Allah inayət etsə, Qurani-Kərimin Ramazan ayı ilə bağlı buyuruşuna, Məsumlarımızdan (ə) Ramazan ayının orucunun hansı dərəcə və fəzilətə sahib olması barəsində bəzi nöqtələrə və bu ayla bağlı əxlaq ustadlarından olan tövsiyələrdən bəzilərinə toxunarıq.
Ramazan ayının sayəsində hasil olan mənəvi və ruhani halət
Ramazan ayı ilə bağlı ən mühüm nöqtələrdən, ən mühüm məsələlərdən biri - mübarək Ramazan ayının sayəsində hasil olan mənəvi və ruhani haləti qoruyub saxlamaqdır. Əlbəttə ki, bunu həddindən artıq özümüzü sıxmadan etmək lazımdır. Buradan aydın olan mühüm bir nöqtə var. Peyğəmbərimizin (s) məşhur Şabaniyyə xütbəsindən də aydın olduğu kimi, biz Ramazan ayına tərəf deyil, Allahın mübarək ayı özü rəhmət və bağışlanma imkanları ilə üzərimizə gəlir. Bu ayın gəlişi ilə bizim hər birimiz üçün bir mənəvi və ruhi halət hasil olur. Bu ayın bizlər üçün elə ən böyük imkan və fürsət budur. Ay öz gəlişi ilə bizim hallarımızı, durumumuzu dəyişir, həm özümüzü, həm də ümumiyyətlə ətrafımızı dəyişir.
Əgər diqqət etsək, bəşəriyyətin birdən-birə 100 milyonları buna hazırlaşır. Milyardların bundan xəbərləri olur. Buna uyğun həyat tənzimlənir, buna uyğun insanlar hərəkət və rəftarlarına diqqət edirlər. Hətta oruc tutmayanlar da bu aya xüsusi ehtiram qoyurlar. Bu, bütün dünyada olduğu kimi, bizim vətənimizdə də belədir. Aydın olur ki, bu ayın sayəsində bizlər üçün daxilimizdə mənəvi və ruhi bir halət əmələ gəlir ki, bunu Allah bizə inayət edir. Əxlaq ustadları da həmin o halətin qorunması üçün çağırış edirlər. Yəni Allahın mübarək ayı daxil olması ilə əmanət edilən bu mənəvi xüsusiyyəti bacardığımız qədər qoruyaq, onu dərhal əldən verməyək, dərhal itirməyək, dərhal xərcləməyək. Göründüyü kimi, biz bu ayın gəlişi ilə bağlı artıq bəlli bir nemətə sahibik. İndi onu qorumaq və inkişaf etdirmək bizim özümüzdən asılıdır.
"Nə qədər bəhrələnsən də, Allah razı olmaz!"
Allah Təalanın Ramazan ayının bu xüsusiyyətini daha da aydınlaşdıran bir mübarək buyuruşu var ki, Məsumlarımızdan (ə) nəql edirlər: "Mən xalis mülkümü bu ayda sizə təqdim edirəm. Çünki Kəriməm. Və sən bu otuz gündə Mənim bu xəzinəmdən nə qədər bacarırsan, bəhrələn. Nə qədər bəhrələnsən də Allah razı olmaz". Allah Təala bizə xəbərdarlıq edir ki, bu ayda mülkünü bizə təqdim edir. Ona görə ki, Kərimdir. Bundan sonra hər bizimizə müraciət edərək buyurur ki, sən bu otuz gündə Mənim bu xəzinəmdən nə qədər bacarırsan, bəhrələn. Rəbbimiz buyurur ki, "Mən mülkümün, xəzinəmin qapılarını açmışam və bu otuz gündə Mənim bu xəzinəmdən nə qədər bacarırsan, faydalan. Nə qədər faydalansan da, Mən razı qalmaram".
Bu, çox mühüm bir buyuruşdur. Buradan belə başa düşülür ki, bu ay daxil olanda, ayın gəlişi ilə hər birimizə ayrı-ayrılıqda mənəvi və xüsusi bir hal verilir. Hər bizimiz də bir həftə sonra, on gün sonra deyəcəyik ki, ayın əvvəlindəki o halımız ki, var idi, artıq onu itirmişik. İkincisi, bu ayın gəlişi ilə böyük bir İlahi mülk olur, bu xəzinələrdən bəhrələnmək imkanı ixtiyarımızda olur.
