"Baku City Karting"də yeniyetmənin ölümü ilə nəticələnən qəza bu sahədə mövcud olan təhlükəsizlik problemlərini bir daha gündəmə gətirib. Dünya praktikasına nəzər saldıqda kartinqdə ölüm və ağır xəsarətlə nəticələnən qəzaların az olmadığını görürük.
Qeyd edək ki, kartinq mərkəzlərində sürücülük vəsiqəsi tələb olunmur. Bunun əvəzinə iştirakçılardan müqavilə imzalamaları tələb edilir. Həmin sənəddə göstərilir ki, sürən şəxsə hər hansı xəsarət dəyərsə, müəssisə məsuliyyət daşımır, lakin kartinq avtomobilinə zərər dəydiyi halda bütün məsuliyyət iştirakçının üzərinə düşür.
Bununla yanaşı, sosial şəbəkələrdə "Sürəti hiss et, bacarığını yoxla və təcrübəni yeni səviyyəyə qaldır", "Sürətin yeni adı: Sodi RX -120 km/saat" kimi reklamlarla insanlar sürəti sınaqdan keçirməyə təşviq olunur.
Kartinq sənayesi 120 km/saat sürəti adrenalin və əyləncə kimi təqdim etsə də, bu sürət həddi nə dərəcədə təhlükəsizdir?
Milli.Az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev bildirib ki, kartinq çox vaxt əyləncə kimi təqdim olunsa da, əslində mühərriki və sürəti olan, ciddi risklər daşıyan texniki vasitədir. Bu səbəbdən kartinq mərkəzlərində təhlükəsizlik məsələsi heç vaxt ikinci planda qalmamalıdır.
Ekspertin sözlərinə görə, baş verən son hadisələr bəzi kartinq mərkəzlərində təhlükəsizliyə ya sistemsiz yanaşıldığını, ya da bu məsələnin formal xarakter daşıdığını göstərir:
"Baş verən faciə açıq şəkildə göstərdi ki, bəzi kartinq mərkəzlərində təhlükəsizlik mexanizmləri ya düzgün qurulmayıb, ya da sadəcə kağız üzərində mövcuddur. Halbuki kartinq sadə oyun deyil və burada ən xırda səhlənkarlıq belə ağır nəticələrə səbəb ola bilər".
Orxan Musayev qeyd edib ki, təhlükəsizlik ilk növbədə kartinqlərin texniki sazlığından başlayır:
"Hər bir kartinq trassaya çıxmazdan əvvəl mütləq texniki baxışdan keçirilməlidir. Əyləclər tam işlək vəziyyətdə olmalı, sükan sistemində boşluq yaranmamalı, qaz pedalı ilişməməlidir. Xüsusilə yeniyetmələr üçün kartinqlərin sürəti məhdudlaşdırılmalı, uşaqlar üçün ayrıca sürət həddi müəyyən edilməlidir. Təxmini və məsuliyyətsiz yanaşma riskləri dəfələrlə artırır".
Ekspert vurğulayıb ki, kartinqdən istifadə etməzdən əvvəl məcburi təlimlərin keçirilməsi zəruridir:
"İştirakçılara təhlükələr aydın və başa düşülən şəkildə izah edilməlidir. Qəza zamanı necə davranmaq lazım olduğu öyrədilməlidir. Xüsusilə uşaqlara izah olunmalıdır ki, panika zamanı qazı sıxmaq deyil, əksinə əyləci basmaq lazımdır. Bu biliklər həyati əhəmiyyət daşıyır".
O.Musayevin sözlərinə görə, kartinq meydançasının infrastrukturu da ciddi nəzarət tələb edir:
"Meydançanın beton və ya metal baryerlərlə əhatə olunması yolverilməzdir. Toqquşma zamanı zərbəni udan xüsusi qoruyucu baryerlər quraşdırılmalı, təhlükəli döngələrdə əlavə qoruma tədbirləri görülməlidir. Proses öz axarına buraxılmamalı, meydançada daim təlim keçmiş personal nəzarət etməlidir".
Ekspert əlavə edib ki, qəza baş verdiyi anda hərəkət dərhal dayandırılmalıdır:
"İştirakçılardan biri yıxılıbsa, digərlərinin hərəkətinə icazə vermək son dərəcə təhlükəlidir və bu, daha ağır nəticələrə gətirib çıxara bilər".
Ekspert qoruyucu vasitələrin formal yox, real şəkildə tətbiq olunmasının vacibliyini də xüsusi vurğulayıb:
"Dəbilqələr uşaqların baş ölçüsünə uyğun olmalı, boş olmamalıdır. Boyun qoruyucuları düzgün taxılmalı, təhlükəsizlik kəmərləri tam işlək vəziyyətdə olmalıdır. Təəssüf ki, bəzi mərkəzlərdə bu vasitələr sadəcə görüntü xatirinə verilir".
Orxan Musayev yeniyetmələrlə bağlı məsuliyyətin daha böyük olduğunu bildirib:
"Uşaqlar böyüklərlə eyni şərtlərdə trassaya buraxılmamalıdır. Yaşa uyğun kartinqlərdən, sürət limiti tənzimlənmiş vasitələrdən istifadə olunmalıdır. Valideynlər də övladlarını kartinqə buraxmazdan əvvəl onların hazırlıqlı olub-olmadığını dəqiqləşdirməli, təhlükəsizlik tədbirləri ilə bağlı suallar verməlidirlər".
Mina Mikayılova
Milli.Az





