Asya Əhmədovanın "Sən Vətənsən" adlı poeması oxuculara təqdim olunub.
Milli.Az xəbər verir ki, poema Vətən Müharibəsi Qəhrəmanı, şəhid Surxay Əbdül oğlu Noçuyevin xatirəsinə həsr olunub. Kitabda real hadisələrə əsaslanaraq birinci Qarabağ müharibəsinin ağrı-acısı, çətinlikləri və ikinci Qarabağ müharibəsində Zəfərə gedən yol bədii dildə təsvir edilib.
Əsərdə 1993-cü ilin oktyabrında öz yurd-yuvasından qovulan, soyuq, yağışlı payız günlərində evsiz-eşiksiz qalan, düşmən əlinə keçməmək üçün Araz çayına üz tutan çarəsiz insanların başına gələnlər, əhalinin sağ qalması üçün canını fəda edən qəhrəman oğullar və kəndləri ermənilər tərəfindən işğal olunarkən hələ 5 yaşı olan balaca Surxayın bir zabit kimi yetişərək torpaqların azad edilməsində göstərdiyi qəhrəmanlıqlardan bəhs olunur. Baş qəhrəman Surxay Noçuyevin timsalında 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının döyüş yolu yad olunur. Poemada güclü vətənpərvərlik hissi, şəhidlərimizə hörmət, ehtiram və zəfər təntənəsinə böyük rəğbət hissi vardır. Kitabda poema janrına xas olan həm dolğun epik lövhələr, canlı döyüş səhnələri, həm də lirik ricətlər, şeirlər rəvan bir dillə təsvir olunmuşdur.
Əhmədova Asya Humayaq qızı 23 noyabr 1975-ci ildə Zəngilan rayonu Məmmədbəyli kəndində anadan olub. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun (Hazırda Prezident Yanında Dövlət İdarəçilik Akademiyası adlanır) Politologiya fakultəsini bitirib. Ali təhsilini bitirdikdən sonra Azərbaycan Dövlət Televiziyasında redaktor, Azərbaycan Respublikası Dövlət Film Fondunda kadrlar işi üzrə mütəxəssis vəzifələrində çalışıb.
A.Əhmədova 20 ildən artıqdır ki, elm sahəsində fəaliyyət göstərir. AMEA-nin Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşıdır. Hazırda İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi və Həmkarlar Təşkilatının sədri vəzifələrini icra edir.
Elmi işlərlə bərabər publisist yazıları və şeirləri ilə də ara-sıra mətbuatda çıxış edir. Ailəlidir, iki övladı var.
Milli.Az