Oruc bəndənin deyil, Allahındır!
Bir mühüm nöqtə də var ki, insanı çox düşünməyə və təhlil etməyə vadar edən nöqtədir. Həzrət Peyğəmbər (s) Mütəal Allahın adından buyurur: "Adəm övladının bütün əməli özü üçündür. Orucdan başqa ki, o, Mənim üçündür. Mən ona mükafat verərəm, oruc möminin Qiyamət günü cəhənnəmdən qalxanıdır. Oruc tutanın ağzının qoxusu Allah yanında müşk iyindən də ətirlidir. Oruc tutan iki halda sevinir: iftarını yeyən və içən zaman və o zaman ki, Mənimlə görüşə nail olar. Bəs onu behiştə daxil edərəm".
Allah Təala buyurmuşdur ki, insanın bütün əməlləri özünə aiddir, orucdan başqa. "Oruc Mənim orucumdur, sənin deyil. Mən öz kərəmimlə sənə tofiq verirəm ki, oruc tutasan. Ancaq namaz bu qədər əzəməti ilə sənindir. Namaz zamanı baxmayaraq ki, bütün varlığın, əzaların və üzvlərin namazladır, sənə aiddir. Ancaq oruc Mənimkidir". Göründüyü kimi, Allah bəndəsinə buyurur ki, sən ki, oruc tutmusan, elə zənn etmə ki, o, sənindir. O, mənimdir, sənin deyil. Mən öz kərəmimlə sənə tofiq verirəm ki, oruc tutasan.
Bunlar düşünməyə vadar edən məsələlərdir. Burada namazla müqayisədə oruc namazdan daha üstün bir ibadət kimi göstərilir. Çünki Allaha aiddir və Allah da orucun Ona aidliyini burada bizlərə çatdırır.
Oruc tutanın dəyəri
İmam Cəfər Sadiqdən (ə) nəql olunan bir hədisdə buyurulur: "O insan ki, isti günlərdə oruc tutar və kəskin şəkildə susuzlayar, Allah 1000-ə qədər mələyi ona hakim edər ki, üzünü sığallasınlar və ona Allahın inayətini müjdə versinlər. İftar edən zaman Allah buyurar: "Necə gözəldir iyin və ruhun. Ey mələklər, şahid olun ki, Mən onu bağışladım"".
Burada diqqət etsək, bir sıra önəmli mövzular var. Bağışlanmaq istəyirik, bu ayda o imkan və fürsətlər hazırdır. Allahın sonsuz nemətlərindən faydalanmaq istəyirik, bu ayda Allah öz sonsuz nemətlərini bizim öhdəmizə buraxıb. Gerçək sevinc və səadət istəyirik, bu aydan düzgün bəhrələnsək, həm iftarlarda o sevinc və səadəti yaşaya bilərik, dada bilərik, həm də Qiyamət günü Allaha qovuşan zaman onu hiss edəcəyik.
Allah Təala İslam ümmətini Ramazan ayı orucu ilə şərəfləndirib
Ramazan orucunun vacib buyurulduğu "Bəqərə" surəsinin 183-cü ayəsində deyilir: "Ey iman gətirənlər, oruc sizdən əvvəlki ümmətlərə olduğu kimi, sizə də vacib buyuruldu. (Bunun vasitəsilə) bəlkə təqvalı olasız". Bu ayədəki "Ey iman gətirənlər" müraciəti ilə bağlı ariflər buyurur ki, bu müraciətdə keçən o mehribanlıq, o sevgi bütün Ramazan ayının çətinliklərini, müşküllərini, ağrılarını heçə endirir. Rəbbimin ona müraciətini şirinliyini hiss edən bəndənin Ramazan ayında olan bütün çətinlikləri yox olur.
