Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi "Telegram" sosial şəbəkəsində azyaşlılara məxsus pornoqrafik materialların paylaşılması və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.
Milli.Az xəbər verir ki, əməliyyat zamanı həmin kanalların idarəçiləri olan iki şəxs - şərti adları Arif Muradov və Fərid Süleymanov olan şəxslər kiberpolis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma nəticəsində məlum olub ki, saxlanılan şəxslər "Telegram"da müxtəlif anonim kanallar yaradaraq azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialları paylaşır və onlayn şəkildə satırmışlar. Onlar satış zamanı müxtəlif şəxslərin adına olan bank kartlarından istifadə edib, əldə olunan gəliri nağdlaşdırıblar.
Daxili İşlər Nazirliyi bildirir ki, azyaşlıların iştirakı ilə qeydə alınmış və cəmiyyətin əxlaqi dəyərlərinə zidd hərəkətləri əks etdirən videomaterialların yayılması və satışı qanunla qadağandır və belə hərəkətlər cinayət məsuliyyəti yaradır.
Hazırda faktla bağlı araşdırma aparılır, oxşar halların qarşısını almaq üçün əməliyyat-texniki tədbirlər davam etdirilir.
Milli.Az





