq edilib.
16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamaqla, 15-18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığının ƏMAS-a əlavə edilməsi təmin edilib:
"Nazirlər Kabinetinin Qərarı ilə təsdiq olunmuş yaşı 18-dən az olan işçilərin əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı üzrə uşaq əməyindən istifadənin qarşısının alınması məqsədilə ƏMAS-da funksionallıq yaradılıb".
Mina Mikayılova
Milli.Az





