Cəmiyyət

Ailə torpaq vergisinə görə sosial yardım ala bilmir - Nazirlikdən AÇIQLAMA

12 Yanvar 2026 22:49
Baxış: 480
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lerik rayon sakini Qədir Qurbanov hazırda Bakıda kirayədə yaşayır və işsizdir. 2025-ci ilə qədər o, Lerikdə "DOST" Agentliyində çalışır və 5 nəfərdən ibarət ailəsi həmin dövrdə 5 ay ünvanlı sosial yardım alıb. Lakin işdən çıxarılması və sosial yardımın dayandırılması ailəni çətin vəziyyətə salıb.

Milli.Az xəbər verir ki, Qurbanov Bakıya gələrək iş tapmağa çalışıb, amma dolanışığını təmin edəcək imkanlar yoxdur. Ailə bildirir ki, kənddə 16 sot torpaq sahəsi var, lakin torpaq real gəlir gətirmir və sığorta ödənişlərini etmək üçün vəsaitləri çatmır.

Qədir Qurbanov həmçinin sağlamlıq problemlərindən şikayətçidir. Ürək-damar xəstəlikləri və onurğa problemləri səbəbindən ağır fiziki iş görə bilmir:

"İki övladım məktəblidir, onların ləvazimatlarını və tələbə övladımın kirayəsini ödəmək imkanım yoxdur", - deyə o, bildirib.

Torpaq sahəsi ilə bağlı çıxarış və illik vergi ödənişlərinin rəsmiləşdirilməsi isə təxminən 1200 manat başa gəlir ki, ailə üçün bu məbləğ ödənilməsi çətindir.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, Qurbanov Qədir Qurbanəli oğlunun 7 mart 2024-cü il tarixli elektron müraciətinə əsasən, ailəyə ünvanlı sosial yardım təyin edilib:

"Lakin elektron monitorinq nəticəsində müəyyən olunub ki, ailə üzvü Cahangirova Könül Eldar qızı məşğulluğunu pay torpağı ilə təsdiqləsə də, təyinatdan sonra yalnız həmin ilin sentyabr ayı üzrə məcburi dövlət sosial sığorta haqqı ödənişlərini edib. Bu səbəbdən sosial yardım 2025-ci ilin yanvar ayından dayandırılıb. Bundan sonra ailə 16 sentyabr 2025-ci il tarixində elektron sistemə yenidən müraciət edib. Həmin müraciətə də elektron sistem tərəfindən imtina verilib. Belə ki, imtinaya səbəb ailə üzvü Könül Cahangirovanın məşğulluğunu təsdiq edən ödənişlərinin olmaması olub".

Nazirlikdən əlavə edilib ki, hazırda Qədir Qurbanov ailənin əmək qabiliyyətli üzvü olsa da, məşğulluğu olmayan şəxsdir. Adıçəkilən şəxs məşğulluğunu təmin edərsə və ailə üzvü Könül Cahangirova torpaqla bağlı ödənişləri ardıcıl şəkildə davam etdirərsə, ailə sosial yardımla bağlı yenidən müraciət edə bilər.

Asya
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.