"Oruc sizdən əvvəlki ümmətlərə olduğu kimi, sizlərə də vacib buyuruldu". Burada da mühüm bir nöqtə var. Bu ayənin bir təfsiri çaları bundan ibarətdir ki, bəzən bu cür təfsir olunur ki, bizlərdən öncəki ümmətlərə də oruc vacib idi. Amma burada bir başqa mühüm məsələ də var. Belə ki, biz Məsum İmamlarımızdan (ə) ayənin bu hissənin təfsiri ilə bağlı maraqlı bir çatdırış görürük. İmam Sadiqin (ə) səhabələrindən biri buyurur: "İmam Sadiqdən (ə) eşitdim ki, Ramazan ayının orucu öncəki heç bir ümmətə vacib buyurulmamışdı. O Həzrətə (ə) buyurdum ki, Allah Təala Quranda buyurur ki, "Ey İman gətirənlər! Oruc tutmaq Sizlərə yazıldı, necə ki, Sizlərdən öncəkilərə də yazılmışdır". İmam (s) buyurdu: "Ramazan ayının orucu yalnız o ümmətlərin peyğəmbərlərinə (ə) vacib buyurulmuşdur, nəinki o ümmətlərin özünə. Və Allah Təala Ramazan ayının orucunu İslam ümmətinə vacib etməklə, onlara üstünlük vermişdir". Əgər bu təfsiri çaları götürsək, buradan aydın olur ki, mübarək Ramazan ayı Allahın insanlara bir nemətidir, hansı ki, əvvəlki ümmətlərin özlərinə deyil, yalnız onların peyğəmbərlərinə (ə) vacib buyurulmuşdu. Amma elə həmin Ramazan ayının orucu İslam ümmətinə, sonucu ümmətin təkcə Peyğəmbərinə (s) deyil, özünə də vacib buyurulmuşdur və bununla Allah Təala müsəlman ümmətini şərəfləndirmişdir.
Allahdan istəyirik ki, bizlərə "Ey iman gətirənlər" çağırışının şirinliyini dadmağı nəsib etsin inşəallah. Bu ayda gerçəkdən oruc tutanlardan olaq ki, nəhayətdə ayədə də buyurulduğu kimi, təqvalılardan olaq, Allah bəyənənlərdən olaq, inşəallah.
Ramazan ayının fürsətlərindən daha səmərəli yararlanmaq üçün əməli proqram
Mübarək Ramazan ayı ilə bağlı əxlaq ustadlarının bir neçə mühüm çatdırışları var ki, onlara diqqət yetirməklə Ramazan ayının orucunu daha da özümüz üçün faydalı və bərəkətli edə bilərik.
1. Münasib qidalanmaya malik olmağa səy göstərmək
Mühüm nöqtələrdən biri qidalanmaqla bağlıdır. Əxlaq alimləri buyururlar ki, böyük bir aya, Allah dərgahına ibadətə daxil oluruq. Bu böyük ibadəti həyata keçirtmək üçün gərək sağlamlığımız, səhhətimiz yerində olsun ki, bu ayı layiqli şəkildə yaşamaq üçün bizlərə problem yaratmasın. Buna görə də qidalanmağa diqqət edilməlidir. Yaya uğun, istiyə uğun qidalanmaq lazımdır. Buna önəm verməsək, bu ayın mənəvi imkanlarından tam bəhrə apara bilməyəcəyik.
2. Göz, qulaq və dil ilə yanaşı, qəlb orucu
Çox mühüm tövsiyələrdən biri budur ki, ilahi övliyalar göz, qulaq və dil ilə yanaşı, qəlblərini də bu ayda oruc tutdurarlar. Diqqət etsək, görürük ki, burada heç yeməkdən, içməkdən söhbət getmir. Buyurulur ki, göz, qulaq və dil orucu ilə yanaşı, qəlblərini də oruc edərlər. Əslində göz, qulaq və dil orucu - özü bir əxlaqi məsələdir. İnsan orucdursa, gözü, dili, qulağı da oruc olmalıdır. Təkcə orucluqda deyil, insan həmişə gözünü haramdan, dilini yalandan, böhtandan, qulaqlarını qeybətdən uzaq etməlidir. Amma bu ayda xüsusi diqqət etməlidir. Çünki bu ay fürsətlər ayıdır. Allahın nemətlərindən bəhrələnmək imkanı olan bir aydır. Bu ay tərbiyə ayıdır. Qulaq qeybətdən çəkinməlidir. Boş-boş mənasız sözləri eşitməkdən çəkinməlidir. Dil çəkinməlidir. Yalan danışmaqdan, boş-boş mənasız sözlər danışmaqdan çəkinməlidir. Dil oruc tutmalıdır. Ona görə də bu ayda gözün, dilin, qulağın haramdan çəkinməsi digər aylar üçün də bir imkan yaradır ki, insan özündə bir mələkə, vərdiş formalaşdırsın ki, bunun sayəsində gözünü, dilini, qulağını haramdan qorusun.
