Cəmiyyət

Facebook-da şəkil yerləşdirmək xofu...

6 Avqust 2012 02:00
0 Şərh     Baxış: 1 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrin gündəlik həyatımıza sıx müdaxiləsinə baxmayaraq, belə yerlərdə şəkillərin yerləşdirilməsi birmənalı qarşılanmır. Əvvəllər sosial şəbəkələrdə tək-tük adam şəxsi şəkillərini yerləşdirsə də, getdikcə bu tabu aradan qalxmağa başladı. Bunu son zamanlar dəb halını alan Facebook sosial şəbəkəsində kifayət qədər istifadəçinin şəxsi, ailə üzvlərinin və ya həyatlarında hər hansısa bir hadisəni əks etdirən şəkillərin yerləşdirilməsindən aydın görmək olur.

Bununla belə, şəkillərdən sui-istifadə hallarının, montajın və buna lazımi nəzarətin olmamasına, yaxınların və ya ailə üzvlərinin şəxsi şəkillərin yerləşdirilməsinə icazə verməməsinə, şəkillər əsasında cadu edilməsinə görə şəkilləri sosial şəbəkələrə qoymaqdan qorxanlar da var.

Facebook şəbəkəsinin aktiv istifadəçisi Reyhan Hüseynovanın sözlərinə görə, Facebook-da öz şəklini yerləşdirdiyi üçün nişanlısı ilə ayrılmalı olub: "Öz şəklimi yerləşdirməklə hansısa bir Facebook istifadəçisinin toruna düşdüm. Belə ki, bir nəfər şəkillərimin surətini yaddaşa verib başqa ad altında səhifə yaradaraq Facebook-da yerləşdirdi. Təəssüf olsun ki, həmin səhifədə mobil nömrəmi də verən şəxsin kim olduğunu bilmədim. Bu hadisədən xəbər tutan nişanlım həmin adamın mən olduğumu zənn edərək münasibətimizə son qoydu. Nə qədər çalışsam da, həqiqəti sübut edə bilmədim. Həmin səhifəni nişanlımın ailə üzvləri də gördülər".

Digər sosial şəbəkə istifadəçisi Elnur Kazımov da internet-səhifələrdə şəkil qoymağın tərəfdarı deyil. "Əsasən də xanımların şəkil yerləşdirmələrinə pis baxıram. Çünki sosial şəbəkələrdən tanışlıq üçün də istifadə edirlər və xanımların öz müxtəlif şəkilləri ilə səhifələrini bəzəmələri tanışlıq məqsədi daşımasa da, səhv başa düşülə bilər, - deyən E.Kazımov bildirib ki, şəkillərdən qara magiyada da istifadə edirlər. - Şəkil vasitəsilə çox asanlıqla cadu edir və ya mənfi energiya ötürürlər".

Ekstrasens Zülfiyyə Zeynalovanın sözlərinə görə, şəklə etinasız yanaşmaq düzgün deyil. "Belə ki, şəkildə sizin haqda informasiya və enerji sahəniz toplanıb. Şəkil və sahibi arasında qırılmaz enerji bağı mövcuddur. Şəkil vasitəsi ilə çox tez nəzər dəyir. Bundan başqa, şəkil ilə edilən cadu güclü hesab olunur. Çünki birbaşa auraya daxil olur. Ona görə də sizdə yaxşı təəssurat oyatmayan adamlara şəkil bağışlamayın, fotoaparatı ilə şəkil çəkdirməyə imkan verməyin, şəkilləri evdə gizli yerdə saxlayın, hər adama şəkil bağışlamayın. Şəkil şəxsi həyata aid bir şeydir. Şəxsi həyat isə kənar şəxslərdən gizli qalmalıdır. Bu səbəbdən də sosial şəbəkələrdə şəkil yerləşdirmək daha təhlükəlidir. Çünki istənilən adamın sosial şəbəkələrdə yerləşən şəkillərə əli çatır".

Z.Zeynalova qeyd edib ki, şəkil vasitəsi ilə adamı öldürmək də olur: "Bildiyiniz kimi, adamın surətinə bənzər xüsusi gəlinciklər vasitəsilə insanı idarə etmək və hətta öldürmək də olur. Eləcə də şəkillərlə də bunu etmək olur. Şəklə sahibini tamamilə məhv etmək barədə mənfi qüvvənin təsiri ilə əmr verilir. Belə caduları icra olunduqdan sonra çətinliklə götürmək olur".

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüzün sözlərinə görə, sosial şəbəkədə şəkil yerləşdirdikdən sonra bu artıq sənin olmur: "Facebook açıq şəbəkədir. İstifadəçi oraya nəsə yerləşdirirsə, artıq gözləməlidir ki, bundan haradasa istifadə olunacaq. İstifadə olunan materialın, şəklin mənbəyinin göstərilməsi artıq onun vicdanına qalır. Əgər kiminsə şəklindən istifadə etdikdə müəllif hüququ qorunmursa, şəklindən sui-istifadə edilirsə, bu, başqa məsələdir. Şəklin sahibi istəsə, bununla bağlı müəyyən tələblər irəli sürə bilər. Əgər onun şəkli, informasiyası ilə bağlı bilərəkdən, məqsədyönlü şəkildə manipulyasiya aparılıbsa, bu, şəxsi həyata müdaxilə kimi dəyərləndirilə bilər və o, qanunvericilikdə nəzərdə tutulan qaydada aidiyyatı qurumlara müraciət edə bilər".

"Şəkil ilə paylaşa da bilərlər. Yox, əgər kimsə şəkli qoyduqda, bundan başqa məqsədlər üçün istifadə olunacağından ehtiyat edirsə, onda bunu etməməsi daha yaxşıdır. Şəkillərdən sui-istifadə halları, xüsusilə də, azyaşlılar arasında müşahidə olunur. Ona görə də Facebook-un qaydalarında qeyd olunub ki, on üç yaşa qədər insanlar bundan istifadə edə bilməzlər. Nəzarət etmək lazımdır ki, on üç yaşa qədər insanlar Facebook-dan istifadə edə bilməsinlər", - deyə O.Gündüz xəbərdarlıq edib.

O, həmçinin əlavə edib ki, kimsə sosial şəbəkələrdə şəxsi şəkillərini yerləşdirməkdən ehtiyat edirsə, anonim və ya başqa şəkillərdən istifadə edə bilər. Yaxud da şəkillərdən ümumiyyətlə istifadə etməsin: "Nəzərə almaq lazımdır ki, Facebook açıq şəbəkədir və bunun öz qayda-qanunları var".

Aylin Kamilova
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.