Sosial şəbəkələrdə arıqlama iynələrinin istifadəsinin artması ilə bağlı məlumatlar yayılıb. Maraqlısı budur ki, bu iynələrdən istifadə etməyi tövsiyə edənlər həkim ya dietoloqlar yox, kosmetoloqlardır.
Bu iynələrin zərərləri ilə də bağlı kifayət qədər fikirlər də var.
Bəs bu iynələr doğurdan da zərərlidir?
Milli.Az xəbər verir ki, dietoloq Gülşən Cəfərovanın sözlərinə görə, iynənin nəticə verməsi onun təhlükəsiz olduğu anlamına gəlmir:
"Bu vasitələr orqanizmdə fəsadlar yarada bilər. Son illərdə insanlar asan və passiv şəkildə arıqlamaq üçün arıqlama iynələrindən istifadə edirlər. Bu, həkim nəzarəti altında belə olsa müəyyən qədər insan orqanizmi üçün riskləri vardır. Mədə-bağırsaq problemi, qusma, ishal, qəbizlik problemi yarada bilər. Qanda şəkər kəskin düşə bilər. Qızdırma, halsızlıq da bədəni gücdən sala bilər. Böyrəklərə də çox güc düşsə, böyrək öz funksiyasını itirə bilər. Arıqlama iynələri və dərmanları yeməyə qarşı iştahsızlıq yaratdığı üçün yemək rejimi də pozula bilər. Hansı ki bu dərmanları kəsdiyimiz zaman itirdiyimiz çəkilər tez bir zamanda geri qayıda bilər".
Bəs bu dərmanları reseptsiz və təyinatsız satanları hansı cəza gözləyir?
Hüquqşünas Samir Süleymanovun sözlərinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməyən saxta dərmanların satışı və saxlanması qadağandır. Bu halda vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 7000 manata qədər cərimə nəzərdə tutulub.
Qeyd edək ki, sağlam şəkildə çəki atmaq üçün düzgün qidalanma və aktiv həyat terzi ən etibarlı yoldur.
Aysel Əkbər
Milli.Az