Amma bütün bunlarla yanaşı, əxlaq ustadları buyurur ki, qəlblər də oruc tutmalıdır. Yəni qəlbə dostdan kənar heç kimi buraxılmamalıdır. Qəlbin bir dostu var - o da Allahdır. Allah Təaladan başqa, Allahın razılığının qəlbdə yer tutmasından başqa heç bir naməhrəmi qəlbə buraxmaq olmaz. Qəlbin bir dostu var - o da Allahdır və onun razılığıdır. Qəlbə kənar heç bir şeyi buraxmamağa çalışmaq lazımdır. Əxlaq ustadlarının tövsiyə etdiyi bu nöqtə çox mühümdür və Allahdan istəyirik ki, bunu bizlərə nəsib etsin.
3. Mübarək Ramazan ayı - Quranın baharıdır
Əxlaq ustadlarının buyurduğu üçüncü mühüm nöqtə bundan ibarətdir ki, mübarək Ramazan ayı Qurani-Kərimin baharıdır. Müqəddəs Qurani-Kərim məhz bu ayda nazil olub. Ona görə də diqqət və hövsələ ilə, gündəlik Qurani-Kərimin bir hissəsini tilavət etməyə səy edilməlidir. Bununla yanaşı, imkan daxilində mənasına və təfsiri çalarlarına da diqqət edilməlidir. İşlər çoxdur, məşğuliyyət çoxdur - bütün bunlar aydındır, amma Ramazan ayında Quran tilavət olunmasa, deməli, vaxtımızı fövtə vermişik, boş keçirtmişik. Çünki Ramazan ayı Qurani-Kərimin baharıdır. Allah bizlərə Qurani-Kərimdən faydalanmağı nəsib etsin inşəallah.
4. Mübarək Ramazan ayı - daxili paklanma və mənəvi səfa tapma ayıdır
Əxlaq ustadlarının proqramında mübarək Ramazan ayı batini, daxili paklanma ayıdır. Mənəvi və ruhi səfa tapmaq ayıdır. Ustadlar buyurular ki, insan bu ayda xüsusi minacat proqramlarının olması istiqamətində, Allahla raz-niyaz etmək, istiğfar etmək proqramlarının olması üçün səy etməlidir. Xüsusən bu ayın sübhləri üçün buna riayət etmək tövsiyə olunub. Həzrət Peyğəmbər (s) və onun pak Əhli-beytindən (ə) gələn dualardan, münacatlardan bəhrələnmək lazımdır. Çünki münacatlar üçün ən gözəl mətn məhz onlardan gələn dua və münacatlardır. Təbii ki, münacatlar zamanı insan istədiyi hər şeyi Allahla öz arasında bölüşə və öz günahlarından istiğfar edə bilər, eyni zamanda səmimi şəkildə Allahla söhbət edə bilər.
5. Dini məclislərdə iştirak etmək
Əxlaq ustadlarının buyurduğu beşinci mühüm nöqtə bundan ibarətdir ki, bu ayda dini məclislərdə iştirak etmək və bu fürsətlərdən maksimum faydalanmaq lazımdır. Tək-tək bu imkanlardan bəhrə aparmaq imkanları cəm halında olan fürsət və imkanlardan daha azdır. Xüsusən də Qədr gecələrinə işarə edirlər ki, bir araya gəlmək, cəm halında əhya saxlamaq, ibadət etmək lazımdır.
6. Dünyadan gedənləri unutmamaq
Mübarək Ramazan ayı proqramında əxlaq ustadlarının buyurduğu altıncı mühüm nöqtə bundan ibarətdir ki, dünyadan getmişləri unutmamaq lazımdır. Onlar üçün bağışlanma diləmək və Quran tilavətlərimizin savabını onlara hədiyyə etmək, onları da bu savaba şərik etmək tövsiyə olunub.
7. Az danışmaq, çox düşünmək
Yeddinci nöqtə - az danışmaq və çox düşünməkdən ibarətdir. Öz rəftar və davranışlarımızın, əxlaqımızın daha yaxşı olması üçün səy göstərmək - bu ayın ən mühüm əməllərindəndir. Bu ayda çalışmaq lazımdır ki, əxlaqlarımız, rəftarlarımız yaxşıya tərəf dəyişsin ki, gələcək aylarda da bundan istifadə edə bilək. Bunun da yolu, çox düşünmək və az danışmaqdan keçir.
