Son dövrlərdə "Stare the Liar" adlanan psixoloji texnika yalan danışan şəxslərin davranış üzərindən müəyyən edilməsi baxımından müzakirə olunur. Bu yanaşma əsasən müsahibələrdə, sorğularda və ictimai dialoqlarda qarşı tərəfin verdiyi cavabların səmimiliyini müşahidə etməyə yönəlib.
Məlumata görə, texnika sual verildikdən sonra qəsdən pauza yaradılması və davamlı göz təmasının saxlanılmasına əsaslanır. Bu anda cavab verən şəxsin baxışları, üz ifadəsi, bədən dili və nitqində baş verən dəyişikliklər izlənilir. Psixoloji müşahidələrə əsasən, yalan danışan şəxslərdə bu cür səssiz təzyiq zamanı narahatlıq əlamətləri daha qabarıq görünə bilər.
İddialara görə, bu vəziyyətdə baxışların yayınması, səs tonunun dəyişməsi, sual verilmədiyi halda əlavə izahların verilməsi və cavabdan sonra tələskən davranışlar müşahidə olunur. Bu cür siqnallar müsahibə aparan tərəf üçün verilən məlumatların dəqiqliyini qiymətləndirmək baxımından əlavə göstərici hesab edilir.
Texnikanın jurnalistika, iş müsahibələri və davranış analizi sahələrində tətbiq olunduğu bildirilir. Bununla belə, yanaşmanın qəti nəticə vermədiyi və hər davranış dəyişikliyinin yalanla əlaqələndirilməsinin doğru olmadığı da qeyd olunur.
Vurğulanır ki, stress, həyəcan və fərdi psixoloji xüsusiyyətlər də oxşar reaksiyalara səbəb ola bilər. Bu baxımdan "Stare the Liar" texnikasının yalnız köməkçi müşahidə üsulu kimi istifadə edilməsi tövsiyə olunur.
Milli.Az