8. Mübarək Ramazan ayının sayəsində hasil olan mənəvi və ruhani haləti imkan daxilində özümüzdə bir müddət qorumağa çalışmaq
Bunun da geniş izahını yuxarıda qeyd etdik.
Çox çətin dönəmdə yaşayırıq. Hər şey bizi özünə məşğul edir. Mühit bizim deyil, biz mühitin asılısına çevrilirik. İnkişafın, texnologiyanın asılısına çevrilirik. Ona görə də diqqətli olmaq lazımdır. Fürsətdir, imkandır düşüb əlimizə ki, həyatımıza bir diqqət edək. Əgər bu ayda islah olunmasaq, bağışlanmasaq, deməli, təqsir özümüzdədir. Özümüzü düzəltməklə yanaşı, əxlaqımızı düzəltməklə yanaşı, digərlərinin də maariflənməsində iştirak etmək, onlarla da bildiklərimizi paylaşmaq lazımdır.
Allahım, bu mübarək ayı bizlərə tövbəli və bağışlanmış halda yaşamağı nəsib et. Allahım, Peyğəmbər (s) və onun pak Əhli-beytinə (ə) xatir, bizlərə bu ayın imkanlarından istifadə edə bilməyi nəsib et. Allahım, bütün xəstələrə şəfa inayət et. Allahım, xalqımızın bu Ramazan ayında mənəvi durumunu daha da rövnəqləndir.
Allahım, bu ayda bizlərə Sənin razılığına səbəb olan işləri nəsib et. Allahım, gözlərimizin, dillərimizin, qulaqlarımızın, qəlbimizin islahını nəsib et.
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof
İçərişəhər "Cümə" məscidinin imam-camaatı
Cəmiyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gözün, qulağın, dilin və qəlbin orucu
28 İyul 2012 19:05
0 Şərh
Baxış: 1 350
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
-
Xudayar son nəfəsində bu sözləri YAZIB - “Bu da…”
-
Bu yolda sürət həddi endirildi
-
NİİM bunun üçün 4 milyondan çox pul xərcləyəcək
-
Prezident İlham Əliyevin tapşırığı ilə İrana növbəti humanitar yardım çatıb - VİDEO - FOTO
-
Minalar və partlamamış sursatlar: Təhlükə, sosial təsirlər və bərpa işləri - TƏHLİL
XƏBƏR LENTİ
-
41 yaşlı müğənni ilk dəfə ana oldu - FOTO
-
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
-
Anasının sözlərindən sonra səhifəsini bağladı - FOTO
-
Tramp: İranın 48 saat vaxtı qalıb
-
Türkiyəli aktrisa Bakıda yol hərəkət qaydasını pozdu
-
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxs həbs edildi
-
“Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılacaq
-
Bu futbolçu “Qarabağ”ın heyətində 40-cı qolunu vurdu
-
Polisdən əməliyyat - Çoxlu sayda narkotik və silahlar tapıldı
-
Oğlunun toyunda başına daş düşən ata ÖLDÜ
-
Ərdoğanla Zelenski arasında görüş başladı
-
Xudayar son nəfəsində bu sözləri YAZIB - “Bu da…”
-
Hörmüz boğazından onlar keçəcək - SİYAHI
-
Mahmud Məmmədəliyevə yüksək vəzifə VERİLDİ
-
43 yaşlı bu qadın itkin düşüb
-
Sarkisyan seçkilərdə iştirak etməyəcək
-
Bu yolda sürət həddi endirildi
-
Baş nazir məmurları toplayıb, müşavirə keçirdi
-
İranda atom stansiyasında partlayış
-
NİİM bunun üçün 4 milyondan çox pul xərcləyəcək
-
Prezident İlham Əliyevin tapşırığı ilə İrana növbəti humanitar yardım çatıb - VİDEO - FOTO
-
Xalq artisti vəzifəsindən azad EDİLDİ
-
Türkiyədəki güclü zəlzələnin ANBAAN VİDEOsu
-
Özünü Ramiz Əzizbəylinin kürəkəni kimi təqdim edən şəxs TUTULDU





